Azərbaycan qarşıdakı mövsümdə hansı ölkələrdən turist gözləyir?
Dövlət Turizm Agentliyi (DTA) yeni nəsil koronavirus (COVID-19) pandemiyasını və regional məsələləri nəzərə alaraq yeni rəqabət şəraitində ənənəvi bazarlarla yanaşı digər bazarlarda da təbliğat və marketinq işlərini gücləndirməyə qərar verib.
Bunu açıqlamasında DTA-nın sədrinin müşaviri Kənan Quluzadə bildirib.
K.Quluzadənin sözlərinə görə, bir sıra ölkələrlə aviareyslərin sayının artırılması nəzərdə tutulur:
“Burada həm bizim milli aviadaşıyıcımızın, həm də həmin ölkələrə məxsus aviaşirkətlərin reyslərinin artırılmasından söhbət gedir. Bu baxımdan yay mövsümü üçün yeniliklər etməyi düşünürük.
Bizim nəzərdə tutduğumuz həmin bazarlar Yaxın Şərq və Cənubi Asiya regionudur. Əlbəttə ki, ənənəvi bazarlar yerindədir. Yaxın Şərq dedikdə əsas prioritetlərimiz İsrail, Səudiyyə Ərəbistanı, Qatar, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və digər ölkələrdir. Cənubi Asiya dedikdə isə Hindistan və Pakistanı nəzərdə tuturuq.
Hazırda uçuşlar mövcud olan bir sıra ölkələrə olan reyslərin sayının artırılması, həmçinin bəzi ölkələrə isə uçuşlara start verilməsi nəzərdə tutulur. Bu baxımdan Səudiyyə Ərəbistanına olan reyslərin 2 dəfə artırılması nəzərdə tutulur. BƏƏ-dən Azərbaycana hazırda həftədə 36 reys həyata keçirilir və biz bunun da artırılmasını planlaşdırırıq. Əsas məqsəd coğrafiyamızı genişləndirmək, artan rəqabət şəraitində davamlı inkişafı təmin etmək, pandemiyadan əvvəlki göstəricilərə yaxınlaşmaqdır”.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev isə hesab edir ki, ötən gün DTA ilə turizm sektorunun nümayəndələri arasında keçirilən görüş sektorun inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır:
“Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə təşkil edilən və 3 saatdan artıq davam edən görüşü tarixi görüş adlandırardım. Biz daha çox hədəfləri, dövlət-özəl sektoru əməkdaşlığını, ümumi problemlərin birgə həlli məsələlərini müzakirə etdik.
Bizə maraqlı olan məsələlərdən biri də xarici aviaşirkətlərin Azərbaycana uçuşuna şəraitin yaradılması, onların həvəsləndirilməsi, nümunəvi xidmət, “Turizm haqqında” Qanunun təsdiqindən sonra əməkdaşlıq imkanları və rəqabətqabiliyyətli məhsulların yaradılmasıdır. Ümid edirəm ki, bu dəyişikliklər ilin sonuna qədər bizim turizm statistikamızda da öz əksini tapacaq”.
Turizm üzrə ekspert Aqil Ağalarov isə hesab edir ki, Azərbaycanın pandemiyadan öncəki göstəriciləri bərpa etmək üçün imkanlar yaranıb və bu imkanlardan maksimum yararlanmaq lazımdır:
“Hazırda Hindistan və Pakistan kimi Asiya ölkələrindən Azərbaycana gələnlərin sayı artmaqdadır. Təbii ki, İrandan da ölkəmizə səfər edənlərin sayında artım müşahidə edirik. İranla yanaşı Rusiya və Türkiyədən gələnlərin də sayında kəskin artım var. Təbii ki, Rusiyanın Ukraynada apardığı müharibənin təsiri nəticəsində bu ölkədən də Azərbaycana axınların sayı artır.
Qeyd edək ki, ötən gün Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yay turizm mövsümü üzrə hazırlıqlarla bağlı turizm sənayesinin nümayəndələri ilə görüş keçirilib. Tədbirdə çıxış edən DTA-nın sədri Fuad Nağıyev bildirib ki, bu ilin yanvar-aprel aylarında Azərbaycana gələn turistlərin sayı 2 dəfə artıb.
O, həmçinin ölkəmizə uçuşların sayının artırılması, daha çox ölkə ilə vizasız gediş-gəliş, sərhədkeçmə prosedurlarının asanlaşdırılması kimi amillərin gəlmə turizmi üçün xüsusilə vacib olduğunu qeyd edib.
Görüşdə yay mövsümü üçün İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər kimi Yaxın Şərq ölkələri, eləcə də Hindistan və Pakistan kimi Asiya ölkələrinin hədəf ölkələr seçildiyi, bu ölkələr üzrə aktiv marketinq tədbirlərinin aparıldığı qeyd olunub. Bildirilib ki, hazırda İsraillə həftədə 7 dəfə, Səudiyyə Ərəbistanı ilə 13 dəfə, BƏƏ ilə 36 dəfə, Küveyt və Qətərlə isə 7 dəfə olan birbaşa uçuşların yay mövsümü üçün daha da artırılması planlaşdırılır./report.az