Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

 

Həkimlərin müşahidələrinə görə, 6 ayından təxminən 3-4 yaşına kimi olan uşaqların 10-20%-ndə yüksək hərarət (38 C-dən yuxarı) fonunda qıcolmalar baş verir.

Hərarətin yüksəlməsinin səbəbi soyuqdəymə, qripp, digər infeksion xəstəliklər və uşaq orqanizminin peyvəndə olan reaksiya ola bilər. Belə qıcolmalar febril qıcolmalar adlandırılır. Həkimlərin fikirinə görə, bu qıcolmaların səbəbi bu yaşda olan uşaqların sinir sisteminin natamam inkişafıdır.

Qıcolma zamanı uşağın bütün bədəni kəskin boşalır, uşaq huşunu itirir, ətrafdakılara reaksiya vermir və ya onun bədəni birdən gərginləşir, başı arxaya əyilir, ayaqları və qolları  dartınır. Uşaqda qeyri-iradi nəcis və sidik ifrazı ola bilər.

Adətən qıcolma 2-3 dəqiqə ərzində davam edir və müdaxiləsiz olaraq keçir. Belə qısa qıcolmalar adətən uşaqda heç bir ciddi xəstəliyə işarə etmir. Bir çox hallarda qıcolmalar bu uşaqda heç vaxt təkrarlanmır. Lakin hər bir halda belə qıcolma keçirmiş uşağı mütləq nevroloqa göstərmək lazımdır. Lazım olduqda həkim elektroensefaloqrammanı, qan analizlərini və s. təyin edə bilər. Adətən heç bir xüsusi müalicə tələb olunmur.

Xəstəlik zamanı belə uşaqlara qarşı daha diqqətli olmaq və hərarət 38 C-yə çatdıqda mütləq hərarətsalan dərman vermək lazımdır.

Əgər tutma daha uzun müddət ərzində (2-3 dəqiqədən artıq) davam edərsə, dərhal təcili tibbi yardım çağırmaq lazımdır! Uzunsürən qıcolmalar uşağın sağlamlığı və hətta həyatı üçün təhlükəli ola bilər.

Uzunsürən qıcolmalar hər hansı nevroloji xəstəliyinin simptomu ola bilər. Bu səbəbdən belə uşağı həkim-nevroloq daha dərin müayinə etməlidir (KT və ya MRT, əmgəyi açıq olan körpələrə neyrosonoqrafiya təyin oluna bilər). Belə qicolma epilepsiya xəstəliyinin əlaməti ola bilər. Əgər 5 yaşından yuxarı olan uşaqda yüksək hərarət fonunda qıcolma baş veribsə, bu da yaxşı əlamət sayılmır və bu halda da ciddi müayinə lazımdır.

Qıcolma zamanı ananın uşağa köməyi ondan ibarət ola bilər ki, ana uşağı düz yerə uzandırmalı və fikir verməlidir ki, uşaq özünü zədələməsin. Uşağın qollarını və ayaqlarını güclə düzəltmək, ağzına barmaq, çubuq və s. salmaq olmaz. Otağın pəncərəsini açın, hərarəti salmaq üçün uşağa hərarətsalan dərman verir. Hərarətsalan dərman şam şəklində olmalıdır. Bu vəziyyətdə olan uşağa maye və ya həb şəklində olan dərmanı vermək olmaz! Uşağın başını böyrü üstə çevirmək lazımdır ki, qusma baş verdikdə uşaq boğulmasın.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password