İƏT PA-nın Üçüncü Ümumi Konfransının iştirakçıları Fəxri Xiyabanı ziyarət etdi
Bu gün İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransının iştirakçıları Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyublar.
Ziyarət zamanı qurumun iştirakçılarını Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə təşkilatda nümayəndə heyətimizin üzvləri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, deputatlar Elnur Allahverdiyev, İltizam Yusifov və Könül Nurullayeva və digər rəsmi şəxslər müşayiət ediblər.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən konfrans iştirakçılarına Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransının iştirakçıları, həmçinin “Türk şəhidliyi” abidəsini ziyarət edib, önünə əklil qoyaraq türk şəhidlərinə ehtiramlarını bildiriblər.