Toylarda yeni üsul – “TOYPAY”dan istifadə qaydaları açıqlandı
Toylarda pul yığımını artıq elektronlaşdırılmış yeni üsulla həyata keçirən aparat barədə yayılan məlumatlar insanlar tərəfindən böyük maraqla qarşılanıb. Toy məclislərində ev sahibinin qarşılaşdığı çətinlikləri və qayğıları nəzərə alsaq, bu yenilik faydalı olacaq. Bundan öncə toya qədərki hazırlıqlar və toy məclisindən sonra hədiyyə ödənişi konvertlə salınırdı. Yığılan vəsaitin qeydiyyatını, haqq-hesabını aparmaq üçün isə ev yiyəsi ayrıca bir etibarlı adamına bu işi tapşırmalı olurdu və bəzən buna görə problem yaşanırdı. İndi isə bunu toy sahibinin əvəzinə terminal görəcək.
“TOYPAY” şirkətinin direktoru Elşən Quliyev açıqlamasında elektron terminallar və proqram təminatı ilə danışarkən bildirib ki, yeni elektron terminallar toy məclislərində hədiyyə ödənişlərin yığımını asanlaşdıran müasir üsuldur. O, bu ideyanı komandası ilə birgə, ev sahibinin toy boyu yaşadığı stressin qarşısını almaq üçün ərsəyə gətiriblər.
“”TOYPAY” şirkəti tərəfindən təqdim edilən bu xidmət şadlıq sarayı vasitəsilə toy sahiblərinə elektron terminalların icarəsini həyata keçirməyə imkan verir. Terminal seçimi könüllülük prinsipinə əsaslanır. Restoranlar belə bir aparatı bir toy üçün 200 manata kirayələyə bilər. Terminallar manatla yanaşı dollar və avro da qəbul edəcək”.
Şirkət rəhbəri bildirib ki, terminallarda aparılan əməliyyat üzrə heç bir faiz və ya komissiya haqqı nəzərdə tutulmur.
“Terminallar vasitəsilə ödəniş edildikdə heç bir vergi tətbiq olunmur və bu səbəbdən çeklər vasitəsilə ƏDV qaytarılmır. Başqa sözlə, bu gün qutulara vergi tətbiq edilmədiyi kimi terminala da tətbiq olunmur. Bu baxımdan, terminalın heç bir fərqi yoxdur. Amma gələcəkdə məsələ ilə bağlı hər hansı dəyişiklik olsa, biz də qanuna əsasən hərəkət edəcəyik”.
O, həmçinin əlavə edib ki, əgər bu terminallarla yalnız toyun keçirildiyi məkanda ödəniş etmək mümkün olacaqsa, şirkətin istifadəyə verəcəyi mobil tətbiq vasitəsilə toylara pulun yazılması prosesi nağdsız və məsafəli şəkildə də həyata keçiriləcək.
Qeyd edək ki, terminalların toy məclislərinin keçirildiyi toy zallarının foyesində yerləşdirilməsi nəzərdə tutulur. “Toypay” ilə pul yazdırmaq istəyən qonaq, terminalın ekranında dil seçimini edir, ad, soyadını və qeyd bölməsini doldurur, təbriklərini qeyd etdikdən sonra məbləği daxil edir və çek əldə edir. Bu anda ev yiyəsinə email ilə bildiriş göndərilir ki, filan şəxs sizin toyunuza bu məbləğdə (məsələn 200 AZN – red) pul yazdırdı. Toy bitdikdən sonra isə ev yiyəsi rahat bir şəkildə bütün məlumatları təhvil alır və artıq saymağa ehtiyac olmadan sonda nə qədər məbləğin toplandığını bilərək həmin məbləği terminalın seyfindən əldə edir. Əgər məclis zamanı kimsə “qız evi” olduğu təqdirdə yalnışlıqla “oğlan evi” bölməsini seçsə, toy sahibi tənzimləmələr bölməsindən həmin əməliyyatı asanlıqla redaktə edə bilər. Terminalın yaddaşında saxlanılan məlumatlar, yəni video-təbrik mesajları, toy məclisinin siyahıları məclis bitdikdən sonra yaddaş kartı vasitəsilə, həmçinin email vasitəsilə toy sahibinə təhvil verilir. Bundan sonra isə onların yaddaşı sıfırlanır və terminalda keçən toyla bağlı heç bir məlumat qalmır.