Ukraynanın Vətən müharibəsi – zaman işğalçıya işləmir, Amerikadan isə 40 milyardlıq dəstək…
Hər ötən gün Rusiya üçün canlı və maddi-texniki itkilər deməkdir, ABŞ Konqresi böyük yardım paketini təsdiqlədi, kəşfiyyat Putinin planlarını açıqladı; ekspert: “Yay ayları Ukrayna cəbhəsində çox qanlı döyüşlər gözlənilir…”Hər keçən gün Rusiyanı Ukraynada daha dərin bataqlığa sürükləyir. Bir şey dəqiqdir ki, artıq zaman Rusiyaya işləmir. Ən azı ona görə ki, hər bir ötən gün, həftə Rusiya üçün geridönməz canlı və maddi-texniki itkilər deməkdir.
Ukrayna üçün artıq belə problem yoxdur. Çünki Qərb, NATO, Avropa Birliyi bütünlüklə onun arxasında olduğundan, nə silah, nə də maliyyə qıtlığı yaşayır. Yüksək mübarizə əzmi də öz yerində… Odur ki, Putin üçün seçim getdikcə qəlizləşməkdədir.
Bu arada ABŞ-ın Milli Kəşfiyyatı Ukrayna böhranının həlli üçün hələ də “məqbul danışıq yolu” görmədiyini bəyan edib. Bu barədə kəşfiyyat direktoru Avril Haynes Konqresin dinləmələrində bildirib. Onun sözlərinə görə, ABŞ Milli Kəşfiyyatı gələn ay və ya qarşıdakı iki ay ərzində həlledici döyüşlər olacağını proqnozlaşdırır: “Vəziyyət gözlənilməz və gərginləşən trayektoriya üzrə inkişaf edir”.
Haynes habelə qeyd edib ki, Rusiyanın Donbasdakı qələbəsi müharibəni bitirməyəcək. Eyni zamanda o, Vladimir Putinin Ukraynada uzunmüddətli münaqişəyə hazırlaşdığını ehtimal edib. Kəşfiyyat direktoru əlavə edib ki, Rusiyanın Moldovanın Dnestryanı bölgəsinə quru körpüsünü genişləndirmək istədiyinin əlamətləri var: “Çünki Putin öz ambisiyaları ilə Rusiya ordusunun hazırkı imkanları arasında uyğunsuzluqla üzləşib. Bu vəziyyət Vladimir Putinin daha sərt tədbirlər görəcəyi ehtimalını artıra bilər. O cümlədən hərbi vəziyyət, sənaye istehsalının istiqamətinin dəyişdirilməsi və ya potensial olaraq hərbi əməliyyatların eskalasiyası”.
Mayın 11-də isə ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya ümumilikdə təxminən 40 milyard dollarlıq dəstəyi nəzərdə tutan genişmiqyaslı yardım paketini təsdiqlədi. Bu da azmış kimi, prezident Bayden “Len-Liz” qanununu imzalayıb və Ukraynaya hərbi yardımlar heç bir iyerarxik mərhələdən keçmədən dövlət liderinin sərəncamı ilə ayrılacaq. ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəhbəri Skott Berryer isə deyib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi dalana dirənib. O bildirib ki, hələlik silahlı münaqişə tərəflərindən heç birinin döyüş meydanında yekun üstünlüyü yoxdur: “Ruslar qalib gəlmir, amma ukraynalılar da qalib gəlmir”.
“Vaşinqton Post” yazır ki, müharibə Putinin istədiyi kimi getmir: “Ona görə də o, qoşunlarını tamamilə məhv olmaqdan xilas etmək üçün Kiyev ətrafından geri çəkdi. Putin qoşunlarını Ukraynanın şərqində toplamağa başladı. O, Donbasda kiçik bir qələbə qazanmaq üçün qumar oynadı, lakin bu da uğurlu olmadı”. “Rusiya Avropada müharibə istəmir. Lakin Qərb dövlətləri daim Moskvanın “məğlub edilməli” olduğunu söyləyirlər”. Bunu isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. “Avropada müharibənin baş verməsi sizi narahat edirsə, biz bunu qətiyyən istəmirik. Lakin mən diqqətinizi ona yönəldirəm ki, Qərb dövlətləri daim təkidlə bəyan edirlər ki, “bu vəziyyətdə Rusiya məğlubiyyətə uğradılmalıdır”. Özünüz nəticə çıxarın”, – deyə Rusiya XİN başçısı vurğulayıb. Bəs Putin üçün bu müharibədən çıxmağın ən optimal yolu hansı qalıb? Rusiya 40 milyardlıq dəstək alan Ukrayna ilə savaşı hara qədər davam etdirmək niyyətindədir? Ruslar dayansa, Qərb də döyüşləri dayandıracaqmı?
Siyasi şərhçi Şahin Cəfərlinin sözlərinə görə, ABŞ Ukraynanın müdafiəsinə yatırım qoymaqla bərabər, bu iş üçün öz prestijini də ortaya qoyur: “Belə bir şəraitdə Ukraynanın məğlubiyyəti mümkün deyil. Boris Conson da “Ukraynanın qələbəsinə heç bugünkü qədər əmin deyildim”, – dedi. Bu cür bəyanatlar təsadüfən ağızdan çıxmır, konkret məlumatlara və qərarlara əsaslanır. Yeri gəlmişkən, Böyük Britaniya hökuməti də öz növbəsində Ukraynaya 1,6 milyard dollar hərbi yardım ayırıb. Lakin hansı nəticə qələbə sayılacaq: rus ordusunu 24 fevraldan əvvəlki mövqelərə qədər sıxışdırmaq, yoxsa Krım və Donbası da geri qaytarmaq? Buna artıq Ukrayna qərar verəcək. Yay ayları Ukrayna cəbhəsində çox qanlı döyüşlər gözlənilir…”
Siyasi ekspert Ramiyə Məmmədova Konqresin 40 milyardlıq yardım paketini ciddi hadisə hesab edir. Analitikin sözlərinə görə, müharibənin daha da alovlanmasına xidmət edəcək bu faktor döyüşlərin ömrünü uzadacaq. Ekspert ABŞ və Britaniyanın Rusiyanı diz çökdürmək və ona məğlubiyyət hissi yaşatmaq istədiklərini düşünür: “Avropa Birliyində olmayan ingilislər və amerikalılar – anqlosaksonlar ruslara qalib gəlmək üçün bütün güclərini səfərbər etməyə hazırdırlar. Avropa Birliyi ölkələri də sanksiyalara qoşulur, hərbi yardımlar edir, amma bu iki dövlət qədər Ukraynaya güclü dəstək vermirlər. Ona görə biz proseslərdə London və Vaşinqtonun xüsusi iştirakını görürük. Ancaq Rusiyanı dayandıran heç bir fakt baş vermir. Bundan sonra əks-hücum əməliyyatları baş versə, rus qoşunları geriyə addımlamalı olsalar, o zaman müəyyən nəticələr çıxarmaq olar”.
Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin fikrincə, Ukraynada baş verən hadisələr ABŞ-ın imperatorluğunu qorumaq və hüdudlarını genişləndirmək planının tərkib hissəsindən qaynaqlanır: “ABŞ imperiyanı qorumaq üçün NATO blokundan mühafizə səpəri kimi istifadə etməkdədir. Yəni Avropa Birliyi son on illikdə ABŞ-ın nəzarət sferasından uzaqlaşmaq istiqamətində fəaliyyət göstərirdi, həm siyasi, həm iqtisadi, həm də maliyyə cəhətdən tam müstəqillik əldə etmək sahəsində fəaliyyət göstərirdi. Birliyin müstəqil olması ABŞ imperiyasına təhlükədir. Bu baxımdan ABŞ, Rusiya-Ukrayna münaqişəsini başlatmaqla Avropanı öz təsir dairəsində saxladı, eyni zamanda imperatorluğun genişlənməsinə mane olan Rusiyanı zəiflətmək kimi böyük sanksiya layihələrini işə saldı. Rusiya-Ukrayna münaqişəsinin başlaması ilə Avropa Birliyində iqtisadi böhran getdikcə böyüməkdədir, bu da avronun dollara nisbətən sürətlə dəyərdən düşməsinə səbəb olur”./musavat.com