Pensiya yaşı ilə bağlı inanılmaz faktlar: “Məzarlığa baxsanız…”– Deputat
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli sualları cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
– Əli müəllim, məlum olduğu kimi, “Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik edilməsi barədə layihə Milli Məclisdə aktual müzakirə olunur. Əsasən pensiya yaşının azaldılması ilə bağlı fərqli təkliflər var. Sizcə, pensiya yaşının azaldılması məsələsində həm hökuməti, həm də əhalini razı salan ədaləti model necə olmalıdır?
– Pensiya yaşının kişi və qadınlar üçün 65 yaşa qaldırılmasını əsaslandırmağa çalışanda hökumət nümayəndələrinin gətirdiyi əsas arqumentlərdən biri budur ki, Azərbaycan uzunömürlülər diyarıdır. Azərbaycan nə vaxtsa uzunömürlülər diyarı olub, amma indi deyil. Uzunömürlülər diyarı Yaponiya, Avropanın inkişaf etmiş ölkələri və bir sıra digər ölkələrdir ki, orada orta ömür uzunluğu 80 yaşın üstündədir. Rəsmi statistikada Azərbaycanda orta ömür uzunluğunun 76 il olduğu göstərilir, indi 73 yaş götürülür. Amma ictimai rəy bu rəqəmi də qəbul etmir ki, 70 yaşdan çox yaşayanların sayı azalır.
Gətirilən ikinci arqument bundan ibarətdir ki, Azərbaycanda vətəndaş təqaüdə çıxdıqdan sonra beynəlxalq standartlara uyğun olaraq əsasən 12 il və ondan da çox müddətdə pensiya alır. Əslində isə görünən odur ki, yaşlı əhalinin bir hissəsi pensiya yaşına çatmamış, digər hissəsi pensiya almağa başlayandan bir neçə il sonra dünyasını dəyişir və ona görə də 12 ildən çox pensiya alanların sayı xeyli azalıb. Bu baxımdan rəsmi statistikanın nə deməsi öz yerində…
Amma Azərbaycanda ölüm sayının artması ilə yanaşı, ölüm yaşının da aşağı düşdüyünü, necə deyərlər, ölümün cavanlaşdığını söyləmək olar. İnsanların xeyli hissəsinin pensiya yaşına qədər və ondan bir neçə il sonra dünyasını dəyişdiyini əyani şəkildə görməkdən ötrü qəbiristanlıqlardakı baş daşlarında mərhumların doğum və ölüm tarixinə baxmaq kifayətdir. Bu sahədəki araşdırmalar göstərir ki, dünyasını dəyişənlərin hər 4 nəfərindən 3-ü 70 yaşa qədər və yalnız hər 4 nəfərdən 1-i 70 ildən yuxarı yaşda dünyasını dəyişir.
Dünyasını dəyişənlərin içərisində ən böyük xüsusi çəkiyə malik olanlar isə 50-70 yaş arasında olan vətəndaşlarımızdır.
Azərbaycanda orta ömür uzunluğu aşağı, pensiyaya yaşı isə yuxarıdır. Pensiya yaşının artması nəticəsində əgər əvvəllər yaşa görə pensiya alanların sayı artırdısa, son 10 ildə 10 faizə yaxın azalıb. Belə ki, yaşa görə pensiya alanların sayı 700 min nəfərin ətrafına enib ki, bu da 1994-cü il səviyyəsindən də aşağı bir göstəricidir.
İctimai rəy Azərbaycanda pensiya yaşının kəskin surətdə aşağı salınması, hətta 50 yaşadək azaldılması üzərində köklənib. Amma beynəlxalq praktikada 50 yaş ümumi pensiya yaşı kimi yox, güzəştlı kateqoriyaya aid insanların pensiya yaşı azaldılanda tətbiq edilir. Ötən əsrin 90-cı illərinin əvvəllərinə qədər Azərbaycanda pensiya yaşı kişilər üçün 60, qadınlar üçün isə 55 olub. İndi beynəlxalq praktikada belə yaş həddi Çində, Vyetnamda, Özbəkistanda və sair azsaylı ölkələrdə qalıb.
Orta ömür uzunluğu bir qədər aşağı-yuxarı olmaqla Azərbaycana daha çox uyğun gələn MDB ölkələrində, məsələn, Rusiyada pensiya yaşı kişilər üçün 60, qadınlar üçün 55 idi. Bu il Rusiyada pensiya yaşı kişilər üçün 61,5, qadınlar üçün isə 56,5-dir. 2019-cu ildən başlayaraq orada da pensiya yaşı qarşıdakı 10 ildə, yəni 2019-cu ildən 2028-ci ilədək, hər il 6 ay artırılmaqla kişilər üçün 65, qadınlar üçün isə 60-a çatdırılacaq.
Pensiya yaşı Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 60, Belarusda müvafiq surətdə 63 və 58, Moldovada 63 və 59, Gürcüstanda 65 və 60, Türkmənistanda 62 və 57, Qırğızıstanda 63 və 58 yaşdır.
Pensiya yaşı müəyyənləşəndə orta ömür uzunluğu göstəricisi ilə yanaşı sağlam ömür uzunluğu göstəricisi də nəzərə alınmalıdır. Son illər insanların ömür uzunluğu ilə yanaşı sağlam ömür uzunluğu göstəricisi də aşağı düşməyə başlayıb.
Beləliklə, qeyd etdiklərimizlə bağlı yaranan mənzərə ondan ibarətdir ki, Azərbaycanda pensiya yaşı əhalinin real orta ömür səviyyəsinə görə xeyli yüksəkdir. Bizdə orta ömür rəsmən elan edildiyi 76 yaşdan xeyli aşağıdır. Həmin rəqəmdən çıxış edilməsi xeyli insanın pensiya hüququnu məhdudlaşdırır.
Ona görə də gətirdiyimiz rəqəmlərdən, eləcə də orta ömür uzunluğu və digər göstəricilərə görə bir qədər aşağı-yuxarı olmaqla bizə daha yaxın olan MDB ölkələrində pensiya yaşının orta səviyyəsindən çıxış edərək Azərbaycanda pensiya yaşının kişilər və qadınlar üçün 65 yaşa çatdırılmasını düzgün hesab etmirik.
Hazırkı reallıqlar şəraitində ölkəmizdə pensiya yaşının kişilər üçün 65-dən 63-ə, qadınlar üçün isə 60 yaşa endirilməsini optimal variant hesab etmək, həm də ictimai rəyi nəzərə almaqla kişilər üçün 65-dən 62-63-ə, qadınlar üçün isə 58-60 yaşa endirilməsi məsələsinin ictimai müzakirələrinin başlamasını zəruri hesab edirik.
– Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, cari ilin mart ayında Azərbaycanda yaşa görə pensiya alanların ümumi sayı 708 min nəfərdən çox olub. Bu da ümumi əhali sayının çox az faizini təşkil edir. Bu baxımdan demək olarmı ki, pensiya yaşının azaldılması dövlət büdcəsi üçün əlavə yük formalaşdırmır?
– Qeyd etdiyimiz kimi, 1990-cı ildən bu yana keçən 30 ildən artıq bir dövr ərzində Azərbaycanda orta ömür uzunluğu 2 yaş, o cümlədən kişilər üçün 3 yaş, qadınlar üçün 1,7 yaş artdığı halda, pensiya yaşı kişilər üçün 5, qadınlar üçün isə 7 yaş artıb.
Bu artım qadınlarda fərqin 10 yaşa çatanadək davam edəcək. Azərbaycanda orta ömür uzunluğu aşağı, pensiyaya yaşı isə yuxarıdır. Pensiya yaşının artması nəticəsində əgər əvvəllər yaşa görə pensiya alanların sayı artırdısa, son 10 ildə 10 faizə yaxın azalıb ki, bu da Azərbaycan əhalisinin 7 faizinin altına düşən bir göstərici olmaqla, 1994-cü il səviyyəsindən də aşağı bir göstəricidir. Bu baxımdan pensiya yaşının azaldılması təbii olaraq müəyyən əlavə vəsait tələb etsə də, dövlət büdcəsi üçün elə də böyük yük yaratmaz.
– Yeni pensiya konsepsiyasında çoxuşaqlı ailələrlə bağlı müddəa da öz əksini tapır. Belə ki, beş və daha çox uşaq dünyaya gətirən analarla yanaşı, atalar da tez pensiyaya çıxmaq hüququ əldə edəcəklər. Etiraf etməliyik ki, günümüzün reallığında 5 uşaqlı ailələr barmaqla sayılacaq qədərdir. Sizcə, qanuna yeni dəyişiklikdə uşaq sayının beşdən üçə, hətta ikiyə endirmək doğru olmazmı?
– “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərdə 5 və daha çox uşaq dünyaya gətirib böyüdən qadınlar, eyni zamanda 5 və daha çox uşağı qəyyumluğa götürən atalar, yaxud 5 və daha artıq uşağı, ana vəfat edərsə, yaxud boşanarsa, saxlayan atalar güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ əldə edirlər. Bu dəyişiklikdə o da nəzərə alınmalıdır ki, artıq Azərbaycanda demoqrafik vəziyyət xeyli dəyişib. Ona görə də çoxuşaqlı analara yeni yanaşma tələb olunur. Çünki ölkəmizdə ailələrin əksəriyyəti 1-2 uşaqlıdır. Beşdən çox uşağı olan ailələr isə çox azdır.
Ona görə də bu məsələ Milli Məclisdə müzakirə olunanda biz “çoxuşaqlı ana” anlayışına yenidən baxılmasını və qanunvericilikdə müvafiq dəyişiklik edib, 3 və daha çox uşağı olan analara “çoxuşaqlı ana” statusu verilməsini təklif etdik. Bildirdik ki, pensiya güzəşti 3 və daha çox uşağı olan analara şamil edilməlidir.
Bu məsələnin atalara aid hissəsinə münasibətdə isə onu demək lazımdır ki, yeni qaydaya görə atanın pensiya yaşı 5 il o şərtlə azaldıla bilər ki, həmin ata 5 və daha çox uşağı təkbaşına böyütsün. Real həyatda ata üçün 5 və daha çox uşağı təkbaşına böyütmək çox nadir hallarda, məsələn, həmin uşaqların nənəsi varsa, ağırlığı öz üzərinə götürəndə alına bilər. Qalan hallarda həmin dəyişiklik işlək olmayacaq.
– Mövcud qanunvericiliyə görə, güzəştli qruplar istisna olunmaqla pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da 28.800 manat minimum pensiya kapitalı olmalıdır. Hazırda əmək müqaviləsi ilə çalışanların sayının qənaətbəxş olduğunu demək olmaz. Günəmuzd işləyənlərin gələcəkdə pensiya təminatı məsələsi həllini necə tapmalıdır? Pensiyaya çıxmaq şərtlərinin yumşaldılmasına ehtiyac varmı?
– Bəli, 2017-ci ildən pensiyaya çıxmaq şərtləri çox sərtləşdirilib, yumşaltmaq lazımdır. Sizin qaldırdığınız məsələ çox ağrılı məsələdir. Xeyli insan var ki, 25 ildən çox iş stajı var, amma günəmuzd işlədiyindən və onun sosial sığortaya ödənişi olmadığından və ya həmin 25 ilin bir hissəsində, yəni çox az illər üzrə olduğundan, gələcəkdə pensiya ala bilməyəcək.
Ölkələrin əksəriyyətində bir pensiyaçıya 2-3-4 işləyən düşdüyü halda, bizdə bir pensiyaçıya təqribən bir işləyən düşür. Bu çox ciddi problemdir. Müqavilə münasibətlərini inkişaf etdirmək, dairəsini genişləndirmək lazımdır. Müqavilə üzrə işləyənlərin dairəsini genişlndirməkdən ötrü isə yaxşı maaşlı real iş yerləri olmalıdır. Çünki pensiya şərtləri çox sərt olduğundan, müqavilə üzrə işləyib aşağı maaş alanlar da, 400-500 manatlıq pensiya yox, 180 manatlıq qocalıq müavinəti ala biləcəklər.
Məsələn, rəsmi statistikaya görə, ölkə üzrə orta nominal əmək haqqı 770 manata yaxındır. Amma işləyənlərin yarısı median əmək haqqı səviyyəsində, yəni 343 manat məbləğində (bu məbləğ bu il bir qədər artıb) əmək haqqı alır ki, həmin səviyyədə əmək haqqı ilə vətəndaş pensiya hüququ əldə edə bilməyəcək.
Dünyada hər 1000 nəfərdən 900-ü muzdlu əmək xətti ilə müqavilə münasibətləri əsasında pensiya alır. Azərbaycanda müqavilə əsasında çalışanların göstəricisi hər 1000 nəfərdən 300 ətrafında, Bakıda bundan 2 dəfə yüksəkdir. Şəki, Zaqatala regionuna daxil rayonların çoxunda isə 300 nəfərdən də azdır. Azərbaycanda xüsusən də regionlarda iş tapa bilməyənlərin xeyli hissəsi əvvəlcə Bakıya, burada iş tapmayanda isə xarici ölkələrə, daha çox Rusiya və Türkiyəyə üz tuturlar.
“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” var. Həmin müqaviləyə görə, Rusiyada yaşayan və əmək miqrantları kimi qeydiyyata düşüb çalışan vətəndaşlarımız ölkəmizə geri dönən zaman orada işlədiklərini və sığorta ödənişi etdiklərini təsdiqləyən sənədləri də təqdim etmək şərti ilə Azərbaycana dönsə, bu zaman pensiya yaşı tamam olanda pensiyaya çıxmaq hüququ əldə edəcək.
Sadəcə həmin vəziyyətdə olan insanlar bunu bilməli və sənədləşmə məsələsinə laqeyd olmamalıdırlar ki, pensiya təminatı hüququ əldə edə bilsinlər. Amma Rusiya-Ukrayna müharibəsi həmin ölkələrdə yaşayan soydaşlarımızın çoxunun fəaliyyətinə xeyli problemlər yaradıb./teleqraf.com