Yerevanın Bakıya “əlbəəl” verdiyi sənəd: 6 bənddə nə var?

 

Aprelin 6-da Brüsseldə keçirilən üçtərəfli görüşdə Yerevan Bakıya həm də “əlbəəl” 6 bənddən ibarət sənəd verib və bu sənədə Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının müdafiəsi, habelə Dağlıq Qarabağın yekun statusu məsələsi daxildir.

Bunu mayın 10-da Armenpress agentliyinin sualına cavabında Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan deyib.

Marukyan vurğulayıb ki, erməni tərəfi sülh müqaviləsinə dair danışıqlara “iki gündəlik” əsasında başlanmasını təklif edib. Marukyanın sözlərinə görə Azərbaycan tərəfi bu təkliflə razılaşıb və bundan sonra sülh müqaviləsinin bağlanması üçün danışıqların başlanmasına dair razılaşma əldə olunub.

Mayın 10-da Azərbaycanın xarici işlər naziri Ceyhum Bayramov deyib ki, Azərbaycan tərəfi hələ fevral ayında Ermənistana sülh müqaviləsinin beş baza prinsipinə dair sənəd vermişdi. Onun sözlərinə görə “Ermənistan bu prinsipləri məqbul saymadığını bildirib”.

Yerevanın hansı təklifləri verdiyini açıqlamayan Bayramov deyib ki, “Ermənistan tərəfindən verilmiş sənədi təklif adlandrımaq olmaz”.

Azatutyunun yazdığına görə rəsmi Yerevan bəyan edib ki, Bakının verdiyi təkliflərdə əslində məqbul olmayan heç nə yoxdur. Bundan sonra Yerevanın Bakıya cavabından danışan Ermənistan xarici işlər naziri bəyan edib ki, erməni tərəfi üçün “prinsipial və əsas məsələ Dağlıq Qarabağ ermənilərinin hüquq və azadlığının dəqiq təminatı və Dağlıq Qarabağın yekun statusunun dəqiqləşdirilməsidir”.

Mayın 10-da Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov jurnalistlərin suallarını cavablandırarkən sülh danışıqları ilə bağlı onların beş təklifinə Ermənistanın altı təkliflə cavab verməsinə münasibət bildirib. O vurğulayıb ki, sənədə baxdıqda buna təklif demək olmaz. Onun qeyd etməsinə görə, həmin sənəd təqdim olunan zaman Ermənistan tərəfi bunu Azərbaycanın təkliflərinə reaksiya kimi bildirmişdi.

Nazir vurğulayıb ki, həmin altı bənddən biri Azərbaycan tərəfinin 21 fevral tarixli baza prinsiplərini nəyə görə Ermənistana martın əvvəlində təqdim etməsi sualından ibarətdir. Onun əlavə etməsinə görə, növbəti bənd ondan ibarətdir ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları yoxdur: “Hələ 1992-ci ildə Azərbaycan və Ermənistan Müstəqil Dövlətlər Birliyinə üzv olarkən bir-birinin ərazi bütövlüyünü tanıyıb. Bu, müəyyən mənada Azərbaycanın təqdim etdiyi baza prinsipinin təkrarlanmasıdır”.

C.Bayramov bildirib ki, daha bir bənddə ölkə liderləri arasında imzalanan üçtərəfli bəyanatların icrasının vacibliyi qeyd olunur: “Bu da sual doğuran məqam deyil. Növbəti bənd də ondan ibarətdir ki, Ermənistan tərəfi danışıqlara hazırdır və bu danışıqların təşkili üçün Minsk qrupunun həmsədrlərinə müraciət edir”. Nazirin vurğulamasına görə, bu, o zaman baş verir ki, Ukrayna hadisələri fonunda Minsk qrupunun həmsədrləri arasında heç bir əlaqə mövcud deyil: “Demək olar ki, bu qrup iflic vəziyyətdədir”.

Bu günlər Ermənistan rəsmiləri də irəli sürdükləri altı təkliflə bağlı açıqlamalar veriblər. Onlar hesab edirlər ki, iki ölkənin bir-birlərinin ərazi bütövlüyü və suverenliyini tanıması ilə iş bitmir.

Ermənistan rəsmilərinin fikrincə, uzunmüddətli sülhdən ötrü bütün problemlərə toxunulmalıdır. Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan da deyib ki, “erməni tərəfi üçün Artsax (Dağlıq Qarabağ – red.) ermənilərinin hüquq və azadlıqlarının birmənalı şəkildə təmin olunması, onun statusunun isə daha yüksək səviyyədə təmin olunması vacibdir”.

Azərbaycan isə bundan öncə, martın əvvəllərində Ermənistanla danışıqlarla bağlı qarşı tərəfə beş baza prinsipi təqdim etdiyini açıqlamışdı. Onlar dövlətlərin bir-birlərinin suverenliyini, ərazi bütövlüyünü, siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımaq, sərhədləri müəyyən etmək və nəqliyyat əlaqələrini bərpa etməklə bağlı olub.

Ermənistan isə, öz növbəsində, Azərbaycanın yeni təklifinə cavabında sülh danışıqları üçün beynəlxalq vasitəçilik istəmişdi./azadliq.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password