Zaman Heydər Əliyevin Bakı ilə bağlı uzaqgörən planlarının perspektivli olduğunu bir daha sübut etdi
Bildiyimiz kimi, 10 may bizim üçün, Azərbaycan xalqı üçün unudulmaz bir tarixdir. Ona görə ki, ümummilli liderimiz, Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyev məhz həmin gün dünyaya gəlmişdir. Azərbaycan xalqı qədim tarixə, dərin milli-mədəni və mənəvi irsə, eləcə də böyük dövlətçilik ənənələrinə malik bir xalqdır. Müasir Azərbaycanın tarixində isə ümummilli lider Heydər Əliyevin xüsusi rolu vardır. Milli dövlətçiliyimizin qurucusu, xilaskarlıq missiyasını həyata keçirmiş qüdrətli şəxsiyyət, dövlət müstəqilliyinin banisi olaraq Heydər Əliyev cəmiyyət həyatının bütün sahələrini əhatə edən əvəzsiz xidmətləri ilə adını Azərbaycan dövlətinin tarixinə əbədi olaraq həkk etmişdir.
Məlum olduğu kimi, xalqımızın son otuz illik tarixi məhz Heydər Əliyev kimi böyük bir şəxsiyyətin adı ilə bağlı olmuşdur. Hələ 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının birinci katibi vəzifəsinə təyin olunmuş Heydər Əliyev tez bir zamanda öz gərgin əməyi sayəsində Azərbaycan Respublikasını digər SSRİ respublikaları arasında önə çıxarmışdır. Hakimiyyətinin ilk illərindən etibarən daim öz qayğısını xalqdan əsirgəməmiş, istər birinci katib olarkən, istərsə də ondan sonra İttifaq səviyyəli vəzifələrdə çalışarkən, Azərbaycan xalqını, onun maraq və mənafeyini bütün maraqlardan üstün tutan Heydər Əliyev dəfələrlə öz sinəsini sipər kimi qabağa verərək xalqımızın və dövlətimizin əleyhinə qərar qəbul edilməsinə mane olmuş, mötəbər tribunalardan dəyərli, tutarlı və kəskin fikirləri ilə düşmənləri yerində oturtmuşdur.
Onu da unutmaq olmaz ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyi bir-birindən ciddi surətdə fərqlənən iki müxtəlif sistemə – sosializm və demokratik cəmiyyət dövrünə təsadüf edir. Hər iki sistemdə ölkəyə uzun illər rəhbərlik etmiş dahi Heydər Əliyev istər sosializm, istərsə də bazar iqtisadiyyatı şəraitində Azərbaycan Respublikasını ağır böhran vəziyyətində qəbul etmişdir. Eyni zamanda, hər iki sistemdə tezliklə böhran aradan qaldırılmış və sürətli tərəqqiyə nail olunmuşdur. Bütün bunlar isə belə bir haqlı sual doğurur: bu uğurları ölkəmizə bəxş edən hansı amillər və səbəblərdir? Təbii ki, bu suala müxtəlif cavablar verilə bilər, amma ölkəyə uğur gətirən başlıca amilin ümummilli lider Heydər Əliyevin islahatçılıq məharəti və yüksək idarəçilik keyfiyyətləri olması danılmazdır.
1993-2003-cü illərdə Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizdə həyata keçirilən siyasət iqtisadi islahatların və inkişafın Azərbaycan modelinin formalaşmasına zəmin yaratmışdır. Ulu öndərin iqtisadi irsinə əsaslanan bu modelin əsas xüsusiyyətləri iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə alan strateji qərarların qəbul edilməsi, inkişaf üzrə müəyyən edilən istiqamətlərin sahəvi proqramlarla əlaqələndirilməsi, sosialyönümlülük, beynəlxalq təcrübəyə arxalanma, milli mentalitetin nəzərə alınmasıdır. Müdrik xalqımızın XX əsrdə dünya siyasi arenasına bəxş etdiyi nadir şəxsiyyət kimi Ümummilli Liderlik zirvəsinə ucalmış Heydər Əliyev bu gün həm də müstəqil respublikamızın milli inkişaf modelinin banisi kimi ehtiramla xatırlanır.
Müasir Azərbaycan dövlətinin qurucusu, xalqının və dövlətinin inkişafı naminə əvəzsiz işlər görmüş Ümümmilli lider Heydər Əliyev hər zaman qurur hissi ilə xatırlayacağımız dahi bir şəxsiyyətdir. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan bir şəxsiyyətdir. Azərbaycan tarixinin ən ağır zamanında – 1993-cü ilin iyun ayından etibarən ikinci dəfə respublika rəhbərliyinə qayıdan Ulu öndər bu dövrdən başlayaraq ölkədə baş verən proseslərin və həyata keçirilən islahatların bütün istiqamətlərinin təşkilatçısı olmuşdur. İslahatların həyata keçirilməsində hər bir sahəyə məxsus olan spesifik xüsusiyyətləri nəzərə alan Ümumilli lider bu islahatların son nəticə etibarilə sosialyönümlü olmasının hədəf kimi seçilməsini xüsusilə zəruri hesab edirdi. Bu yanaşma eyni zamanda Azərbaycanda həyata keçirilən islahatların əsas meyarı kimi istehsalın səmərəliliyinin yüksəldilməsi və bu əsasda xalqın həyat səviyyəsinin yüksəldilməsində özünü büruzə verən sosialyönümlü bazar iqtisadiyyatı modelinə üstünlük verilməsini bir daha sübut edir.
Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illər respublikamızda nəinki iqtisadi yüksəliş, eyni zamanda, yaşıllaşdırma və abadlaşdırılma işləri ilə, yeni yaşayış məskənlərinin tikilməsi, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması və insanların məişət mədəniyyətinin yüksəldilməsi dövrü kimi də xalqın yaddaşındadır. Bu, ondan irəli gəlir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi həmin illərdə istər kənd yerlərində, istərsə də paytaxt Bakı başda olmaqla digər şəhərlərdə əhalinin böyük hissəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılmış, yeni yaşayış massivləri tikilmiş, fərdi evlərin sayı çoxalmış, minlərlə insanın maddi rifahı və sosial şəraiti yaxşılaşmışdır. Onun yorulmaz və məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmizin bütün ərazisi başdan-başa quruculuq meydanına çevrildi. 1993-2003-cü illər ərzində Heydər Əliyev tərəfindən Azərbaycanda quruculuq, abadlaşdırma və sosial-ekoloji problemlərin həlli istiqamətində həyata keçirilən kompleks tədbirlər nəticədə əhalinin sosial şəraitinin yüksəlməsində öz əksini tapmışdır.
Əhalinin məişət mədəniyyətinin yüksəldilməsində şəhərsalmanın əhəmiyyətini yüksək qiymətləndirən Ulu öndər Azərbaycana rəhbərlik etdiyi ilk günlərindən Bakı, kimi iri sənaye şəhərində şəhərsalmanın planlı şəkildə və elmi əsaslarla aparılmasına ciddi fikir verirdi. Heydər Əliyev şəhərsalma məsələlərindən danışaraq bu sahədə Bakıda xeyli işlərin görüldüyünü xüsusi qeyd edirdi. O, şəhərsalmanın elmi əsaslarla planlaşdırılması və tikinti işlərinin davam etdirilməsinin paytaxt üçün mühüm məsələ olduğunu xüsusi vurğulayırdı.
1996-cı ildə Heydər Əliyevin Bakıda Beynəlxalq Bankın yeni binasının açılışı mərasimində çıxışı zamanı səsləndirdiyi bu sözlər Onun vətənə hədsiz məhəbbətini, işinə münasibətini, quruculuq və yaradıcılıq həvəsini çox gözəl əks etdirir: “Mən şəhərin hər bir daşını, hər bir küçəsini, binasını özüm üçün doğma hesab edirəm. Əgər hər kəs millətini, şəhərini, Vətənini və paytaxtımız olan Bakını sevirsə, belə hissiyyatla yaşamalıdır”.
Heydər Əliyev yeni tikilən binalarda milli memarlıq formalarına geniş yer verməyi, binaların interyer və və xarici görünüşlərində milli naxışlardan səmərəli istifadə etməyi tövsiyə etmişdir ki, bu da Ulu öndərin milli tariximizə, mədəniyyətimizə dərin məhəbbətini göstərən amillərdəndir. O, bildirirdi ki, inşa edilən ansambllar və ayrı-ayrı tikililər Bakının sabahıdır və bunlar gələcək nəsillərimizi də sevindirməlidir. Zaman Heydər Əliyevin şəhərsalma ilə bağlı olan müdrik və uzaqgörən siyasətinin düzgün perspektivli olduğunu bir daha sübut etdi. Hazırda Bakının bir çox yerlərində müasir layihələr əsasında tikilən çoxsaylı hündürmərtəbəli yaşayış evlərinin və ictimai binaların şəhərə yaraşıq verməsi, bütövlükdə paytaxtda aparılan geniş abadlıq işlərinin nəticələri dahi rəhbərin həmin illərdə irəli sürdüyü təşəbbüslərin uğurla həyata keçdiyini göstərən faktlardır.
Ümummilli lider Heydər Əliyevin mükəmməl əsəri olan Azərbaycan modeli ilk növbədə ölkə vətəndaşlarının sosial rifahı səviyyəsinin yüksəldilməsinə istiqamətlənmişdir. Respublikanın milli iqtisadi inkişaf modelində başlıca xüsusiyyətlərindən birini isə sosialyönümlülük təşkil etmişdir. İstehsal sahibkarlığının inkişafı, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin həlli ilə əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Azərbaycanda Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin ana xəttini təşkil etmişdir.
Bütün varlığı ilə Azərbaycana bağlı olan böyük şəxsiyyət, görkəmli dövlət xadimi, dahi lider Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun beynəlxalq miqyasda inkişaf etmiş dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir. Ulu öndərin xalqımız qarşısında tarixi xidmətlərindən biri də davamlı inkişaf yoluna qədəm qoymuş Azərbaycanın dövlət müstəqilliyini daha da gücləndirilməsinə xidmət edən layiqli davamçısını yetişdirməsidir. Böyük türk dünyasının görkəmli dövlət xadimi olan Heydər Əliyevi Azərbaycan xalqının tarixi şərəfli bir irsi kimi davam etdirmək hər bir azərbaycanlının mənəvi borcudur. Bu gün yüksək təfəkkür, zəngin dövlətçilik təcrübəsinə malik, praqmatik lider Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış nailiyyətlər Heydər Əliyev irsini tamamlayır və dayanıqlı inkişafa doğru aparır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq təcriddən çıxdı. Bu gün Azərbaycan beynəlxalq aləmdə çox görkəmli yer tutur, beynəlxalq təşkilatların üzvüdür, onlarda fəal iştirak edir. Bütün dövlətlər tərəfindən tanınır. Azərbaycanın böyük hörməti var. Artıq demək olar ki, regional məsələlərdə Azərbaycanın sözü həlledici sözdür. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir regional layihə keçirilə bilməz. Beləliklə, Azərbaycan region üçün mərkəzə çevrilibdir. Bizim nüfuzumuz artır, gücümüz artır. Bu, bizə imkan verəcək ki, qarşımızda duran bütün məsələləri öz xeyrimizə həll edək. Bütün bunlar Heydər Əliyevin xidmətləridir”.
Ulu öndərimiz bu gün cismən aramızda olmasa da, Onun işıqlı yolu uğurla davam edir. Bu yolu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan güclü, qüdrətli dövlətə çevrilib. Azərbaycan bu gün dünyada böyük nüfuz, söz sahibi olan müstəqil dövlətdir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində doğma Qarabağımızın 30 illik işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi, Ulu öndərimiz Heydər Əliyevin arzuları yerinə yetirildi.
Biz fəxr edirik ki, öz ərazi bütövlüyünü bərpa edən müstəqil, güclü Azərbaycan Respublikasının vətəndaşlarıyıq. İnanırıq ki, qalib dövlətimiz hörmətli Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə daha böyük nailiyyətlətə, zəfərlərə imza atacaq. Qazanılan hər bir uğurun əsasında isə Heydər Əliyevin ideyaları, Onun müəyyənləşdirdiyi işıqlı yol dayanır.
Rəfail Mehralıyev
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri