Heydər Əliyev Azərbaycan ordusunun əsasını qoyub – Piter Teys
Heydər Əliyev 44 günlük müharibə dövründə bütün dünyanı heyran etmiş güclü Azərbaycan ordusunun əsasını qoyub.
Bunu amerikalı ekspert Piter Teys deyib.
“Heydər Əliyev ordu quruculuğuna, təchizatına və peşəkar hazırlığına böyük diqqət ayırırdı. Və 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə dövründə bütün dünyanı heyran edərək suveren Azərbaycan ərazilərini erməni işğalından azad etdi. Heydər Əliyev müasir, yüksək inkişaf etmiş Azərbaycanın memarıdır. Ümummilli lider Heydər Əliyevin liderliyi, müdrikliyi və vətənpərvərliyi sayəsində güclü ordu və şaxələndirilmiş milli iqtisadiyyat qurmaq mümkün oldu. Heydər Əliyevin yürütdüyü daxili və xarici siyasət Azərbaycan cəmiyyətinin dinamik inkişafının təməlini qoydu və bu gün inkişaf Prezident İlham Əliyevin rəhbərliyi altında davam edir”, – P.Teys deyib.
Ekspert vurğulayıb ki, Heydər Əliyev məzhəblərarası dialoq və bütün dinlərin nümayəndələrinin dinc birgəyaşayışının təmin olunduğu demokratik, müstəqil və çiçəklənən Azərbaycanın qurucusudur.
“Heydər Əliyev daim Azərbaycanın dünya arenasında irəliləməsi üçün böyük səylər göstərib. Onun qüsursuz rəhbərliyi və gələcəyə baxışı sayəsində Azərbaycanın diplomat, mühəndis və alimləri bütün dünyada böyük uğurlar qazanıb. Son 50 il ərzində Avropa tarixində Heydər Əliyev kimi öz həmvətənlərinə vətənpərvərlik, qətiyyət, əməksevərlik, cəmiyyətə ədalətli xidmət və iqtisadiyyatı möhkəmləndirmək arzusu aşılayan dövlət başçısı tapmaq çətindir. Bu gün sabit demokratik idarəçiliyi, yüksək inkişaf etmiş Silahlı Qüvvələri, müdafiə sənayesi, milli iqtisadiyyatı olan Azərbaycan Avropanın ən zəngin dövlətlərinin həsəd apardığı ölkədir. Bütün bu nailiyyətlərin əsası Heydər Əliyev tərəfindən qoyulub. Bu prioritetlər və milli maraqlar bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla reallaşdırılır”, – ekspert bildirib.
P.Teys həmçinin Heydər Əliyevin uğurlu enerji strategiyasını da xüsusi vurğulayıb və bildirib ki, bu sayədə Azərbaycan özünü etibarlı enerji ehtiyatları tədarükçüsü kimi tanıdıb.
“Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanla ABŞ arasında enerji sahəsində daha sıx əməkdaşlıq qurmaq mümkün oldu. Bu gün Azərbaycan “Şahdəniz” yatağından Avropaya boru xətləri ilə sabit qaz tədarükünü həyata keçirir. Bakı və Vaşinqton Avropanın və ümumilikdə beynəlxalq ictimaiyyətin enerji təhlükəsizliyi hədəflərini bölüşür. Bazar prinsipləri işləyərkən və enerji daşıyıcılarının ixrac marşrutları müxtəlif və etibarlı olarkən bütün xalqlar bundan faydalanır”. – deyə o bildirib./trend.az