Erməni qadın: “Onların hamısı Qarabağdan Azərbaycan pasportu ilə qaçıblar…”
Əgər onlar bir səslə “Nikolsuz Ermənistan” deyib qışqırırlarsa, mən də o dəqiqə “Köçəryansız, Serjsiz Ermənistan” deyə cavab verirəm.
Bu sözləri “Araratnyus”a Nikol Paşinyanın istefası tələbi ilə İrəvanda keçirilən mitinqlərə etiraz edən erməni qadın deyib. Qadının sözlərinə görə, Köçəryan və Sərkisyan tərəfdarları hamısı pulla satın alınıb:
“Mənim atam hər zaman onlara qarşı mübarizə aparıb. İndi bu alçaqlar yenidən iqtidara gəlmək istəyir. Onlara bir baxın, onların hamısını pulla satın alıblar. Mən Nikolun tərəfdarıyam, bu da əlbəttə ki, xoşlarına gəlmir. Buna görə onlar üstümə gəlirlər və mənə “siz türksünüz, satqınsınız” deyirlər. Siz özünüz satqınsınız”.
Bu zaman Paşinyan əleyhdarları ilə mübahisə edən həmin qadına yaxınlaşan həkim isə mitinq iştirakçılarını yenidən müharibəni alovlandırmaqda ittiham edib və qadını sakitləşdirib:
“Onlara fikir vermə. Onlar yeni müharibəni alovlandırırlar. Baxın görün necə əsəbidirlər, qarşılarına çıxan hər kəsi öldürməyə hazırdırlar. Gedək sizə sakitləşdirici dərman verim”.
Jurnalistə mitinqlərlə bağlı fikirlərini bildirən digər bir xanım vətəndaş isə mitinq iştirakçılarını Köçəryan və Sərkisyanın cinayətkar bandası adlandırıb:
“Heç vaxt bu soyğunçulara və xuliqanlara qoşulmamışam. Məgər onların arasında normal adam var? Bu, Robertin və Serjin cinayətkar bandasıdır. Onları sadəcə olaraq məhv etmək lazımdır. Onlar heç vaxt bizə sakit yaşamağa imkan verməyəcəklər. Onların hamısı Qarabağdan Azərbaycan pasportu ilə qaçıblar, indi də Baş nazirin istefasını tələb edirlər! Onlar kimdirlər ki, bizim şəhərimizdə Paşinyanın iqtidardan getməsini tələb edirlər? Onların Ermənistanda heç bir işi yoxdur. Qoy burdan rədd olub getsinlər”./axar.az