Putin paradda danışdı, amma heç nə demədi – Rusiya Prezidenti daha təhdid də edə bilmir
Xeyli vaxtdır maraqla gözlənilən 9 may paradında Vladimir Putinin çıxışı başa çatıb.
Putinin çıxışında gözlənilənlərin əksinə olaraq, hər hansı yeni qərar, gələcək addımlar barədə heç nə deyilməyib.
Rusiya başçısı növbəti dəfə ölkəsinin Donbasın azadlığı uğrunda savaşdığını, Ukraynadakı “millətçi və neonasistlərlə” mübarizə apardığını bildirib. Putin qeyd edib ki, bugünkü paradda iştirak edənlər arasında Donbasdakı döyüşlərdən birbaşa Moskvaya gələn hərbçilər var. Həmçinin bildirib ki, Ukraynadakı müharibədə həlak olanların ailələrinə hərtərəfli yardım göstəriləcək.
Putun növbəti dəfə Qərbi və NATO ölkələrini Ukrayna ordusuna təlim keçməkdə, onu silahla təmin etməkdə günahlandıraraq bildirib ki, əgər Rusiya “vaxtında” hərəkətə keçməsəydi, Donbas əhalisinə qarşı hücum həyata keçiriləcəkdi.
Bir sözlə, Rusiya başçısı bu şablon xarakterli çıxışında yeni və əvvəlkilərdən fərqli heç nə deməyib. Baxmayaraq ki, onun məhz bu paradda səfərbərlik və Ukraynaya, hətta NATO-ya qarşı rəsmən müharibə elan edəcəyinə, növbəti dəfə nüvə hədə-qorxusu gələcəyinə dair iddialar var idi.
Maraqlıdır ki, 11 min hərbçinin iştirak etdiyi və kifayət qədər sönük təsir bağışlayan paradda hərbi hava qüvvələrinin təyyarələri iştirak etmir. Putinin sözçüsü Dmitri Peskov bunu guya hava şəraitinin münasib olmaması ilə izah edib./azpolitika.info