Pekində epidemiya ilə mübarizə tədbirləri genişləndirilib
Çin paytaxtı Pekində COVID-19 virusu ilə qüvvədə olan mübarizə tədbirlərinin müddəti uzadılıb, yeni qadağa və məhdudiyyətlərin tətbiqinə başlanılıb.
1 May – Əmək bayramı ilə əlaqədar 5 günlük tətil üçün elan edilmiş qadağa və məhdudiyyətlərin qüvvədə olma müddəti artırılıb. Belə ki, orta məktəblərdə əyani dərslərin mayın 5-nə planlaşdırılan bərpası mayın 11-dək təxirə salınıb. Bu müddətdə müəllim və şagirdlər bir neçə dəfə koronavirus testi verməlidirlər.
Bundan başqa, tətil günlərində kafe və restoranlarda yerində xidmətlərin göstərilməsinə, əyləncə mərkəzlərinin, muzeylərin fəaliyyətinə qoyulan qadağalar da qeyri-müəyyən müddətə uzadılıb. Səlahiyyətli qurumlar sutkalıq yoluxma hallarının çoxalma ehtimalını nəzərə alaraq, mobil xəstəxanaların inşasına başlayıb. Artıq bir neçə binanın təyinatı dəyişdirilərək, 4 min çarpayılıq müvəqqəti xəstəxanaya çevrilib.
Pekində virusla mübarizə tədbirləri çərçivəsində kütləvi test prosesi də davam edir. Bunun üçün yaşayış məhəllələrində və iş yerlərində yüzlərlə səyyar test məntəqəsi fəaliyyət göstərir. Mayın 4-dən paytaxtın ən iri rayonlarından olan Çaoyanda 63 xətt üzrə avtobusların fəaliyyəti dayandırılıb, 48 xətt üzrə hərəkət dəyişdirilib. Çaoyan və Toncou rayonlarında 14 metro xətti üzrə 62 stansiya bağlanıb. Həmin ərazilərdə yaşayanların evdən işləməsi tövsiyə olunub. İş yerinə getməsi vacib olanlar isə yalnız fərdi nəqliyyat vasitələrindən istifadə edə bilər.
Hazırda Pekində 12 yüksək riskli, 34 orta riskli zonanın, hətta bircə yoluxma qeydə alınan məhəllələrin sakinləri də yaşadıqları yeri tərk edə bilməzlər.
Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, ötən sutka 5 min 428 yerli yoluxma, o cümlədən 5 min 75 simptomsuz hal aşkarlanıb. Yoluxmaların əsas hissəsi yenə də Şanxayda qeydə alınıb. Paytaxt Pekində isə 53 yoluxma aşkarlanıb./azertag.az