Paşinyana qarşı sui-qəsd hazırlanır – Onu kim aradan götürmək istəyir?
“Ermənistanda etiraz aksiyası keçirənlər Nikol Paşinyana Azərbaycanla sülh müqaviləsi ilə bağlı razılığa gəlməkdə etiraz edirlər, onu satqınlıqda ittiham edirlər”.
Bunu açıqlamasında siyasi-iqtisadi analitik Turab Rzayev Çindən Almaniyaya yeni marşrut xəttinin açılması ilə bağlı danışarkən deyib.
O bildirib ki, Azərbaycanla sülh sənədinə imza atmamaq üçün Paşinyana çox böyük təzyiqlər var:
“Ermənistandakı etiraz iştirakçıları üç qrupa ayrılır:
1. Xarici qrup:
Aydın məsələdir ki, burada daha çox Rusiya faktorudur. Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi olmasını istəmir. Rusiya düşünür ki, Qarabağ münaqişəsi bitsə Rusiyanın regiona təsiri sıfra bərabər olacaq. Ona görə hər vəchlə bu sülh müqaviləsinin qarşısını almaq istəyir. Eyni şəkildə, Rusiya fikirləşir ki, Qafqaz onun “arxa bağçası”dır və burada əsas məsələlərə o qərar verməlidir. Amma istəmir ki, Avropa İttifaqının vasitəçiliyi ilə belə bir sülh müqaviləsi imzalansın, Aİ burada əsas oyunçu olsun.
2. Ermənistan daxilindəki müxalif qrup:
Burada daha çox keçmiş cinayətkar – “Qarabağ klanı” diqqət mərkəzindədir. Hansı ki, 30 ilə yaxın ölkəni çapıb-talayıblar, milyardlarla vəsaitini oğurlayıblar. Amma yenə də bu klan hakimiyyətdən getsə də Köçəryanın, Sarkisyanın təmsil etdiyi klanın çox böyük resurusları var. Onların müəyyən tərəfdarları var, orduda, hüquq-mühafizə orqanlarında yüksək vəzifəli tərəfdarları var. Bu qrup həm fürsətdən istifadə edib, Paşinyandan hakimiyyəti geri almaq istəyir, həm də Azərbaycandan revanş almağa söz verir – Azərbaycana qarşı yenidən müharibəyə başlayacaqlarını deyirlər. Bu klan Rusiyaya yaxın olduğu qədər, Qərbə, Avropaya uzaq qrupdur. Eyni şəkildə bu qrup Rusiya ilə paralel şəkildə fəaliyyət göstərir və Paşinyanın Qərbi bölgəmizə yaxın buraxmasına qarşı çıxır. Buna görə də Rusiya tərəfindən dəstəklənir.
3. Adi əhali və təşkilatlar:
Onlar Azərbaycan və Türkiyəyə nifrət edirlər. Bu qrup şovinist, faşist ruhda böyümüş, tərbiyə almış şəxslərdir. Sadəcə olaraq istəmirlər ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalasın, Türkiyə ilə münasibətləri normallaşdırsın. Düşünürlər ki, Ermənistan əgər sülh müqaviləsi imzalasa, Azərbaycanla Türkiyə arasında itib gedə bilər. Bu qrup mümkün qədər çalışacaq ki, Paşinyan sülh müqaviləsi imzalamasın. Bunun üçün həm Rusiya çox böyük təzyiq göstərir, həm müxalifət, həm də bu qrup. Amma hətta hadisə o yerə gəlib çıxa bilər ki, bu şəxslər sırf Paşinyanı neytrallaşdırmaq üçün onu siyasi yolla, mitinqlərlə devirə bilməsələr, hərbi addımlara da əl ata bilərlər.
Hətta mən Paşinyanın həyatına qarşı sui-qəsdin olacağını da gözləyirəm. Bu sui-qəsdi hər hansı bir fanatik də edə bilər, müxalifət tərəfindən təşkil də oluna bilər və Rusiyanın sifarişi ilə də baş verə bilər. Daha əvvəl də Ermənistanda parlamentin gülləbaran edilməsinin, vəzifəli şəxslərin – baş nazirin və s. güllələnməsinin şahidi olmuşuq”. /milli.az