“Brüsseldən Düşənbəyə: başa düşməliyik ki, danışıqlar…” – Zülfüqarov
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov suallarımızı cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
– Tofiq müəllim, Ermənistanda artıq bir həftədir ki, etirazlar davam edir. İndiki iqtidara etimadsızlıqla bağlı müxalifətin çağırışları var. Sizcə, Paşinyanın Qarabağın “statusu”ndan imtina ilə bağlı açıqlamasından sonra başlanan etirazların hökumət böhranına səbəb olacağını gözləmək olarmı?
– İlk növbədə onu bilməliyik ki, Ermənistandakı etirazların tam şəkildə müstəqil siyasi qərarlar əsasında baş verməsi inandırıcı deyil. Çünki ermənilərin özlərinin daimi olaraq belə bir üslübu var. Onlar göstərmək istəyirlər ki, ictimaiyyət bu və ya digər məqamlarda hansısa addımları qəbul etmir. Erməni tərəfi məhz bunun fonunda həmişə özünə hansısa imtiyazları əldə etmək niyyətindədir. Bu, onların köhnə “taktikasıdır”. Müharibədən sonra indiki Baş nazir Nikol Paşinyan döyüşü uduzan tərəf kimi növbədənkənar seçkilərdən qalib çıxdı. Ona görə də, ermənilərin belə mövzularda “radikallığı” sadəcə olaraq artistlik kimi izah oluna bilər. Məhz bu baxımdan da bu gün Ermənistanda baş verən nümayişlər bir növ görüntü yaratmaq üçündür. Bunu başqa cür izah etməyə ehtiyac yoxdur.
– Brüsseldə Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Bu formatda artıq ikinci görüş baş tutdu. Dövlət başçılarının görüşündən sonra bu səviyyədə müzakirələr sülh prosesi üçün hazırlıq mərhələsi sayıla bilərmi?
– Brüssel formatı görünür ki, sona kimi işlək deyil. Bu, əslində coğrafi bir formatdır. Yəni vasitəçilik deyilən bir anlayış yoxdur. Bu baxımdan gedən danışıqlar təzə bir mövzunu əhatə edir. Görünür, ümumi gələcək sülh sazişinin əsas tezisləri müzakirə edilir. Amma konkret müzakirələri gözləmək hələlik tez olar. Çünki bu formatın uğurlu olmasına da sona kimi inanmaq olmur. Ermənistan Azərbaycanın təqdim etdiyi tezisləri əsas kimi qəbul edir. Bu o deməkdir ki, danışıqlar vasitəsi ilə Ermənistan özünün xeyrinə olmayan tezisləri neytrallaşdırmağa çalışacaq. Ona görə də, burada hələlik ciddi bir dəyişikliklər gözləmək tezdir.
– Mayın 13-də Düşənbədə Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir. Brüsseldən sonra bu formatda görüşün prosesə təsirini necə qiymətləndirirsiniz?
– Bəzən danışıqlara razılıq elə qələmə verilir ki, guya danışıqlar olacaq və qısa müddətdə hansısa razılıq əldə ediləcək. Biz başa düşməliyik ki, danışıqlar adətən vaxtı uzatmaq kimi də ifadə edilə bilər. Bu, Ermənistanın daimi “taktika”larından biridir. Ona görə də, bu cür görüşlərin, danışıqların baş verməsi heç də nəticənin əldə edilməsi demək deyil./teleqraf.com