Rus emissarlar Ermənistanı qarışdırır
Ermənistan qarışmaq üzrədir, radikal müxalifətin bütün qanadları Baş nazir Nikol Paşinyanı devirmək üçün birləşiblər, İrəvanın mərkəzi meydanında fasiləsiz mitinqlərə start veriblər. Müxalifət təmsilçilərindən biri meydanda çıxış zamanı deyib ki, biz daha evə getmək istəmirik, biz Şuşaya, Hadruta getmək istəyirik, mən Şuşa haqqında mahnını Şuşada oxumaq istəyirəm.
Bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistanda bir müddətdir davam edən aksiyalar haqda qeyd edib.
Politoloq vurğulayıb ki, İkinci Qarabağ müharibəsindən zaman keçdikcə, ermənilər müharibənin nəticəsini unutmağa başlayıblar:
“Bunları deyəsən yenidən “ağıllandırmaq” lazım gələcək. Elə bilirlər ki, Paşinyanı devirəndən sonra vəziyyəti öz xeyirlərinə dəyişə biləcəklər – yəqin rusiyalı emisarlar qulaqlarına nəsə pıçıldayıblar. Azərbaycan Xarici İşlər Nazirliyi ilə Müdafiə Nazirliyinin birgə açıqlamasına ehtiyac var. Həmin açıqlamada Ermənistanda hakimiyyəti güc yolu ilə dəyişib, müharibədən sonrakı razılaşmalardan imtinanın onlara baha başa gələcəyi izah edilməlidir”.