Zaxarova bir erməni kartını da açdı – Bakının 5 prinsipi qəbul, status isə qəbul edilmir…

 

Elşad Həsənov: “Paşinyan Moskvadan qayıdandan sonra 180 dərəcə döndü”

 

“Sülh sazişinin hazırlanmasında İrəvan və Bakıya köməklik göstərərkən Rusiya tərəfi Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulmasının əsas prinsiplərinə dair təklifləri rəhbər tutur”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesini şərh edərkən deyib.

Onun sözlərinə görə, danışıqlar bu prinsiplər əsasında aparılmalıdır: “Xatırladıram ki, bunlar (prinsiplər) Bakıda hazırlanıb və İrəvandan konstruktiv cavab alıblar. Hesab edirik ki, bunlar mövqelərin razılaşdırılması üçün yaxşı əsasdır. Status məsələsində Bakı ilə İrəvan arasında fundamental fikir ayrılıqları qalır. Biz tərəfləri yaxınlaşdırmaq üçün üzərimizə düşəni edirik”.

Zaxarova onu da qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi çərçivəsində üçtərəfli sazişlərin mahiyyətinə və ruhuna riayət etmək son dərəcə vacibdir. O bunu əsas amil kimi vurğulayıb: “Orada hər şey, o cümlədən bir-birinə münasibət yazılıb. Qarşıdurma ritorikasından çəkinmək və bütün məsələləri siyasi və diplomatik vasitələrlə həll etmək də eyni dərəcədə vacibdir”.

Məlumat üçün qeyd edək ki, martın ortalarında Azərbaycan XİN-i Ermənistanla münasibətlərin normallaşdırılmasına dair 5 bəndlik təklifin mətnini dərc edib. Bunlara suverenliyin, ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddialarının olmaması və gələcəkdə belə iddialarla çıxış etməmək üçün hüquqi öhdəlik daxildir. Tərəflər dövlətlərarası münasibətlərdə təhlükəsizliyi təhdid etməkdən çəkinməyi də öhdəlik kimi götürməlidir.

Zaxarovanın açıqlamasından belə məlum oldu ki, Rusiya üçün Azərbaycanın təklif etdiyi 5 prinsip daha əsasdır, nəinki status.

Maraqlıdır, bəs ekspertlərin buna münasibəti necədir?

“Zaxarovanın məlum açıqlaması formal xarakterlidir və sülh sazişinin yubadılmasına xidmət edir”

Məsələyə münasibət bildirən siyasi ekspert Elşad Həsənov Zaxarovanın fikirlərinə birmənalı prizmadan yanaşmadı: “Zaxarovanın növbəti açıqlaması formal xarakterlidir və baş aldatmağa xidmət edir. Çünki Brüssel görüşündən sonra Paşinyanın verdiyi bəyanatlar daxildə ciddi narazılıq yaratdı. Nikol Azərbaycanla sülh müqaviləsi bağlamağa razı olduğunu və Bakının irəli sürdüyü 5 prinsipi qəbul etməyə hazır olduğunu dedi. Məhz bundan sonra Ermənistanda Rusiyapərəst müxalifət etirazlara başladı. Paşinyan-Putin görüşündən sonra Azərbaycanın qəbul etmədiyi ATƏT-in Minsk Qrupunu yenidən diriltməyə çalışdılar. Onların gücündən və təcrübəsindən istifadə etməyi məqsədəuyğun saydılar. Çünki iki ölkə prezidentinin birgə bəyanatında bunlar göstərildi. Qarabağın “status” məsələsi də orada müzakirə olundu. Paşinyan Moskvadan qayıdandan sonra 180 dərəcə döndü. Qarabağda ermənilərin “status” məsələsinin həll olunmasını irəli sürdü. Yəni Putinlə aparılan danışıqlar Brüssel danışıqlarının əleyhinə işlədi. Ona görə də Zaxarovanın fikirlərinə aldanmaq olmaz. Fikrimcə, Zaxarovanın məlum açıqlaması formal xarakterlidir və sülh sazişinin yubadılmasına xidmət edir. Aİ və ABŞ sülh müqaviləsini dəstəkləyir. İstəyirlər ki, danışıqlarda tərəflərin üzərlərinə götürdükləri öhtəliklər vaxtında yerinə yetirilsin. Ən son Prezident İlham Əliyev bəyan etdi ki, mayın əvvəlində Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin Brüsseldə görüşü olacaq. Ancaq biz unutmamalıyıq ki, Rusiya münaqişənin uzanmasını istəyir. Bu da Rusiya-Ukrayna müharibəsinin nəticələrindən çox asılıdır. Biz nəzərə almalıyıq ki, Ukraynada təkcə bu ölkənin taleyi həll olunmur. Ukrayna qalib gəlsə, o zaman Cənubi Qafqazda da sülh olacaq”.

Bir sözlə, siyasi ekspert hesab edir ki, Rusyanın verdiyi müsbət mesajlar səmimi deyil./baki-xeber.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password