Müdafiə nazirindən şok – “Türkiyəyə səsimi qaldıra bilmərəm, çünki…”
Türkiyə Silahlı Qüvvələrinin “Mavi Vətən -2022” hərbi təlimləri Yunanıstanda böyük reaksiyaya səbəb olub.
Türkiyə Silahlı Qüvvələrinin 122 dəniz vasitəsi, 41 hava-desant birliyi, SAT və SAS komandoları və dəniz piyadalarının iştirakı ilə keçirdiyi təlimlərlə bağlı yunan mətbuatında qəribə şərhlər gəlib.
“Greek City Times” Türkiyənin Yunanıstanın hava məkanını 90 dəfə pozduğunu və yunan torpaqlarında “bayraq sancma əməliyyatı”nı məşq edildiyini iddia edib. Məqalədə təlimlərə cəlb olunmuş Türkiyənin yerli sursatları və silahları ilə bağlı “Türklərin yeni təkmilləşdirdiyi “Atmaca” raketləri bütün donanmamızı məhv edə bilər” ifadələrinə yer verilib.
“Türklərin SAT komandoları yunan adasını ələ keçirmək məşqini edir. SAT komandolarından ibarət qrup helikopterdən dənizə düşüb. Digər qrup isə suyun altından hərəkət edərək adaya çıxıb. SAT komandoları adadakı şərti yunan hədəflərini məhv edib və adada Türkiyə bayrağını dalğalandırıb”.
Nəşr Yunanıstan müdafiə naziri Nikos Panaqiopolusun baş verənlərə reaksiya verməkdən çəkindiyini yazıb:
“Müdafiə naziri Nikos Panaqiopolus bildirib ki, Türkiyənin NATO-dakı əhəmiyyəti Rusiya-Ukrayna müharibəsi səbəbindən artıb və bu səbəbdən Türkiyəyə qarşı səsini qaldıra bilməz”.
Tanınmış yunan teleaparıcı İonn Feodoratos isə Türkiyənin “Atmaca” gəmi əleyhinə raketlərinin yunan donanmasını məhv edə biləcəyini deyib:
“Rusiyanın “Moskva” kreyserini batıran “Neptun” raketinin döyüş başlığı 185 kiloqram idi. Türkiyə raketi isə 250 kilo partlayıcı daşıyır. Təxminən 280 kilometr uçuş məsafəsinə malikdir. Türk peykləri Krit və Egey adalarındakı hərbi bazalarımızı izləyir. Türklər eyni anda onlarla PUA-lardan istifadə edə bilirlər. Bir və ya iki deyil, eyni vaxtda havaya onlarla dron qaldırırlar. Mümkün müharibədə yunan donanmasını məhv edə bilərlər”.
Yunanıstanın hərbi-strateji analitik saytı “Alt Greek” Türkiyənin açıq şəkildə Yunanıstanı hədəf aldığını və yunan adalarına eniş təlimləri keçirdiyini iddia edib.
“Bu təlimlər ABŞ və NATO-nun gözləri qarşısında keçirildi. NATO buna göz yumdu”, – mənbə yazıb./teleqraf.com