Qaz və Türkmənistan – Avropa və Çin üçün yeni toqquşma meydanı?…
Rusiya ilə Ukrayna arasındakı müharibə Avropa və Asiyada enerji siyasətinin təkamülünə səbəb ola bilər.
“European times” xəbər verir ki, Avropa İttifaqının (Aİ) enerji strukturunu gücləndirməyə yönəlmiş “RE Power EU” təşəbbüsünün üç əsas məqsədi var:
1. Qeyri-Rusiya mənbələrindən təbii qaz idxalını artırmaq.
2. Qeyri-Rusiya mənbələrindən Mayeləşdirilmiş Təbii Qazın (LNG) idxalını artırmaq.
3. Bioenerjinin inkişafını artırmaq və bərpa olunan enerjinin istehsalını təşviq etmək.
Aİ daxilində inkişaf potensialına diqqət yetirən üçüncü hədəfin həyata keçirilməsi vaxt tələb etsə də, birinci və ikinci aspektlər Aİ ölkələrinin hazırda sürətlənmiş templə həyata keçirdikləri tədbirlərə aiddir. Avropa ölkələri qaz tədarükünü artırmaq üçün Mərkəzi Asiya ölkələri, ABŞ, Norveç, Hollandiya, Qətər, Azərbaycan, Əlcəzair, Misir, Nigeriya və İsrailə tərəf istiqamət götürürlər.
Çin 2019-cu ildə boru kəməri idxalının 60 faizindən çoxunu təşkil edən türkmən qazının ən böyük alıcısı olaraq qalır. Rusiya və İran ödəniş mübahisələri ilə bağlı 2016 və 2017-ci illərdə Türkmənistandan qaz axınını dayandırıb və Çin Türkmənistanın yeganə əsas ixrac bazarı olaraq qalıb. Bu arada Pekin həm də Türkmənistanın əsas beynəlxalq kreditorudur və ölkənin qaz infrastrukturunun inkişafı üçün 8 milyard ABŞ dollarından çox kredit ayırıb. Türkmənistanın Çinlə bağladığı qaz müqaviləsinə görə əldə etdiyi gəlirin bir hissəsi infrastruktur kreditlərinin ödənilməsi üçün Pekinə qaytarılır. Bu, Çinə Türkmənistana təsirini davam etdirməyə imkan verir. Göründüyü kimi, Pekin Türkmənistan təbii qazının ixracını o dərəcədə monopoliyaya alıb ki, qaz iki ölkə arasında iqtisadi müqavilələrdə de-fakto valyuta forması kimi istifadə olunub.
Türkmənistanın hazırkı məhdud qaz imkanlarını nəzərə alaraq, təbii qazın Avropaya tədarükü istər-istəməz “qaz uğrunda mübarizə” modelinə gətirib çıxaracaq ki, bu da xüsusi şəraitdə Çin və Mərkəzi Asiya arasında təbii qazın rəvan və adekvat təchizatını təhdid edəcək. Türkmənistan qazının yüksək tələbat səbəbindən qiymətinin artması fonunda Çinin qaz idxalının dəyəri də arta bilər.
Avropanın Türkmənistan qaz bazarına daxil olması, çox güman ki, mövcud yerli bazar qaydalarını dəyişəcək. Avropa ölkəyə “maskalanmış qaz ixracı strategiyası”nı həyata keçirmək və qaz emalı sənayesi zəncirini genişləndirmək üçün öz texnoloji üstünlüyündən istifadə edəcək. Aİ Mərkəzi Asiya qaz bazarına daxil olduqdan sonra ABŞ da eyni addımı ata bilər. Buna görə də Mərkəzi Asiya və Xəzər regionu yeni geosiyasi risklərin yeni mərhələsi ilə üzləşə bilər ki, bu da Çinin siyasi diplomatiyasına, ticari və iqtisadi investisiyalarına və s. mənfi təsir göstərə bilər.
Maraqlıdır ki, Türkmənistan qaz tədarükünü Avropaya yönləndirib, bununla da Çinə tədarükünü azaldacaq, yoxsa Pekin Avropaya təzyiq göstərmək üçün Türkmənistanın qollarını bükəcək? Bütün hallarda bu, enerji təchizatı üçün açıq mövsümdür, oyunlar başlayıb./azpolitika.info