Münaqişə 30 il çəkdi: Bəs sülh danışıqları?

 

Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında növbəti telefon danışığı olub. Bu hər iki ölkənin XİN başçıları arasında vasitəçi tərəfin iştirakı olmadan baş tutan ikinci telefon söhbətidir. Bu barədə aprelin 25-də Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Nazirlər iki ölkə liderləri səviyyəsində əldə olunmuş razılaşmaların icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər delimitasiya və sərhəd təhlükəsizliyi üzrə komissiyanın strukturunu razılaşdırıblar. Yaxın vaxtlarda delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının iclasının keçirilməsi barədə razılıq əldə olunub. Tərəflər humanitar məsələlərin həlli, eləcə də sülh danışıqlarının hazırlanması ilə bağlı məsələləri də müzakirə ediblər. Birgə Sərhəd Komissiyasında Azərbaycanı təmsil edəcək nümayəndələrin artıq təyin olunduğu barədə məlumat yayılıb. Lakin komissiyanın tərkibi hələlik açıqlanmır.

Qeyd edək ki, Birgə Sərhəd Komissiyasının yaradılması barədə ilkin razılaşma Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri arasında ötən il noyabrın 26-da Soçidə keçirilmiş üçtərəfli müzakirələrdə görüşdə əldə olunub. Soçi Bəyannaməsinə görə, sərhədlərin delimitasiyası və demarkasiyasına dair birgə komissiyanın iclası 2021-ci ilin sonuna qədər keçirilməli idi. Lakin Ermənistanın həmin vaxt sərhəddə vəziyyəti tez-tez gərginləşdirməsi, eyni zamanda Nikol Paşinyanın delimitasiya və demarkasiya prosesinin “güzgü prinsipi” ilə aparılması təklifini ortaya atması prosesi pozdu. Nəhayət, Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında bu il aprelin 6-da Brüsseldə keçirilmiş görüşdə Birgə Sərhəd Komissiyasının yaradılması və aprel ayının sonuna qədər birinci iclasın keçirilməsi barədə növbəti razılaşma əldə edilib.

Nazirlərin bu istiqamətdə konkret razılaşmaya gəlməsinə baxmayaraq, komissiyanın iclasının baş tutacağına və sərhədlərin müəyyənləşməsi ilə bağlı ciddi nəticə əldə olunacağına şübhələr qalır. Çünki N.Paşinyanın aprelin 19-20-də Rusiyaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinin Avropa İttifaqının vasitəçiliyindən narahatlığını açıq bildirməsi barədə xəbərlər, eləcə də Ermənistanda müxalifətin etiraz aksiyalarına başlaması sülh prosesinin əngəllənəcəyinə dair rəyləri artırıb.

Eyni zamanda Rusiya sülhün təmin olunmasını sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin tərkib hissəsi kimi görür. Ancaq sərhədlərin razılaşdırılması illərlə və ya on illər boyu sürə bilər. Yəni Birgə Sərhəd Komissiyasının fəaliyyəti Minsk qrupunun səmərəsiz vasitəçiliyi kimi 30 il davam edə bilər. Bu isə Azərbaycan və Ermənistan arasında sülhün uzun illər bərqərar olmaması, konkret desək, münaqişəli vəziyyətin qalması deməkdir. Halbuki sərhədlərin delimitasiyası və demarkasiyası Azərbaycanın Ermənistana təqdim etdiyi beş bənddən ibarət sülh gündəliyinin prinsiplərindən birini təşkil edir. Bütövlükdə sülh prosesini bir bənddən asılı vəziyyətə salmaq olmaz.  Politoloq İlyas Hüseynov açıqlamasında bildirib ki, 44 günlük müharibədən sonra regionda yeni geosiyasi reallıqlar yaranıb.

Bu konfiqurasiya ATƏT-in Minsk qrupunun aradan qalxması, bu formatın yenidən transformasiyası ilə müşahidə olunur. Eyni zamanda ötən il dekabrın 14-də və bu il aprelin 6-da Brüsseldə keçirilən görüşlərin konstruktiv zəmində keçməsi diqqəti cəlb edir. Ona görə də İlyas Hüseynov hesab edir ki, sərhədlərarası komissiyanın çağırılması və sərhəddə təhlükəsizliyin təminatı ilə bağlı razılaşmalar Ermənistanın üzərinə böyük öhdəliklər qoyur:

“Xarici işlər nazirləri arasında iki dəfə birbaşa təmasların həyata keçirilməsi Brüssel formatının səmərəli olduğunu, Azərbaycanla Ermənistan arasında ikitərəfli dialoqun baş tutması üçün zəmini gücləndirdiyini göstərir. Tərəflər arasında bu cür dialoq sülh müqaviləsinə gətirib çıxara bilər. Sülh müqaviləsi isə Azərbaycanın təqdim etdiyi beş bəndlik prinsipdən ibarətdir. Təmasların keçirilməsi real nəticə verəcək qədər effektivdir. Aprelin sonundan bu prosesə start veriləcəyini gözləmək lazımdır. Birgə Sərhəd Komissiyasının tərkibinin müəyyənləşdiyi barədə artıq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə məlumat verilib. Lakin siyasi razılaşmalar əldə olunduqdan sonra Ermənistan tərəfi təxribata əl atıb. Zəngilan rayonu istiqamətində diversiya qrupunun qarşısı alınıb və bu təxribat baş tutmayıb. Görünür, Ermənistan əvvəlki ənənəsinə sadiq qalaraq “ikibaşlı oyun oynayır”. Bir tərəfdən sülh danışıqları ilə bağlı müsbət mesajlar verir, eyni zamanda sərhəddə hərbi təxribata əl atır. Bununla paralel olaraq, keçmiş Minsk qrupunun həmsədrlərinin xüsusi nümayəndələrə çevrilməsi prosesini müşahidə edirik. Artıq Rusiya və ABŞ arasında qlobal mübarizə meydanı kimi Cənubi Qafqazın seçilməsi arzuolunmaz ssenaridir.

Belə ssenarilərin qarşısı alınmalıdır. Rusiya və ABŞ regionda sülhün, əməkdaşlığın, təhlükəsizliyin və bərabərhüquqlu münasibətlərin tərəfdarı olmalıdır. Ümumilikdə, Ceyhun Bayramov və Ararat Mirzoyan arasında telefon danışığının baş tutması müsbət haldır. Belə ikitərəfli təmaslar nə qədər intensivləşərsə, sülhün yaradılması ilə bağlı fəaliyyət də bir o qədər stimullaşmış olar. Doğrudur, Moskva səfərindən sonra Paşinyanın davranışında, baxışlarında bəzi dəyişikliklər hiss olunur. Amma Paşinyan Brüsseldə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Hesab edirəm ki, Cənubi Qafqazda sülhün yaradılması ilə bağlı fəaliyyət daha da genişləndirilməlidir. Brüssel sülh formatına uyğun olaraq danışıqlar öz nəticəsini verməlidir. Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında keçirilmiş proses də sülh gündəliyi üzərində işlərin davam etdiyini göstərir. Başqa heç bir kənar təsirlər Brüssel formatına təsir göstərməməlidir”.

Ekspert onu da bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması hələ bölgəyə sülhün gəlməsi demək deyil. Lakin İ.Hüseynov hesab edir ki, delimitasiya prosesinin uzun illər davam etməsi mümkün deyil:

“Əvvəla, Azərbaycanın Rusiya və Gürcüstanla sərhədlərin delimitasiyası və demarkasiyasına dair təcrübəsi var. İkincisi, sərhədlər müəyyənləşərsə, Ermənistanın Azərbaycana ərazi iddiasına son qoyular. Separatçılıq meyillərinin də kökü kəsilər. Ona görə də sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı razılaşmaları icra etmək lazımdır. Biz Ermənistanla dövlətlərarası sərhədlərimizi müəyyənləşdirməli, nişanlamalı və onun hüquqi zəmində təsbitinə nail olmalıyıq. Delimitasiya və demarkasiya prosesi ərazi mübahisələrinin qarşısını alacaq. Nəticədə, Azərbaycan ərazisində yaşayan ermənilərin reinteqrasiyasına başlanacaq”.

İlyas Hüseynli qeyd edib ki, Qara dəniz və Cənubi Qafqaz regionunda Qərb və Rusiya arasında yaşanan geosiyasi qarşıdurma Birgə Sərhəd Komissiyasının fəaliyyətinə mənfi təsir göstərə bilməz. Çünki Azərbaycan ABŞ və Rusiya arasında balanslaşdırılmış siyasi kursa üstünlük verməklə təhlükələri dəf etməyə çalışır./”Cümhuriyət”

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password