Deputat Hesablama Palatasını tənqid edib – “Biz bunları hesabatda görmürük…”
“Hesablama Palatası konstitusion əsası olan bir institutdur və parlament özünün əsas funksiyası olan büdcəyə nəzarəti məhz Palata vasitəsilə effektiv həyata keçirə bilər. Bu baxımdan Hesabalama Palatasının fəaliyyəti elə qurulmalıdır ki, qanunverici orqan, millət vəkilləri dövlət maliyyəsilə bağlı hərtərəfli məlumatlar əldə edə bilsinlər”.
Bu sözləri millət vəkili Etibar Əliyev Milli Məclisdə Hesablama Palatasının illik hesabatının müzakirəsi zamanı deyib.
Deputatın sözlərinə görə, həm “Hesablama Palatası Haqqında” Qanunun, həm də ali audit qurumlarının beynəlxaq təşkilatı olan INTOSAI-ın “Auditin rəhbər prinsiplərinə dair Lima Bəyannaməsi”nin 16-cı maddəsinin tələblərinə əməl edərək Palatanın illik hesabatla çıxış etməsi müsbət haldır. E.Əliyev əlavə edib ki, bu hesabatlar kifayət qədər detallı olmalıdır: “Əvvəla, auditlərin, xüsusilə də uyğunluq və maliyyə auditlərinin üzə çıxardığı tapıntılar, qanunsuzluqlar icmal şəkildə yox, hər bir audit obyekti üzrə adlı formada təqdim edilməlidir. Yeri gəlmişkən, INTOSAI-ın “Hesabatlılığın və şəffaflığın prinsipləri” adlı 20 saylı standartına əsasən, ali audit qurumlarının fəaliyyətində hesabatlılıq və şəffaflıq üçün hüquqi təminatlar olmalıdır. Bu təminatlar çərçivəsində adıçəkilən təsisatlar dövri olaraq öz audit hesabatlarını dərc etməlidirlər”.
Millət vəkilinin sözlərinə görə, hətta Palata çox ciddi qanun pozuntularının aşkarlandığı audit obyektlərilə bağlı parlamentin müvafiq komitələrində dinləmələr keçirə, deputatları məlumatlandıra, onlarla müzakirələr apara bilər. “Bu cür dinləmələr parlamentin büdcə prosesində rol və fəallığının artırılması baxımından çox önəmlidir”, – deputat vurğulayıb.
Etibar Əliyev hesab edir ki, Palatanın apardığı bütün auditlərin tam mətni, dövlət sirri hesab olunan məlumatlar istisna olmaqla, əhatəli şəkildə dərc edilməli, millət vəkilləri üçün açıq olmalıdır: “Doğrudur, Palatanın rüblük “Dövlət auditi” jurnalında həmin auditlərin nəticəsi barədə müəyyən məlumatlar olur. Amma məsələn, 2021-ci ildə həyata keçirilən 40-dan artıq auditin təxminən üçdə biri barədə həmin yayınlarda ətraflı məlumatlar tapmaq mümkündür. Məsələn, qardaş Türkiyədə ali audit orqanı olan Sayıştayın saytında istisnasız olaraq bütün audit hesabatları tam mətndə, hətta əlavələrlə birgə yerləşdirilir və nəinki parlament üzvləri, cəmiyyətin bütün üzvləri üçün açıqdır”.
Millət vəkili daha bir vacib məqam kimi iri dövlət şirkətlərində audit yoxlamalarının zəruriliyini qeyd edib: “Son müzakirələrdə “AzAL” Hava Yolları şirkətində auditin başlanması barədə məlumat səsləndi. Maraqlı məqam budur ki, niyə müntəzəm olaraq SOCAR və “Azərsu” kimi nəhəng dövriyyəyə malik dövlət şirkətlərində Hesablama Palatası audit aparmır. SOCAR-da ümumiyyətlə nə zamansa kənar auditin aparıldığı barədə məlumata rast gəlmişikmi? Yenə də Türkiyə nümunəsinə müraciət edəcəm – bu ölkədə dövlət müəssisə və təşkilatları hər il ara vermədən ali audit orqanının təftişi alıtndadır”.
Deputat hesab edir ki, Palata performans auditlərinin sayını əhəmiyyətli dərəcədə artırmalıdır. Onun sözlərinə görə, bunun üçün dövlət təşkilatlarında daxili maliyyə nəzarəti institutunun keyfiyyəti artırılmalıdır ki, Hesablama Palatası maliyyə və uyğunluq auditinin yükünü azaldıb daha çox ictimai vəsaitlərdən cəmiyyətin nə dərəcədə səmərə götürə bildiyini diqqətdə saxlaya bilsin: “Maliyyə pozuntularının aşkarlanması və qarşısının alınması vacibdir. Amma ictimai maliyyənin səmərəsiz istifadəsi Palatanın diqqətindən kənarda qalırsa, bu parlamentin büdcə üzərində nəzarət funksiyasının effektivliyini ciddi şəkildə azaldır. Konkret təkliflər də verə bilərəm. Məsələn, uzun illərdir müxtəlif vergi güzəştləri tətbiq edilir, yaxud qeyri-neft ixracı üçün subsidiyalar verilir. Bunların səmərəliliyini və nəticəliliyini araşdırmağın zamanı deyilmi? İki ildir ki, təhsil sahəsində nəticə əsaslı büdcəyə keçid prosesi başlayıb. Bunun ilkin qiymətləndirilməsini aparmaq vacibdir. Biz bunu hesabatda görmürük”./azpolitika.info