Aleksey Overçuk: “Bu ilin sonuna Azərbaycan-Rusiya sərhəd-keçid məntəqəsinin yenidənqurulması başa çatdırılacaq”
Bu ilin dördüncü rübündə Rusiya tərəfində Azərbaycanla sərhəddə sərhəd-keçid məntəqəsinin yenidənqurulmasının başa çatdırılması, həmçinin keçid zolaqlarının sayının artırılması planlaşdırılır.
Bunu bu gün Bakıda keçirilən Rusiya və Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın plenar iclasında Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.
Onun sözlərinə görə, tərəflər ticarət-iqtisadi əməkdaşlığın inkişafı üzərində işi davam etdirəcəklər.
“Bu il ərzində Rusiya və Azərbaycan müxtəlif fəaliyyət sahələrinə təsir edəcək bir sıra tədbirlər keçirəcək. Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi çərçivəsində fəal işi davam etdirmək lazımdır. ”, – deyə A.Overçuk bildirib.
Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda bir sıra sahələrdə çoxlu sayda Rusiya şirkəti fəaliyyət göstərir. Onun sözlərinə görə, 2022-ci ilin ikinci rübündə Rusiyanın “KamAz” şirkətinin servis mərkəzinin Cəbrayılın “Araz Vadisi İqtisadi Zonası”nda istifadəyə verilməsi planlaşdırılır.
“Azərbaycanla birgə dəmiryol vaqonlarının istehsalının başladılması məsələləri də müzakirə olunub”, – A. Overçuk bildirib.
Onun sözlərinə görə, enerji sektorunda da sabit əməkdaşlığı saxlamaq vacibdir.
“Biz enerji sahəsində əməkdaşlığa hazırıq. Rusiyanın bu sahədə böyük təcrübəsi var. Biz Bakıda keçiriləcək 11-ci Regionlararası Forum çərçivəsində yenidən görüşəcəyimizi və cari layihələrin müzakirəsini davam etdirəcəyimizi gözləyirik”, – deyə Baş nazirin müavini əlavə edib.
O qeyd edib ki, bu gün Rusiya və Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 20-ci – yubiley iclası keçirilir: “Simvolik olaraq bu dövlətlərimiz arasında diplomatik əlaqələrin yaradılmasının 30-cu ildönümünə təsadüf edir. Bu münasibətlə biz qarşılıqlı olaraq ölkə prezidentlərimiz Vladimir Putin və İlham Əliyevin təbriklərini bir-birimizə çatdırdıq”.
A. Overçukun sözlərinə görə, aprelin 4-də Moskva şəhərində hamının tanıdığı Yeni Arbatda yerləşən tikililərdə Azərbaycan və Rusiya bayraqlarının proyeksiyası canlandırıldı: “Bu ilki yubiley dövrü ərzində müxtəlif istiqamətli tədbirlərin keçirilməsi nəzərdə tutulub. Vacib hadisələrdən biri də bu ilin fevralın 22-də Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfəri çərçivəsində iki ölkə arasında qarşılıqlı əməkdaşlıqla bağlı deklarasiyanın imzalanması oldu. Bu sənəd bizim ölkələrimiz üçün yeni perspektivlər açır”.