Türkiyə III dünya müharibəsinin qarşısını alıb SENSASİON İDDİA
“The Times” qəzeti: “NATO qəzəblənib və Türkiyədən hərbi gəmilər üçün keçid istəyib”; Ankara belə bir razılığı versə idi…
Mariupolun Rusiya hərbçilərin nəzarətinə keçməsindən öncəki mühasirəsi zamanı rəsmi Kiyevin Azov dənizi sahilindəki bu şəhəri və “Azovstal” dakı döyüşçüləri necə xilas edəcəyi ciddi müzakirə olunub. Şəhərin Rusiyanın nəzarətinə keçməsindən sonra da Ukrayna ordusunun planları ilə bağlı ən müxtəlif iddialar var. Son olaraq, Kiyev hərbi rəhbərliyi bəyan edib ki, artıq NATO ölkələri onlara lazım olan silahları verirlər və yaxın vaxtlarda əks-hücum olacaq.
CNN Pentaqonun Mariupol blokadasını dəniz yolu ilə yarmaq üçün səy göstərib-götürməməsi ilə maraqlanıb. Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin Qara dənizdə əməliyyatlarda iştirak etməyi planlaşdırmır.
Məlumdur ki, Türkiyə hər hansı bir ölkənin hərbi gəmilərinin Bosfor boğazından Qara dənizə keçməsini qadağan edib. Türkiyənin milli müdafiə naziri Hulisi Akar deyib ki, Türkiyə regionda hərbi əməliyyatların baş verəcəyi təqdirdə hərbi gəmilərin Qara dənizdən çıxarılmasına dair 1936-cı il Montrö Konvensiyasının icrasına sadiqdir. Qadağa həm gəmilərin akvatoriyaya daxil olmasına, həm də oradan çıxışına şamil edilir.
Gazeta.ru yazır ki, Ankaranın qərarı NATO-nu qəzəbləndirib. Alyans komandanlığı Türkiyədən keçidi yalnız Rusiya gəmiləri üçün məhdudlaşdırmağı, NATO üçün isə istisna etməyi xahiş edib. Bu barədə Britaniya Müdafiə Nazirliyindəki mənbələrə istinadən “The Times” qəzeti yazıb. Bildirilir ki, Pentaqon hərbi əməliyyatlar zamanı Qara dənizə getmək istəmədiklərini deməsi doğru deyil. Onlar 2008-ci ildə Gürcüstan-Rusiya müharibəsi zaman nümayişkaranə şəkildə Qara dənizə daxil oldular. İndi isə Türkiyə onlara qadağa qoyulub. Gazeta.ru-ya görə, əslində Ankara NATO-ya Mariupolun dəniz yolu ilə müdaxiləsindən çəkindirib. Əslində isə Türkiyə NATO və ABŞ-ın təzyiqləri qarşısında geri çəkilsəydi, bu həm də faktiki Üçüncü Dünya Müharibəsinin başlamasına da səbəb ola bilərdi. Demək, “The Times” iddiası doğrudursa, Türkiyə həm də Üçüncü Dünya Müharibəsinin qarşısını alıb…
Belə bir qadağanın əsasən, patrul katerləri və yardımçı gəmilərlə təmsil olunan Ukrayna Hərbi Dəniz Qüvvələrinə nə dərəcədə təsir etdiyi tam aydın deyil. Hərbi ekspertlər hesab edirlər ki, amma Türkiyənin belə bir qərarı Rusiyaya sərfəlidir. Çünki Rusiyanın bölgədəki donanmasının hazırkı gücü ölkənin təhlükəsizliyini təmin etmək üçün kifayət edir. Türkiyə, Rumıniya və Bolqarıstandan isə Rusiyanın Qara dənizdəki donanmasına heç bir təhlükə yoxdur.
Məlum olub ki, Rusiyanın hələ mart ayında Şimal və Baltik donanmalarından altı gəmidən ibarət birləşmiş dəstəsi avadanlıq və dəniz piyadaları ilə birlikdə Sevastopola gəlib. Yəni Rusiya lazım olan hərbi gücü toplayıb və Türkiyənin boğazla bağlı qadağası ona ciddi təsir etmir./musavat.com