Ermənistan başını gülləyə sürtür: Zəngilandakı əməliyyatın səbəbi və nəticəsi
Dünən saat 18:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə cəhd göstərilib.
Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
“Dövlət Sərhəd Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində təxribat-diversiya qrupunun Azərbaycan Respublikasının ərazisinə keçməsinin qarşısı alınmış və diversantlar geri çəkilməyə məcbur ediliblər.
Dövlət Sərhəd Xidməti bu hadisəni Ermənistan tərəfinin ölkələr arasında delimitasiya komissiyalarının yaradılması və müvafiq işlərin aparılmasına qarşı yönəlmiş təxribat kimi dəyərləndirir. Ermənistan tərəfinin təxribatı ilə bağlı Rusiya Federasiyasının Federal Sərhəd Xidmətinin Ermənistandakı sərhəd idarəsinin nümayəndələri məlumatlandırılıb. Dövlət Sərhəd Xidməti bəyan edir ki, belə hall bir daha baş verərsə tərəfimizdən daha ciddi tədbirlər görüləcək”, – deyə rəsmi məlumatda bildirilir.
Daha sonra bəyan edildi ki, Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Matirosov Eduard Arturoviç Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
2 il əvvəl, 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanat, daha sonra isə bu sənədin şərtlərinin həyata keçirilməsi üçün Bakı və İrəvan arasında əldə edilmiş 4 (!) razılaşma, ən nəhayət, Brüsseldə ermənilərin baş naziri Nikol Paşinyanın imzaladığı sənəd ilk baxışdan bir sıra suallara cavab olmalıydı.
Həmin suallar arasında ən mühümü Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədinin demarkasiyası və delimitasiyasıdır.
İkinci məsələ Azərbaycanın sərhəd toxunulmazlığı, ərazi bütövlüyü və suverenliyinin Ermənistan tərəfdən rəsmən tanınmasıdır.
Azərbaycan bəhs etdiyimiz məsələlərlə, habelə regionda sülhün və stabilliyin dayanıqlı bərqərar olması ilə bağlı 5 müddəadan ibarət təkliflərini Ermənistana ünvanlamışdı.
Rəsmi İrəvanda da təklifləri qəbul etdiyini vurğulamışdı.
Lakin Nikol Paşinyan iqtidarı hələ də ermənilərin absurd, ekzistensial və irrasional “ideologem”lərindən qurtula bilmədiyini göstərdi.
Osmanlı Türkiyəsində qondarma “erməni soyqırımı”nın “anım günü” ərəfəsində, yəni aprelin 24-dən bir gün öncə Ermənistan Silahlı Qüvvələrinin xüsusi təyinatlı diversiya qrupunun Zəngilanda sərhədi keçərək ərazisimizə sızmaq cəhdi buna bariz sübutdur.
Erməni diversantların əməllərinin səbəbi bəlli olduğu kimi, məqsədi də Polişinel sirridir: onlar hərbçilərimizi və mülki şəxslərimizi hədəfə almaq, qətllər, partlayışlar və diversiyalar törətmək, habelə yollara minalar basdırmaqla məşğul olmaq niyyətində idilər.
Qarşıları alındı, planları puç oldu, biri də saxlanıldı. Daha doğrusu, əsir alındı.
Diversant əsir alınmır – ələ keçirilir və tutulur. Bu səbəbdən də Ermənistan rəsmilərinin, habelə mediasının Eduard Martirosovu (Martirosyanı) “əsir alınmış hərbçi” qismində təqdim etmələri növbəti erməni isterikasından başqa heç nə deyil.
Ermənilərin “milli qəhrəman” saydıqları terrorçu, “Dro” kimi tanınan Drastamat Kanayan 86 il əvvəl “Ermənistan başını gülləyə sürtür” deyərək öz aləmində həmcinslərinin çılğınlıığından bəhs etmişdi.
İndisə, deyəsən, Ermənistan gerçəkdən də, regionda formalaşmış yeni siyasi, hərbi, iqtisadi və geosiyasi reallıqları nəzərə almadan tam siyasi şizofreniya səviyyəsində addımlar atır.
Bunun nəticəsi isə çox pis ola bilər. Ermənistan üçün./milli.az