Vurnuxan Ermənistan: “Əvvəl-axır proses baş tutacaq”

 

“Ermənistanın razılaşmadan kənara çıxması mümkün deyil, əvvəl-axır proses baş tutacaq. Sadəcə olaraq, Ermənistan tərəfi müəyyən vaxt qazanmaq istəyir ki, müxalifəti neytrallaşdırsın. Paşinyan da bilir ki, fəaliyyəti pozuculuğa xidmət edərsə, Avropa İttifaqı ilə Ermənistan arasında əlaqələr ciddi şəkildə zədələnə bilər”.

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Paşinyanın Brüssel görüşündən sonra Minsk qrupunun fransalı və amerikalı həmsədrləri regiona dəvət olundular. Ermənistan onları ATƏT-in Minsk qrupunun amerikalı və fransalı həmsədri kimi təqdim etdisə, fransalı diplomat Bris Rokfey öz ölkəsi tərəfindən Fransa XİN-in Şərq Tərəfdaşlığı məsələləri üzrə nümayəndəsi kimi təqdim olundu. Ermənilərin amerikalı həmsədr kimi qarşıladığı Endryu Şaferi də ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosu “Twitter”də Qafqazda danışıqlar üzrə baş müşavir kimi tanıtdı.  Başqa sözlə, Amerika və Fransa da artıq müharibədən sonra regionda yaranmış yeni reallıqları qəbul edir. Maraqlıdır ki, bu həftə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişell də Nikol Paşinyana zəng edərək onunla Brüsseldə əldə olunmuş razılaşmaların icrası ilə bağlı fikir mübadiləsi aparıb. Bu halda sual yaranır, əgər bütün dünya yeni reallığı qəbul edirsə, Ermənistan niyə vurnuxur? İrəvanın məqsədi nədir? Yenə də əldə olunan razılaşmaların pozulmasına çalışırlar?

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında politoloq Əlimusa İbrahimov bildirdi ki, Ermənistanın ABŞ və Fransa nümayəndələrini ATƏT-in Minsk qrupunun həmsədrləri kimi təqdim etməsi, amma həmin şəxslərin öz ölkələrində başqa statusda tanıdılması ayrı-ayrı səbəblərlə izah oluna bilər: “Birincisi, Ermənistan tərəfindən Fransa və ABŞ nümayəndələrinin ATƏT-in Minsk qrupunun həmsədri kimi təqdim olunması məqsədli şəkildə edilir və hesab edirlər ki, elə belə də olmalıdır. Bizim bildiyimiz kimi Minsk qrupunun həmsədrliyinə təqdim olunan şəxslər öz ölkələrində bu və ya digər vəzifəni daşıyır. Xüsusilə, həmin şəxslər ölkələrinin Xarici İşlər Nazirliyində çalışırlar. Burada heç bir şübhəli və qərəzli məsələ yoxdur. Lakin bu şəxslərin öz ölkələri tərəfindən ATƏT-in Minsk qrupunun həmsədri kimi yox, başqa statusda təqdim edilməsi, həqiqətən, də sual doğurur. Hesab edirəm ki, ABŞ və Fransa tərəfindən bu, məqsədyönlü şəkildə edilib. Yəni bu onu deməyə əsas verir ki, artıq ABŞ, eləcə də Fransada ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə hesablaşırlar. Buna görə də öz nümayəndələrini ATƏT-in Minsk qrupunun həmsədri kimi deyil, məhz Xarici İşlər Nazirliyinin, yaxud da Dövlət Departamentinin məsul işçisi kimi təqdim edirlər”.

Ə.İbrahimov qeyd etdi ki, Ermənistan hələ də ATƏT-in Minsk qrupunun fəaliyyətini dayandırması ilə razılaşmaq istəmir: “Necə ki, ermənilər əvvəllər Minsk qrupunun fəaliyyətinə ümid bəsləyirdilər və inanırdılar ki, onlar İrəvanın istəklərinin yerinə yetirilməsinə dəstək olacaqlar, indi də bu istəkdədirlər və onun arxasınca sürünməyə davam edirlər. Razılaşa bilmirlər ki, artıq bu format bitib. ABŞ və Fransa rəsmilərinin Minsk qrupunun həmsədrləri kimi təqdim edilməsinin digər bir səbəbi də ola bilər. Ola bilsin ki, Ermənistan Rusiyadan ehtiyat edərək belə edib. Ermənistan düşünüb ki, onları həmsədrlər kimi təqdim etsə, Rusiyanı qıcıqlandırmazlar”.

Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Vətən müharibəsindən sonra ATƏT-in Minsk qrupu formatı de-fakto fiaskoya uğrayıb: “Demək olar ki, Minsk qrupu qüvvədən düşüb. ABŞ, Fransa və Rusiya artıq Qafqaz üzrə öz nümayəndələrini təyin edirlər. İndiki mərhələdə Ermənistanın “Minsk qrupu” ifadəsini dilə gətirməsi heç bir nəticə verməyəcək. Onsuz da həm ABŞ və Fransa, həm də Rusiya öz nümayəndəsini bu formatdan çıxarıb. Bu ölkələr artıq belə bir addım atıbsa, Ermənistan bundan sonra heç nə edə bilməyəcək. Digər tərəfdən Ermənistan Brüsselin təzyiqlərindən kənar qaça bilməyəcək. Çünki ortada razılaşma var, danışıqlar prosesi gedir. Nikol Paşinyan konkret olaraq Azərbaycanla sülhə getməlidir və Avropa İttifaqı məhz bunu da tələb edir. Düşünürəm ki, Paşinyanın Rusiyaya səfəri də başladılan prosesin qarşısını ala bilməyəcək”.

M.Əsədullazadə qeyd etdi ki, Ermənistan hakimiyyəti müxalifətdən çəkindiyi üçün belə edir: “Minsk qrupu” ifadələri kimi qeyri-konstruktiv məsələlərə əl atmağa çalışır. Bu da təbii ki, Ermənistanın əleyhinə işləyə bilər. Ona görə də, hesab edirəm ki, Ermənistan tərəfi Brüsseldə əldə olunmuş razılaşmalara əməl edəcək, sülh prosesi istiqamətində müəyyən addımlar atacaq. Yəni Ermənistanın razılaşmalardan kənara çıxması mümkün deyil, əvvəl-axır proses baş tutacaq. Sadəcə olaraq, Ermənistan tərəfi müəyyən vaxt qazanmaq istəyir ki, müxalifəti neytrallaşdırsın. Paşinyan da bilir ki, fəaliyyəti pozuculuğa xidmət edərsə, Avropa İttifaqı ilə Ermənistan arasında əlaqələr ciddi şəkildə zədələnə bilər. Bu baxımdan rəsmi İrəvanın məqsədi müəyyən qədər vaxt qazanmaqdır. Hazırda Ermənistanın aparılan danışıqlardan geri çəkilməsi mümkün deyil. Ermənistan yaxşı başa düşür ki, müharibədən sonra yeni geosiyasi reallıq yaranıb və bununla barışmalıdır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password