“Gizlənmək utancvericidir, mən hər gün bunu yaşayıram” – Zelenskaya

 

“973 uşaq Türkiyəyə təxliyə edilib. Türkiyənin dəstəyini sözlərdə deyil, əməllərdə gördük”. 

Bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya “Anadolu” agentliyinə müsahibəsində deyib.

O, müharibə şəraitində psixologiyasının necə olmasından danışıb:

“Mülki insanların qətlə yetirildiyi Buça və on minlərlə insanın taleyinin qeyri-müəyyən olduğu, məhv edilən Mariupoldan sonra necə dözürəm? Hər gün Xarkova yağdırılan bombalardan sonra? Həyatını itirən 200 uşaq və şikəst edilən minlərlə uşaqdan sonra psixologiyam necədir?

Bəlkə, burada daha sakit və epik bir şey deməli idim, amma mən hər şeydən öncə insanam və hər normal insan kimi acı hiss edirəm. Hər gün…”.

Zelenskaya xəbərləri açanda ağlından keçənləri dilə gətirib:

“Xəbərləri açanda ağlımdan keçən ilk şey yeni bombardmanın olmamasıdır. Rusiyanın yenidən atəş açdığını görəndə də “zərərçəkənlər olmasın” deyə düşünürəm. Amma olur. Çünki Rusiya mülki əhalini vurur. Hər kəs digərinin kədərini yüngülləşdirmək üçün əlindən gələni edir”.

Birinci xanım gizlənmək məcburiyyətinə də toxunub:

“Gizlənmək utancverici bir şeydir. Bu utancı hər gün yaşayıram. Bunu heç vaxt bağışlamayacağam. Həyati təhlükə bütün Ukrayna qadınları, kişiləri və uşaqları üçün hər zaman var. Hamımızı məhv etməyin mümkün olmadığı aşkardır və həyatda qalan heç kim bu duyğunu əsla unutmayacaq.

Zelenskaya ukraynalı qadınlara qarşı təcavüz xəbərlərindən danışmağın adi cinayətlərdən söz açmaqdan daha qorxunc olduğuna diqqət çəkib:

“Çünki qurbanlar acı çəkməyə davam edir. Onlar cinayətlə müqayisə ediləcək qədər böyük bir qorxu və təkrar-təkrar xatırladıqları bir müdafiəsizlik yaşadı. Yaşadıqları bu qorxu və çarəsizlik xatirələrində təkrar-təkrar təzələnir.

Öldürmə, dağıdılan, parçalanan bir həyatdır. Təcavüz də qırılan bir həyatdır, amma təcavüzün ardından insan özünü parça-parça da olsa, toplayaraq, yaşamağa məcbur qalır.

Qurbanların məruz qaldığı təcavüzdən danışması, yaxınları ölən qohumların vəziyyətindən daha çətindir. Çünki “mənə bunu etdilər” demək bunu təkrar yaşamaq kimidir. Buna görə yeni bir travma yaşatmamaq üçün bu hadisələri diqqətlə paylaşırıq. Ancaq rusların ukraynalı qadınlara qarşı təcavüzü qorxunc həddə çatıb, bunu inzah etmək məcburiyyətindəyik.

Rus ordusu yırtıcı və mülki şəxslərin qatili olmaqdan da o tərəfə keçib, acı çəkdirməkdən zövq alan kütləvi manyak olaraq qarşımıza çıxdı. Manyaklar da gücünü ədalətli müharibədə deyil, müdafiəsiz insanlar üzərində göstərir. Ombudsmanımız Lyudmila Denisova bu hadisələri qeydə alır.

Əlaqədar qurumlarımız – rus əsgər deyə bilməyəcəyəm – canavarların Buçada zorla saxladıqları 25 qadına yaşatdıqlarını bilirlər. bunun nəticəsində 9 qadın hamilə qaldı. Biz “qadın” deyirik, amma aralarında həddi-büluğa çatmayan kiçik qızlar da var”.

O, ukraynalı qadınlara və qızlara çağırış edib:

“Siz qiymətsizsiniz, həyatlarınız çox dəyərlidir. Sizin başınıza gələnlər silahlı manyakların günahıdır. Susmayın, bu acını içinizdə saxlamayın, bizimlə danışın, etibar etdiyiniz insanlarla danışın. Bu caniləri cəzalandırmağımıza kömək edin. Canlarım, hər birinizi qucaqlayıram. Sevgimiz sizinlədir. Özünüzə gəlməyiniz və həyata davam etməyiniz üçün hər şeyi edəcəyik. Həm də xoşbəxt bir şəkildə! Çünki siz ən yaxşısına layiqsiniz”.

Zelenskaya ona qorxu və ya cəsarət verən duyğulardan danışıb:

“Mən sizə minlərlə ukraynalının dəhşətli taleyindən danışdım. Açığı, bütün bunlardan sonra mənim üçün narahat olmağa o qədər də hər hansı emosiya qalmayıb. Bütün qorxu, qəzəb və göz yaşları hazırda vəziyyəti daha pis olanların tərəfindədir.

Kiminsə əzabının ağrısını sən də hiss edirsən. Eyni şeyi cəsarətə də aid etmək olar.. Ukrayna Silahlı Qüvvələrinin müharibənin dəhşətli hadisələrinə rəğmən necə vuruşmasını, Mariupolun zirzəmilərində yaşayan insanların oradan çıxan kimi könüllü olaraq başqalarına kömək etməsini, dağıntıları təmizləyən Ukrayna Fövqəladə Hallar Xidmətinin ekipajlarının və ya bombardman altında evakuasiya qatarlarını idarə edən dəmiryolçuların necə işlədiyini görürsən.  Cəsarət budur. Kimsə siiznlə bu cəsarəti paylaşanda, sən də başqası ilə paylaşmasan dayana bilmirsən”./qafqazinfo.az

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password