Putin görüşdə “Qarabağ” dedi: bu, mövqedir!
Rusiya Prezidenti ilə Ermənistanın Baş naziri arasında keçirilən görüşdə müzakirə edilən mövzular rəsmi bəyanatdan fərqli olaraq, daha geniş, dərin və təfərrüatlı olub.
Bu fikirləri tanınmış rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.
“Putin və Paşinyan görüşündən əvvəl Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Qərb dövlətlərinin birgə bəyanatı səsləndirilmişdi. Təbii ki, AB və ABŞ fəal şəkildə Rusiyanı regiondan çıxarmağa çalışır. Böyük bir oyun gedir, o cümlədən Cənubi Qafqazda da. Qərb isə burada çox fəal rol oynayır. Paşinyanla Avropa elitasının bir hissəsi arasında ənənəvi möhkəm əlaqələri nəzərə alsaq, o, bundan maksimum fayda əldə etmək istəyir və eyni zamanda bir neçə kresloda (rus, avropalı, amerikalı) oturmağa cəhd edir.
Qərblə çox güclü qarşıdurmanın olduğu bir vaxtda Cənubi Qafqaz regionunun sakitlik, təhlükəsizlik və sülh zonası olması Rusiya üçün son dərəcə vacibdir. Qeyd edək ki, Putinlə Paşinyan arasında danışıqların ictimai hissəsində fikir mübadiləsi aparılarkən Ermənistanın Baş naziri “Dağlıq Qarabağ”, Putin isə “Qarabağ” terminindən istifadə edib. Paşinyan “Dağlıq Qarabağ” deyərək Ermənistanın mövqeyinə müraciət edir, bunun separatçı qurum olduğunu, Putin isə “Qarabağ” deyərək vurğulayır ki, bu, Azərbaycanın ayrılmaz hissəsidir. Yəni, bu cür mülahizələri regionun gələcəyi ilə bağlı rəsmi Moskva və rəsmi İrəvanın nümayiş etdirdiyi fərqli baxışlar kimi qəbul etmək olar”, – rusiyalı ekspert qeyd edib./axar.az