Denis Denisov: “Paşinyan Azərbaycanla sülh müqaviləsinə lobbiçilik edib, qəbul etdirəcək”
“Kommunikasiya qurmaq və nizamlanma prosesinə mümkün qədər hərtərəfli töhfə vermək lazımdırsa, o zaman bu görüşlərin konstruktiv aspektlərinə diqqət yetirmək lazımdır, bu həm Ermənistanın, həm də Azərbaycan marağındadır”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan və Ermənistan arasında danışıqların və gələcəkdə sülh müqaviləsinin imzalanma perspektivlərindən danışan Rusiya Sülhməramlı Təşəbbüslər və Konfliktologiya İnstitutunun direktoru Denis Denisov deyib.
Ekspert qeyd edib ki, bu çətin vəziyyətdə dövlət başçılarının bu regionu başqa cür adlandırmasına diqqət yetirmək və burada hansısa simvolizm axtarmaq olar:
“Amma mənə elə gəlir ki, sülhü daha davamlı etmək üçün müsbət dinamika və obyektiv ilkin şərtlərin olması daha vacibdir. Mən Rusiya-Ermənistan münasibətlərindəki tendensiyalara da çox nikbin baxıram. Ümid edirəm ki, bu istiqamətdə Rusiya-Azərbaycan arasındakı danışıqlar daha da fəallaşacaq. Bu, xüsusilə indiki geosiyasi vəziyyətdə bütün tərəflər üçün faydalıdır”.
Denis Denisov İrəvanda sülh sazişinin imzalanmasına qarşı keçirilən etiraz aksiyalarına, həmçinin bu prosesə qarşı çıxan keçmiş yüksək rütbəli erməni məmurların və Ermənistan parlamentindəki deputatların müqavimət cəhdlərinə belə cavab verib:
“Ermənistan və Azərbaycanın siyasi sistemləri tamamilə fərqlidir, onlar bir-birindən əsaslı şəkildə fərqlənirlər. Bu ölkələrin siyasi mənzərəsi fərqlidir. Azərbaycanda biz dövlət üçün, ölkənin xarici siyasəti üçün öz səmərəliliyini göstərmiş aydın şaquli və inteqrasiyalı model görürük. Ermənistanda isə hələ də daimi siyasi qeyri-sabitlik davam edir. Bu, Ermənistan cəmiyyətinin siyasi cəhətdən parçalanması ilə bağlıdır. Qarabağla bağlı məsələyə radikal yanaşan insanlar var. Realistlər də var ki, onlar heç bir revanşın mümkün olmayacağını anlayır, çünki bu, bütövlükdə dövlət üçün fəlakətlə nəticələnər. Bu, müxtəlif siyasi və oliqarx qrupların rəqabəti, nizamlanma ilə bağlı ideya yarışıdır.
Bəs Paşinyan bu şərtlər daxilində Azərbaycanla müqavilə imzalaya biləcəkmi? Mən düşünürəm ki, bəli. Ermənistanda daxili ziddiyyətlər yaranmasına baxmayaraq, Nikol Paşinyan dəfələrlə nümayiş etdirib ki, lazım gələrsə, konkret məsələlərin həlli üçün əksəriyyəti konsolidasiya edə bilir. Əgər onun tərəfində siyasi iradə olarsa, o zaman Azərbaycanla müqavilənin imzalanmasında problem olmayacaq”.