Aprelin 22-də Bakı Slavyan Universitetində (BSU) bu ali təhsil ocağının şəhid məzunu, 44 günlük Vətən müharibəsinin iştirakçısı Nicat Şükürlünün xatirəsinə həsr olunan “Nicat yolu” adlı sənədli filmin ilk nümayişi olub. Tədbirdə şəhidin ailə üzvləri, dostları, döyüş yoldaşları, həmçinin qrup və sinif yoldaşları, 49 №-li “İntellekt” məktəb-liseyinin müəllimləri, universitet heyəti və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan bütün şəhidlərin, o cümlədən BSU-nun məzunu olmuş şəhidlərin xatirəsinin hər zaman qəlblərdə yaşayacağını bildirib. “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın azadlığını təmin etmiş şəhidləri bir daha yad edirik” deyə o, qeyd edib. Rektor bu kimi tədbirlərin gənclərin vətənpərvər ruhda yetişməsində əhəmiyyətindən danışıb. Anar Nağıyev Prezident İlham Əliyevin Şuşada bu gün keçirilən Dünya Azərbaycanlılarının Qurultayındakı çıxışına toxunaraq bu tarixi günün əhəmiyyətini vurğulayıb.
Sonra sənədli filmin nümayişi başlayıb. Filmdə şəhidin ailə üzvləri, orta məktəb və universitet müəllimləri, sinif və qrup yoldaşları, yaxınları onun keçdiyi həyat yoluna işıq salıb, xatirələrini bölüşüblər.
Filmin nümayişindən sonra çıxış edən “İki sahil” qəzetinin baş redaktoru “Jurnalistika” kafedrasının müdiri, professor Vüqar Rəhimzadə Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın möhtəşəm tarix yazdığını, bu həmmüəlliflərdən birinin Nicat Şükürlü olduğunu deyib. O, Vətən uğrunda canını fəda edən insanların yalnız doğum tarixi olduğunu, ölümsüzlük qazandığını qeyd edərək, Nicat Şükürlü və bütün şəhidlərin daim qəlblərdə yaşacağını vurğulayıb.
Filmin ssenari müəllifi və rejissoru, BSU-nun “Jurnalistika” kafedrasının dosenti Mübariz Əhmədov filmin hazırlanmasında məqsədin Nicatın timsalında mərd, qoçaq, mübariz bir gəncin portretini yaratmaq olduğunu bildirib. İkinci Qarabağ savaşı zamanı şəhid olmuş BSU-nun 3 məzununun hər biri ilə bağlı film ərsəyə gətiriləcəyini deyib.
Tədbirin sonunda çıxış edən şəhid Nicat Şükürlünün valideyinləri dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söz açıblar.
Qeyd olunub ki, Nicat Şükürlü Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.