Rusiya İrəvana ağır cəza kəsdi – Bakı Paşinyanın qərarını gözləyir

 

Kreml Azərbaycan-Ermənistan münasibətlərinin tək və əsas moderatoru olmaqda israrlıdır. Bunu 44 günlük müharibənin bitdiyini elan edən 10 noyabr üçtərəfli bəyanatından tutmuş, 11 yanvar, 26 noyabr sənədlərindən ta ki, bu yaxınlarda Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Minsk Qrupunun dağıldığı ilə bağlı açıqlamasından da anlamaq çətin deyil.

6 apreldə Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin moderatorluğu ilə Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli görüşünün gerçəkləşəcəyini duyar-duymaz Kremldən Bakı və Moskvaya edilən zənglər də bu deyilənlərin növbəti təsdiqidir. Brüsseldə məlum görüş və İlham Əliyevlə Nikol Paşinyan arasında sülh yolunda əldə edilən önəmli razılıqlardan dərhal sonra Ermənistan xarici işlər naziri Mirzoyanın dərhal Moskvaya dəvət edilməsi Kremlin vəziyyəti daha dərindən təhlil etmək baxımından önəmli detallara varmaq istəyinin səbəbi idi.

Aprelin 19-da Nikol Paşinyanın bundan öncə təxirə salınan Moskva səfəri isə Rusiyanın regionla bağlı planlarını daha da aşkara çıxarmaq baxımından Moskva üçün olduqca önəmli idi. Görüş zamanı gözlənilən kimi Vladimir Putin və N.Paşinyan iki ölkə arasında, bir sıra sahələri əhatə edən önəmli sənədlərə imza atsalar da burada xüsusilə bir məsələ diqqət çəkdi. “Rusiya və Ermənistanın əraziləri biotəhlükəsizliyə təhlükə yaradan üçüncü ölkələrin fəaliyyəti üçün verilməyəcək” adlı anlaşmadan da görünür ki, Moskva İrəvanı bu sənədə imza atmaq məcburiyyətində qoyaraq onun Qərblə əməkdaşlığını faktiki olaraq qismən də olsa əngəlləməyə çalışır. Nəzərə alsaq ki, Türkiyə ilə Ermənistan arasında da münasibətlər son dönəmlər normala dönməyə başlayıb, bu, eyni zamanda Ankaranın da İrəvandakı gələcək planlarını müəyyən mənada bloklamaq məqsədi güdür.

Putin-Paşinyan görüşündən sonra Kremlin mətbuat xidmətinin yaydığı məlumatda isə Rusiyanın regionla bağlı planları tam təfsilatı ilə özünü göstərdi: “Liderlər Cənubi Qafqazdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Onlar Azərbaycan, Ermənistan və Rusiya liderlərinin müntəzəm görüşləri çərçivəsində konstruktiv işin davam etdirilməsinin və üç liderin noyabrın 10-da imzaladığı razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin tərəfdarı olduqlarını bildiriblər”. 

Belə anlaşıldı ki, Rusiya bundan sonra da 44 günlük müharibəyə qədər olduğu kimi regionla bağlı siyasətində zərrə qədər də olsun dəyişiklik etmək niyyətində deyil. Qərbin Azərbaycanla Ermənistan arasında sülhə nail olmaq istiqamətindəki fəallığı fonunda Moskvanın etdiyi sadəcə, prosesləri deaktivləşdirməkdir. Rusiya yenidən geridə qalan 30 il ərzində olduğu kimi tərəflər arasındakı gərginliyi sonlandırmaq adı altında get-gəl edərək prosesləri öz istəyinə uyğun şəkildə yönləndirməklə Cənubi Qafqazdakı vəziyyəti Qarabağ faktoru ilə nəzarətdə saxlamaq niyyətini gizlədə bilmir. Beləcə, Rusiya Vətən müharibəsindən bu yana Ermənistan və Azərbaycan liderləri arasında vasitəçiliyi ilə imzalanan sənədlərin əslində kağız parçasından başqa bir şey olmadığını, bunların icrası məsələsinin Moskvanın maraqlarına uyğun şəkildə, uyğun zamanda aktual ola biləcəyini nümayiş etdirir.

Nəzərə alsaq ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu gün Kremldə Vladimir Putinin qəbulunda olaraq ona Ukraynada aparılan hərbi əməliyyatlarla bağlı hesabat verərkən Mariupol şəhərinin artıq Rusiya ordusunun tam nəzarətində olduğunu açıqladı, o zaman Moskvanın Şərqi Avropadakı savaşı sonlandırmaq üçün son akordları basdığını deyə bilərik. Çünki Ukraynanın əsas strateji limanlarından hesab edilən Mariupolun tamamilə nəzarəti götürülməsi o deməkdir ki, Rusiya avtomatik olaraq Dnestryanıya dəhliz yaradır. Bu isə Rusiyanın çox keçmədən diqqətinin əhəmiyyətli hissəsini yenidən Cənubi Qafqazdakı proseslərə yönəltməyə imkan verəcək.

Nəzər alsaq ki, Nikol Paşinyanın Moskvaya səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinin “Qarabağın təhlükəsizliyi” ilə bağlı səsləndirdiyi fikirlər Moskvanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında maraqlı olmadığını göstərməklə yanaşı, Moskvanın Ermənistan-Azərbaycan münasibətlərinin gərgin olaraq qalması üçün əlindən gələni etdiyini göstərən növbəti önəmlıi detaldır.

Brüssel danışıqlarında əgər rəsmi Bakı ilə İrəvan arasında birbaşa dialoqun baş tutmasının şahidi olduqsa, bunun effektini gördüksə, bunu Paşinyanın Moskva səfərində Rusiya liderinin göstərdiyi mövqeyə, Kremlin görüşün nəticəsi ilə bağlı səsləndirdiyi bəyanata aid etmək olmaz. Çünki şimal qonşumuz heç də uzun illər düşmənçilik şəraitində yaşayan bu iki ölkənin dil tapmasının, sülhə imza atmasının tərəfdarı deyil.

Qərbi haqlı olaraq ikili standartlarda suçlayan Rusiyanın “ədalət” çəkisi heç də ABŞ-ından, Fransasından ağır gəlmir. Amma onu hesaba qataq ki, artıq Qərb də Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında qətiyyət nümayiş etdirməyə başlayıb. Bunu N.Paşinyanın Moskva səfərindən öncə Şarl Mişelin erməni baş nazirlə telefon görüşməsindən də anlamaq olar. Ş.Mişel çox yaxşı anlayır ki, hazırki hal-qəziyyəni əldə saxlamaq, danışıqlar prosesini qoruyub saxlamaq çətin olacaq. Amma hər şey Nikol Paşinyanın Moskvadan hansı tələb və tapşırıqla qayıdacağını daha dəqiq anlayana kimidir. Belə ki, erməni baş nazir bir həftə əvvəl Qarabağla bağlı dediklərini (“Ermənistan və Azərbaycan tezliklə sülh sazişi imzalamalıdır”) təkrarlasa demək Azərbaycanın ərazi bütövlüyünü tanımaq qərarından vaz keçməyib, yox əgər yenidən “status” mövzusunu gündəmə gətirsə demək Kremlin təzyiqləri öz işini görüb.

Proseslərin yaxın günlərdə hansı məcrada inkişaf edəcəyi də məhz Paşinyanın Moskva görüşündə əldə olunan “razılıqların” nədən ibarət olacağını açıqlayacağında müəyyənləşəcək. Rəsmi Bakı istər Moskvadan, istərsə də İrəvandan edilən açıqlamaları diqqətlə izləyir. Azərbaycanın 5 maddəlik təklifini məqbul hesab edən Qərb də sülhün alternativinin İrəvan üçün yaxşı nəticələnməyəcəyindən xəbərdardır. İndi son qərar Ermənistanındır: ya ona edilən təzyiqlərə rəğmən Brüsseldə əldə olunan razılıqlardan imtina etməyəcək, ya da özü öz cəzasını kəsəcək …/milli.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password