Dünya Azərbaycanlılarının V Qurultayında müzakirə ediləcək məsələlər açıqlanıb
“Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi ilə bağlı hazırlıq işləri yekunlaşır. Qurultay Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçiriləcək”.
Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.
Onun sözlərinə görə, tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir:
“Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələrin təşkili planlaşdırılır.
Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq.
Dünya azərbaycanlılarının mötəbər tədbirinin tarixi zəfərimizin rəmzi olan Şuşada keçirilməsi çox böyük siyasi əhəmiyyətə malik olan əlamətdar tarixi hadisə, unudulmayacaq böyük bayramdır. Ona görə də biz bu qurultayı Zəfər Qurultayı adlandırırıq”.