“Fəryad 2” niyə göstərilmir?
Mədəniyyət nazirliyinin rəsmiləri teleqraf.Com-un sorğusuna cavab olaraq “Fəryad 2” filminin kütləvi nümayişə çıxarılmamasını filmin beynəlxalq kino festivallarına təqdim edilməsi ilə əlaqələndirib.
Film festivallarında premyera (ilk nümayiş) ilə bağlı tələblər əlbəttə ki, mövcuddur. Ancaq bu tələbləri pozmadan da filmin nümayiş etdirmək mümkündür.
Oskarla festivallar adətən qarışdırılır, buna görə qeyd etmək lazımdır ki, Oskar festival yox Amerika Kinematoqrafiya Akademiyasının mükafatıdır. Mükafat il ərzində ABŞ-da istehsal olunan (Cəmi bir xarici film nominasiyası var) filmlərə verilir.
Kann, Berlin, Venesiya kimi festivallar isə milli yox beynəlxalq əhəmiyyətli festivallardır. Filmlər kütləvi nümayişə buraxıldıqdan sonra Oskara təqdim edilir. Festivallar isə premyeranın festivalda keçirilməsini tələb kimi qoyurlar.
Ancaq premyeranın da növləri var və hər festival bu növlərdən birini şərt qoşur. Misal üçün, ən nüfuzlu festival sayılan Kann Film Festivalı istehsal edildiyi ölkə istisna edilməklə heç bir beynəlxalq müsabiqədə göstərilməmiş filmləri qəbul edir. Yəni, Kanna təqdim edəcəyimiz filmin öz ölkənizdə nümayiş etdirə bilərsiniz, ancaq onun beynəlxalq premyerası Kannda olmalıdır. (III maddə) Berlin festivalı da anoloji qaydalarla çalışır.
Venesiya festivalı isə filmin ictimaiyyət üçün açıq nümayişini qadağan edir. Bu halda isə film xüsusi dəvətnamə ilə kino ictimaiyyəti üçün nümayiş etdirilə bilər. Mədəniyyət nazirliyinin daim etdiyi kimi…
Bəzi festivallar isə qitə, bəziləri isə regional premyera tələb edir. Daha aşağı dərəcəli festivallar isə belə tələblər qoymur.
Kann və Berlin icazə versə də praktikada təqdim edilən prodüserlər filmlərin nümayişini festivaldan sonraya saxlayırlar. Ancaq heç bir festival filmin istehsal edilən ölkədə nümayişini (biletli və ya dəvətli formada) qadağan etmir.
Berlin film festivalı fevralda başa çatıb, gələn ay keçiriləcək Kann festivalının proqramına “Fəryad 2” düşməyib. Sentyabrda keçiriləcək Venesiya festivalının proqramı isə açıqlanmayıb.
Bir sözlə, “Fəryad 2” filmi heç bir qaydanı pozmadan nümayiş etdirilə bilər və nazirliyin bu açıqlaması təəssüf doğurur. Mədəniyyət nazirliyinin bu açıqlaması Müşfiq Hətəmovun yoxluğunun gün keçdikcə daha çox hiss edildiyini göstərir.
Qan Turalı