İrəvandan Moskvaya həlledici səfər – Hər şey yenidən başlayır?

 

“Brüssel görüşünün nəticələri onu deməyə əsas verir ki, Ermənistanın alternativ yolu yoxdur”.

Bunu açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.

O bildirib ki, Azərbaycanın irəli sürdüyü 5 şərtdən ibarət təkliflər paketi Ermənistan üçün həyati əhəmiyyət daşıyır:

“Qərbdəki siyasi dairələr Azərbaycanın mövqeyini dəstəkləyirlər. Avropa İttifaqı kimi nüfuzlu qurumun Azərbaycanın irəli sürdüyü şərtləri məqbul hesab etməsi Ermənistana başqa bir çıxış yolu qoymur. Nikol Paşinyanın Ermənistan parlamentinin sonuncu iclasında səsləndirdiyi fikirlər də onu göstərir ki, Ermənistan rəhbərliyi artıq başqa bir çıxış yolunun olmadığını etiraf edir.

Təəssüf ki, istər Ermənistanın daxilində, istər Qarabağda sülhməramlıların müvəqqəti səlahiyyət zonasında, istərsə də xaricdəki bəzi siyasi dairələr bu prosesi sabotaj etməyə çalışırlar. Bu qüvvələr bizə də bəllidir. Hər vəchlə Minsk qrupunun prosesə cəlb edilməsinin vacibliyini vurğulayan bəzi xarici dairələr hazırkı prosesi sabotaj etməyə çalışırlar. Son vaxtlar Qarabağda qanunsuz erməni silahlılarının intensivləşən tərxibatçı əməlləri də bu kontekstdən izah oluna bilər. Bir sözlə, sülh quruculuğu prosesinin qarşısını kəsməyə çalışan qüvvələrin mövcudluğu istisna deyil. Hətta bəzi hallarda Paşinyan hakimiyyətinə qarşı çevriliş cəhdlərinin də şahidi olmaqdayıq.

Xüsusən, Köçəryan-Sarkisyan-Ohanyan üçlüyü maksimum səylə çalışır ki, Paşinyanı sülh müqaviləsi imzalamaq yolundan döndərsinlər. Paşinyanın Moskva səfəri də proseslərin sonrakı inkişafı baxımından həlledici ola bilər. Çünki son vaxtlar müşahidə olunan sülh quruculuğu prosesinin arxasında Qərbin təşəbbüskarlığı dayanır. İndiki məqamda Paşinyanın Moskva səfəri diqqəti cəlb etməyə bilməz. İstənilən halda top Ermənistanın meydanındadır. Azərbaycanın irəli sürdüyü 5 şərtdən ibarət təkliflər paketi beynəlxalq hüququn əsas norma və prinsiplərinə söykənir. Bu şərtləri yerinə yetirmək Ermənistan üçün də həyati əhəmiyyət daşıyır. Əks halda, hadisələrin sonrakı inkişafı elə ilk növbədə Ermənistan və erməni xalqının özü üçün daha ağır nəticələr doğuracaq”./milli.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password