İlham Əliyev üç ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşinin etimadnaməsini qəbul edib.
Səfir Məhəmməd Əl Bluşi etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə dinamik şəkildə uğurla inkişaf etdiyini bildirib. Abu-Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nahyanla telefon söhbətini xatırladan Prezident İlham Əliyev həmin söhbət zamanı əlaqələrimizin daha da intensivləşdirilməsinin vacibliyini bildirdiyini vurğulayıb. Dövlət başçısı məmnunluqla qeyd edib ki, bu telefon danışığından sonra Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, Abu-Dabi Milli Neft Şirkətinin idarəedici direktoru, BƏƏ-nin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi, “Masdar” şirkətinin sədri Sultan Əhməd Əl Caber Azərbaycanda səfərdə oldu və səfər zamanı əməkdaşlığımızın strateji əhəmiyyəti qeyd edilib, həmçinin BƏƏ-nin ölkəmizdə konkret investisiya layihələri ilə bağlı səmərəli müzakirələr aparılıb. Prezident İlham Əliyev bu baxımdan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlinin qoyulmasının önəmini vurğulayıb, hazırda ölkələrimiz arasında bərpaolunan enerji sahəsində çoxmilyardlı investisiya portfeli üzərində iş aparıldığını bildirib və bunu iki ölkə arasında dostluq, qardaşlıq və böyük qarşılıqlı marağın göstəricisi kimi dəyərləndirib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda çox əlverişli investisiya iqlimi, cəlbedici enerji sektoru mövcuddur və bu, BƏƏ hökuməti tərəfindən də yüksək qiymətləndirilir. Prezident İlham Əliyev ölkələrimiz arasında möhkəm siyasi əlaqələrin olduğunu bildirdi, eyni zamanda, digər sahələrdə, o cümlədən nəqliyyat sahəsində də əməkdaşlığın genişlənməsi üçün böyük imkanların olduğunu deyib və artıq ölkəmizin nəqliyyat infrastrukturuna BƏƏ tərəfindən investisiya qoyulduğunu qeyd edib. Azərbaycanın müxtəlif istiqamətlərə yönəlmiş çoxşaxəli mühüm regional nəqliyyat habına çevrildiyini vurğulayan dövlət başçısı bu sahədə əməkdaşığımızın genişləndirilməsi üçün çox yaxşı perspektivlərin olduğunu deyib.
Xoş sözlərə görə minnətdarlığını bildirən səfir BƏƏ Prezidenti Şeyx Xəlifə bin Zayed Əl-Nəhyan, BƏƏ-nin vitse-prezidenti Şeyx Məhəmməd bin Rəşid Əl-Maktum və Abu-Dabi Əmirliyinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyanın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Şeyx Xəlifə bin Zayed Əl-Nəhyan, Şeyx Məhəmməd bin Rəşid Əl-Maktum və Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyana çatdırmağı xahiş edib.
Ölkələrimiz arasında güclü qardaşlıq əlaqələrinin mövcud olduğunu vurğulayan səfir BƏƏ-nin siyasi, iqtisadi, sosial, mədəni sahələrdə əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində böyük səylər göstərdiyini bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmidin etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Dövlət başçısı Azərbaycanla Misir arasında siyasi və mədəni sahələrdə sıx əlaqələrin mövcud olduğunu vurğulayaraq beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin qarşılıqlı dəstəyini qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi və sədrlik müddətinin uzadılması ilə bağlı Misirin dəstəyini yüksək qiymətləndirib. Dövlət başçısı İslam Əməkdaşlıq Təşkilatında fəal əməkdaşlığımızı qeyd etdi və ölkəmizin ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı zamanı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamələrə verdiyi davamlı dəstəyə görə də Misirə minnətdarlığını bildirib. Prezident İlham Əliyev bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının nazirlər səviyyəsində görüşündə Azərbaycanın mədəni irsi və ərazi bütövlüyünün bərpası ilə bağlı qətnamələrin qəbul olunmasında təşkilatın güclü dəstəyini xüsusi olaraq vurğulayıb. Dövlət başçısı Azərbaycanın da öz növbəsində Misiri beynəlxalq arenada dəstəklədiyini bildirib. İqtisadi əlaqələrə toxunan Prezident İlham Əliyev bu sahədə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı ticarətin həcminin artırılmasının zəruriliyini qeyd edib. Dövlət başçısı vurğulayıb ki, biznes dairələri arasında qarşılıqlı səfərlərin təşkili bu işə öz töhfəsini verə bilər.
Prezident İlham Əliyev deyib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-yenidənqurma işlərində Misir şirkətlərinin iştirakından məmnun olar və bu əməkdaşlımızın yaxşı nümunəsi ola bilər. Dövlət başçısı qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə böyük həcmdə görüləsi işlər var və ermənilər tərəfindən 10 min kvadratkilometrdən çox sahəsi olan dağıdılmış ərazilərdə hazırda yenidənqurma və bərpa işləri aparılır. Prezident İlham Əliyev, eyni zamanda, digər sahələrdə də əlaqələrimizin inkişafı üçün yaxşı perspektvilərin olduğunu bildirib. Dövlət başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb.
Xoş sözlərə görə minnətdarlığını bildirən səfir ölkəsinin əlaqələrimizin inkişaf etdirilməsi istiqamətində fəaliyyətdə maraqlı olduğunu vurğulayıb.
Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafında hökumətlərarası birgə komissiyanın bu ilin fevralında keçirilmiş iclasının əhəmiyyəti vurğulanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Kuba Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyonun etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Dövlət başçısı ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayaraq Kuba Prezidentinin Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfərini və onunla görüşünü məmnunluqla xatırladıb, görüş zamanı əlaqələrimizin geniş gündəliyi ilə bağlı məhsuldar danışıqların aparıldığını bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanla Kubanın beynəlxalq təşkilatlarda, o cümlədən BMT və Qoşulmama Hərəkatında əməkdaşlığı ölkələrimizin bir-birini həmişə dəstəkləməsinin yaxşı nümunəsidir.
Dövlət başçısı iqtisadi, mədəni, tibb, idman və digər sahələrdə ikitərəfli münasibətlərimizin inkişafı üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb və ənənəvi sahələrdən başqa, yeni sahələrin, investisiya imkanlarının müəyyənləşdirilməsinin də önəmini qeyd edib. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.
Xoş sözlərə görə minnətdarlığını bildirən Karlos Enrike Valdes de la Konsepsyon, ilk növbədə, Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesin salamlarını dövlət başçısına çatdırıb. Səfir qeyd edib ki, Kuba Prezidenti dövlətimizin başçısı ilə Bakıda keçirdiyi görüşü və Azərbaycan Prezidentinin sədrliyi ilə Qoşulmama Hərəkatının Bakı sammitini məmnunluqla xatırlayır.
Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Kuba Prezidentinə çatdırmağı xahiş edib.
Səfir ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi əlaqələrə əsaslanaraq iqtisadi, turizm və digər sahələrdə əməkdaşlığın genişlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib.