“Hakimiyyəti parlamentdə devirəcəyik” – Revanşistlər Paşinyanı hədələyir
“Bu, hakimiyyət uğrunda deyil, ermənilər, Ermənistan və “artsax” uğrunda mübarizədir. Aralıq hədəfimiz bu hakimiyyəti aradan götürməkdir”.
Erməni mətbuatının yaydığı xəbərə görə, bunu müxalif “Şərəfim var” partiyasının sədri, deputat Artur Vanetsyan İrəvanda təşkil etdiyi aksiyada bildirib.
Qeyd edək ki, Vanetsyan Nikol Paşinyanın Brüssel görüşündən sonra parlamentdəki çıxışında Azərbaycanın ərazi bütövlüyünün tanınmasının məqsədəuyğunluğu barədə fikirlərinə cavab olaraq, müddətsiz etiraz aksiyası keçirdiklərini bəyan edib.
Gözlənildiyi kimi, ermənilərin heç də həvəslə qoşulmadığı azsaylı aksiyalarda Paşinyan xəyanətdə və ““artsax”ı Azəırbaycana təhvil verməkdə” ittiham olunur. Moskvadan qidalanan bu revanşist qüvvələr Azərbaycanın ərazi bütövlüyünün tanınmasının “artsax”ın birdəfəlik itirilməsi demək olduğunu bəyan edirlər. Keçmiş xarici işlər naziri Vardan Oskanyan da bununla bağlı böyük bir məqalə ilə çıxış edərək, indiki vəziyyətdə Azərbaycanla sülh müqaviləsi bağlanmasının yolverilməz olduğunu bildirib.
Vaxtilə Paşinyan hakimiyyətində təhlükəsizlik xidmətinin rəisi olan, sonradan isə Moskvanın əlaltılarına qoşulan Vanetsyan aksiyadakı çıxışında parlamentdəki müxalifət nümayəndələrinin öz mandatlarından imtina etməyə hazır olduqlarını, lakin həmin mandatların Paşinyan hakimiyyətini devirmək üçün onlara lazım olduğunu bildirib: “Mandatdan imtina etmək texniki məsələdir. Lakin hakimiyyət dəyişikliyi küçə etirazlarının təzyiqi nəticəsində parlamentdə baş tutacaq və bizim mandatlarımız bu işi sona çatdırmaq üçün bizə lazım olacaq”.
Göründüyü kimi, parlament seçkisində Paşinyana biabırçılıqla məğlub olan siyasi qüvvələr seçki yolu ilə hakim partiyanı devirməyin mümkünsüz olduğunu çoxdan anlayıblar. İndi isə etiraz aksiyaları vasitəsilə hakimiyyətə təzyiq göstərib, parlamentdə hansısa dəyişikliyə nail olmaq istəyirlər.
Lakin yerli təhlilçilər bu ssenariyə pessimist yanaşırlar. Çünki erməni cəmiyyəti həmin qüvvələri dəstəkləmir və 44 günlük müharibənin nəticələri fonunda Qarabağ mövzusu ermənilərin əksəriyyəti üçün yorucu və mənasız görünür./azpolitika.info