BŞİH və Xətai rayon İcra Hakimiyyətinin rəsmiləri hara baxır və nəyə nəzarət edirlər?
Bakı şəhərində, xüsusən də Xətai rayonunda son dövrlər qanunsuz tikililərin baş alıb getməsi barədə elektron kütləvi informasıya vasitələrində çoxsaylı məlumatlar yayılmaqdadır. Bu qanunsuz tikililər bir çox hallarda yaşıllıqların məhv edilməsi hesabına başa gəlirsə, bəzi hallarda da yolların, səkilərin bağlanması hesabına reallaşır. Yəni bütün hallarda tikinti işlərinin memarlıq normalarına uyğun olaraq aparılmadığı görsənir.
Aşağıda diqqətinizə çatdırdığımız şəkillər də Xətai rayonun ərazisində çəkilib. “Bakı” kinoteatrının yaxınlığında, Sarayevo 119-125 ünvanından. Məlumata görə “EF” Marketin tikintisi bir neçə gün bundan əvvəl həyata keçirilib. Şəkildə yaxş görsənir. Yolun, səkinin demək olar çox hissəsi zəbt olunub. Yolun ortasında bu marketin tikintisinə kim icazə verib? Biz buradan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlilərinə də, Bakı şəhər İcra Hakimiyyətinin rəsmilərinə də, sual ünvanlayırıq. Bu tikili hansı memarlıq normalarına cavab verir?
Xətai rayon İcra Hakimiyyətindən heç soruşmağa dəyməz. Çünki əldə etdiyimiz məlumatlara görə obyekti Xətai rayon Bələdiyyəsinin sədri Elşad Vəliyev bir neçə günün içində tikdirib. Elşad Vəliyev daha əvvəllər Dövlət Sosial Müdafiyə Fondunda, sonra Dövlət Sosial Müdafiyə Fondunun Xətai rayon şöbəsində baş məsləhətçi, daha sonra isə, yəni 2019-cu ildən Xətai rayon Xətai Bələdiyyəsində bələdiyyə üzvü, 2020-ci ilin yanvarından isə Xətai Bələdiyyəsinin sədri seçilib.
Bu gənc bələdiyyə sədrinin karyerasında baş verən bu dəyişikliyə kimlər səbəb olub? Məlumatlara görə o, Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevlə kirvədirlər. Məlumatlarda həmçinin Elşad Vəliyevin Xətai Bələdiyyəsinə sədr seçilməsində də Rafiq Quliyevin rolu olduğu bildirilir. Şəkildə gördüyünüz yeni tikilən “EF” Marketlə yan-yana olan ət mağazasının da Elşad Vəliyevə məxsus olduğu bildirilir. Ərazidə bələdiyyə sədrinə məxsus daha bir neçə belə ticarət obyektinin olduğu da söylənilir. Bütün bunları isə Elşad Vəliyev Bələdiyyə sədri olduqdan sonra, iki il ərzində, İcra başçısı Rafiq Quliyevlə kirvəliyi sayəsində əldə etdiyi bildirilir.
Aktualinfo.org bir müddət öncə Xətai rayonunda, Ukraina dairəsinin yaxınlığında, Gəncə prospekti 2-də fəaliyyət göstərən “El Chacho” restoranınin yanında tikintisinə başlanılmış obyekt barədə də məlumat yaymışdı. Aşağıda diqqətinizə çatdırdığımız şəkillər də sözügedən ərazidən çəkilib. Şəkillərdən də görsəndiyi kimi, ərazidə xeyli sayda şam ağacı kəsilib, yerində yeni obyekt tikilir. Avtobus dayanacağının arxasında aparılan bu obyektin tikintisinə rəyi kim verib və memarlıq normalarına uyğun aparılırmı?
Əvvəlki yazıda qeyd etdiyimiz kimi ötən ilin avqust ayında Prezident İlham Əliyev Xətai rayon ərazisində, Ukraina dairəsinin yaxınlığında yeni ASAN xidmətin açılışını etdi. Həmin ASAN xidmətin yaxınlığındakı, Gəncə prospekti 2-də fəaliyyət göstərən “El Chacho” restoranın sahibi sanki prezidentin buraya gəlib, getməsini gözləyirmiş. Deyilənlərə görə dəfələrlə icra hakimiyyətinin dəhlizində Sabir müəllimin sənədinin gecikməsi müzakirə olunanda hamı “acılışdan sonraya qaldı” deyirmiş. Elə də olur. Yuxarıda göstərdiyimiz ünvanda yeni ASAN xidmətin açılışından bir qədər sonra “El Chacho” restoranın ətrafında ağaclar yavaş-yavaş seyrəlməyə başlayır. Məlum olur ki, seyrələn ağacların yerində “El Chacho” restoranın sahibi əlavə məkan tikməyə başlayır. Qeyd edək ki, ərazidə tikilmiş və yavaş-yavaş genişlənən restoran daha əvvəllər də yaşıllıqlarin məhv edilməsi hesabına inşa edilib.
Bütün bu göstərdiklərimizə Xətai rayon İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsindən verilən cavab məktubunda deyilir. “Məlumat üçün bildiririk ki, sözügedən ictimai iaşə obyekti Xətai rayon İcra Hakimiyyəti başçısının 29.01.2015-ci il tarixli, 24 saylı sərəncamı ilə 2 saylı binanın yaxınlığında qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilmişdir.
İndi Xətai rayon İcra Hakimiyyətinin rəsmilərindən soruşmaq istərdik. Xətai rayonu ərazisində, Sarayevo küçəsindəki 119-125 ünvanında “EF” Marketin tikintisinə sərəncam nə vaxt verilib? Umumiyyətlə ərazidəki yolun və səkinin bir hissəsini tutmuş bu qeyr-qeyri yaşayış sahəsinin tikintisinə kim icazə verib? Bundan aidiyyatı üst qurumların, təbii ki, ilk növbədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı şəhər İcra Hakimiyyətinin xəbəri varmı?
Ötən yazıda da qeyd etdiyimiz kimi, Prezident İlham Əliyev 8 yanvar 2020-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar Anar Quliyevi qəbul edərkən bildirdiklərini Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevə bir daha xatırlatmaq istərdik. Həmin görüşdə cənab Prezident demişdi ki, “Bütün biznes dairələri, inşaatla məşğul olan bütün şirkətlər bilsinlər ki, bundan sonra harada gəldi bina, ev tikmək praktikasına artıq son qoyulubdur. Bütün evlər, binalar şəhərsalma qaydalarına, Bakının memarlıq obrazına uyğun şəkildə tikilməlidir. Ona görə bu məsələyə çox böyük diqqət yetirmək lazımdır. Bakı şəhəri bundan sonra ancaq Baş Plan əsasında inkişaf etməlidir. Baş Plana uyğun olmayan heç bir bina Bakıda tikilməməlidir.”
İndi biz soruşuruq, siz cavab verin Rafiq Quliyev. Yuxarıda diqqətinizə çatdırdığımız obyekt tikintilərinin hansı şəhərsalma qaydalarına, Bakının memarlıq obrazına uyğundur? Axı ölkə başçısı çıxışında açıq-aydın qeyd edir ki, harada gəldi bina, ev tikmək praktikasına artıq son qoyulmalıdır.
Qeyd edək ki, son iki ildə Bakı şəhərində qanunsuz yollarla zəbt edilmiş torpaq sahələrində, yaşıllıqları məhv edərək, memarlıq normalarına uyğun aparılmayan tikinti işləri barədə internet axtarış resursları üzərindən yüzlərlə məlumat tapmaq mümkündür. Sabiq şəhər merinin dövründə olanlar qalsın bir yana, Eldar Əzizovun 2018-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmasından sonra bu kimi hallar daha da artmağa başlayıb. Bu kimi tikinti işlərinin qarşısının almaq məqsədi ilə Prezident İlham Əliyev dəfələrlə irad tutub. Ən son çıxışı isə çox uzaqda deyil, martın 3-də olub. Cənab Prezident Şahin Seyidzadəni “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirdi ki, “Biz buna imkan verməyəcəyik, qanunsuz tikililərə son qoyulmalıdır. Bu məsələyə nəzarət edən bütün orqanlar bu işlərə çox ciddi yanaşmalıdır – Bakı Şəhəri İcra Hakimiyyəti, Bakı şəhərində yerləşən rayonların icra başçıları.”
Bəs Bakı şəhər İcra Hakimiyyətinin və Xətai rayon İcra Hakimiyyətinin rəsmiləri hara baxır və nəyə nəzarət edirlər?
Aktualinfo.org