BMT-nin Baş katibi Ukraynadakı vəziyyətlə bağlı dünya ictimaiyyətinə çağırış edib
“Ukrayna xalqı üçün Rusiyanın işğalı oyanan kabus və dəhşətli miqyasda humanitar fəlakətdir. Lakin müharibə həm də bütün dünyada həssas qrupa aid olan insanlar üçün sürətlə ölüm-dirim məsələsinə çevrilir. Hər birimiz Ukraynada baş verən faciənin şahidiyik – şəhərlər dağıdılır; evlərində və küçələrdə əziyyət çəkən və həyatını itirən insanlar; İkinci Dünya müharibəsindən sonra Avropada ən sürətli köçkünlük böhranı yaşanır. Lakin Ukraynanın hüdudlarından kənarda, medianın diqqətində olmayan bir proses baş verir – müharibə inkişaf etməkdə olan ölkələrə qarşı səssiz hücuma keçib”.
Bu fikirlər BMT-nin Baş katibi Antonio Quterreşin “Ukraynadakı müharibə: inkişaf etməkdə olan dünyaya qarşı səssiz hücum” adlı məqaləsində qeyd olunub.
Məqalədə bildirilib ki, hazırkı böhran dünya əhalisinin beşdə birindən çoxunu, təxminən 1,7 milyard insanı onilliklərlə görünməmiş miqyasda yoxsulluğa, məhrumiyyət və aclığa sürükləyə bilər: “Ukrayna və Rusiya Federasiyası dünyada buğda və arpanın 30 faizini, qarğıdalının beşdə birini və günəbaxan yağının yarıdan çoxunun təminatçısıdırlar. İki ölkənin istehsal etdiyi məhsul 45 Afrika və ən az inkişaf etmiş ölkənin idxal etdiyi buğdanın üçdə birindən çoxunu təmin etməklə ən yoxsul və ən həssas qrupa aid insanların qidalanmasına kömək olur. Eyni zamanda, Rusiya dünyanın ən iri təbii qaz və ikinci ən böyük neft ixracatçısıdır. Lakin müharibə nəticəsində limanların bağlanması, taxıl ixracının məhdudlaşması, tədarük zəncirlərinin pozulması və qiymətlərin sürətlə artması fermerlərin məhsullarını səmərəli idarə etməsinə ciddi çətinliklər yaradır.
“İnkişaf etməkdə olan bir çox ölkə hələ də tarixi borc yükləri və artan inflyasiya ilə birlikdə COVID-19 pandemiyasının təsirlərindən çıxmaq üçün mübarizə aparır. 2022-ci ilin əvvəlindən buğda və qarğıdalının qiymətləri 30 faiz artıb. Brent neftinin qiyməti ötən il ərzində 60 faizdən çox, təbii qaz və gübrə qiymətləri isə iki dəfədən çox artıb. BMT-nin həyatların xilası ilə bağlı əməliyyatları da ciddi çətinliklərlə üzləşir. Ümumdünya Ərzaq Proqramı həyəcan təbili çalır ki, ifrat aclıqdan əziyyət çəkənləri qidalandırmaq məqsədi ilə ac insanlar üçün nəzərdə tutulan qidalardan istifadə etmək kimi çox ağrılı seçim qarşısında qalmaqdadır. Yəmən, Çad və Nigerdəki əməliyyatlarını dəstəkləmək üçün Proqramın təcili olaraq 8 milyard dollara ehtiyacı var.
Bəzi ölkələr artıq həssas durumdan böhrana və ciddi sosial iğtişaşlara doğru sürüklənir. Hər birimizə yaxşı məlumdur ki, bir çox münaqişələrin kökü elə yoxsulluq, bərabərsizlik, zəif inkişaf və ümidsizlikdədir. Lakin dünyanın böyük hissəsi Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirsə də, davam edən müharibənin 1,7 milyard potensial qurbanı üçün eyni səviyyədə dəstəyin heç bir əlaməti görünmür. Onları hər yerdə dəstəkləmək bizim bəlli mənəvi borcumuzdur.
Keçən ay fəaliyyətini elan etdiyim Ərzaq, enerji və maliyyə üzrə qlobal böhrana cavab qrupu hökumətlər, beynəlxalq maliyyə institutları və digər əsas tərəfdaşlarla sözügedən bir-biri ilə bağlı böhranlara qarşı əlaqələndirilmiş həllər hazırlamaq məqsədi daşıyır. Bu təşəbbüsü dəstəkləyən bütün sektorlardan olan qlobal liderlərə təşəkkür edirəm. Qida mövzusuna qayıtsaq, biz bütün ölkələri bazarları açıq saxlamağa, yığım, habelə əsassız və lüzumsuz ixrac məhdudiyyətlərinə qarşı çıxmağa və ehtiyatları aclıq və qıtlıq riski yüksək olan ölkələrə təqdim etməyə çağırırıq.
Proteksionizm zamanı deyil. Birlikdə hərəkət etsək, hər bir ölkənin bu böhrandan çıxması üçün kifayət qədər ərzaq ehtiyatımız olacaq. Humanitar böhranlarla əlaqədar müraciətlər, o cümlədən Ümumdünya Ərzaq Proqramının layihələri tam maliyyələşdirilməlidir. Biz XXI-ci əsrdə insanların aclıqdan ölməsinə imkan verə bilmərik. Enerji sahəsində strateji və əlavə ehtiyatlardan istifadə qısa müddətdə yaranan enerji böhranının təsirlərinə azaltmağa kömək edə bilər.
Lakin yeganə orta və uzunmüddətli həll yolu bazarda qiymətlərin dəyişməsinə müqavimət gücünə malik olan bərpa olunan enerjinin tətbiqini sürətləndirməkdir. Bu, kömürün və bütün digər mədən yanacaq növlərindən tədricən imtina etmək imkanını açacaq. Maliyyə məsələsində isə G20 və beynəlxalq maliyyə institutları fövqəladə vəziyyət rejiminə keçməlidir. Onlar likvidliyi və fiskal məkanı artırmaq yollarını tapmalıdırlar ki, inkişaf etməkdə olan ölkələrin hökumətləri ən yoxsul və ən həssas təbəqələrə və Dayanıqlı İnkişaf Məqsədlərinə sərmayə yatıra bilsinlər.
Bu cür addımlar varlıları daha varlı, kasıbları isə daha da yoxsul edən ədalətsiz qlobal maliyyə sistemimizdə dərin islahatlara doğru ilk addım olmalıdır. Nağd pul köçürmələri də daxil olmaqla sosial müdafiə sistemləri bu böhran dövründə çətin durumda olan ailələr üçün böyük əhəmiyyət kəsb edəcək. Lakin böyük xarici borclar toplamış bir çox inkişaf etməkdə olan ölkələr bu təhlükəsizlik imkanlarını təmin etmək üçün likvidliyə malik deyil. Biz onların öz xalqlarına sərmayə yatırmaqla borcları qaytarmaq arasında seçim etmək məcburiyyətinə seyrçi qala bilmərik.
Ukraynada cərəyan edən müharibənin və onun dünyanın ən yoxsul və ən həssas insanlarına səssiz hücumunun yeganə davamlı həll yolu sülhün bərpa olunmasıdır. BMT həm Ukraynada, həm də ondan kənarda bu müharibənin günahsız qurbanlarını dəstəkləmək üçün səy göstərdiyi bir zamanda, dünya ictimaiyyətini vahid səslə çıxış etməyə və sülh çağırışımızı dəstəkləməyə çağırırıq. Bu müharibəyə elə indi son qoyulmalıdır”./report.az