Sərhədlər dəqiqləşir: 1974-cü il xəritəsi həqiqəti əks etdirmir!

 

Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası prosesi sonuncu dəfə 1970-ci illərdə aparılıb. SSRİ dövründə bununla bağlı hazırlanan xəritənin əsli Moskvada, surətləri isə Bakıda və İrəvanda saxlanılır. İndiki prosesdə SSRİ dönəmindəki həmin xəritənin Azərbaycanla Ermənistan arasındakı sərhədlərin müəyyən edilməsində əsas kimi götürüləcəyi gözlənilir.

Bu sözləri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev delimitasiya prosesinin başlanması istiqamətində ikitərəfli komissiyanın yaradılacağı haqda məlumata münasibətində deyib.

O bildirib ki, ən ciddi sual ümumiyyətlə AXC-nin sovet dövlətinin tərkibinə daxil edilməsi və çıxması arasındakı fərqdir:

“Azərbaycan 1920-ci ildə işğal edilərkən ərazisi 114 min kvadrat kilometrə yaxın idi. Bunu təsdiq edən sənədlər, xəritələr var. Hətta 1922-ci ildə yaradılan SSRİ-nin tərkibinə daxil olanda belə fərqli idi. SSRİ-nin tərkibindən çıxanda isə Azərbaycan ərazisinin ölçüsü 86,6 min kv.km olub. Yəni təxminən 26 min kv.km torpaqlarımızı SSRİ dövründə itirmişik”.

O qeyd edib ki, Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisi 113,9 min kv.km idi. Bunun 97,3 min kv.km-i mübahisəsiz, 16,6 kv.km-i mübahisəli idi:

“Gürcüstanla 8,7 min kv.km, Ermənistanla isə 7,9 min kv.km həmsərhəd ərazi qonşu dövlətlər tərəfindən mübahisəli torpaq sayılırdı. Ərazi məsələlərinin birtərəfli həlli nəticəsində “mübahisəli” ərazilər ermənilərə verildi. Bundan əlavə, 11 min kv.km ərazimiz Ermənistana bağışlandı. Bu ərazilərə Zəngəzur, Dərələyəz qəzaları və Göyçə dairəsinin torpaqları daxil idi. Beləliklə, həmin illərdə Azərbaycanın 27,6 min kv.km ərazisi itirildi”.

Z.Əliyev bildirib ki, 1922-ci ildə Dilican ərazisi və Göyçə ərazisinin qalan torpaqları da Ermənistana bağışlanıb:

“1929-cu ildə Naxçıvan MR-in 657 kv.km torpaq sahəsi – 11 kəndi, Zəngilan rayonunun 3 kəndi Ermənistana verildi. Bundan əlavə, həmin illərdə Əldərə, Lehvaz, Astazur, Nüvədi və başqa yaşayış məntəqələri də Ermənistanın ərazisinə birləşdirildi. 1938-ci ildə Zaqafqaziya MİK Rəyasət Heyətinin qərarı ilə Şərur rayonunun Sədərək və Kərki kəndləri ətrafındakı müəyyən ərazilər Ermənistana keçdi. Əgər həqiqət məsələsini müzakirə edirlərsə, onda bu ərazilər necə olacaq? Ona görə bu proses zamanı Azərbaycan tərəfi 1974-cü il xəritəsini yox, Sovetlərin Azərbaycanı işğal etməsindən sonra, yəni 1974-cü ilə qədər olan əraziləri gündəmə gətirməlidir”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password