Xəzər dənizində yeni kəşfiyyat quyusu qazılır
BP Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş üzrə operator olaraq bildirir ki, “Satti” özüqalxan qazma qurğusu Saziş sahəsinin Cənub Şərq perspektiv hissəsində yerləşən Qarabatdağ geoloji-kəşfiyyat quyusu sahəsinə keçirilib.
“BP-Azerbaijan” şirkətinin verdiyi məlumata görə, bundan əvvəl Abşeron yarımadasının dayazsulu hissəsi (AYDH) layihəsi üzrə qazılan ikinci kəşfiyyat quyusu (BHEX01) bağlanıb. Bu quyu AYDH üzrə müqavilə sahəsinin qərb perspektiv hissəsində 4230 metr ümumi dərinliyinədək qazılmış və mart ayının ortalarında təhlükəsiz şəkildə bağlanaraq tərk edilib. Quyuda iqtisadi cəhətdən səmərəli karbohidrogen ehtiyatları aşkarlanıb.
Qarabatdağ geoloji-kəşfiyyat quyusu (QBDX01) AYDH sahəsində qazılacaq üçüncü kəşfiyyat quyusudur və AYDH üzrə Əsas kəşfiyyat dövrü ərzində planlaşdırılmış fəaliyyətlərin sonuncu mərhələsidir.
Bu quyunun qazma əməliyyatları 2022-ci il aprelin 3-də başlanılıb və təxminən üç aya quyunun ümumi dərinliyə çatacağı gözlənilir. Bundan sonra isə əgər kollektor haqqında əlavə məlumat toplamaq üçün qiymətləndirmə yan lüləsi qazmaq lazım gələrsə, qazma işləri əlavə bir ay da davam edə bilər.
QBDX01 kəşfiyyat quyusu sahildən təqribən 7 km aralı suyun dərinliyi təqribən 6 metrə çatan ərazidə qazılır. Əsas quyunun ümumi dərinliyinin 2155 metrə çatacağı planlaşdırılır.
BP AYDH layihəsinin operatorudur və kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişdə 25% iştirak payına malikdir. Digər tərəfdaşlar bunlardır: SOCAR-ın Ortaq Neft Şirkəti – 50% və LUKOİL – 25%.