“Azərbaycan və Ermənistanın sülh sazişi bağlamasının vaxtı çatıb”

 

Aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib. Üçtərəfli görüşün sonunda son dərəcə əhəmiyyətli bir bəyanat verilib. Belə ki, görüşün yekunlarına əsasən qərara alınıb ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə bütün zəruri məsələləri nəzərə alan gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək tapşırılıb.

Eyni zamanda, Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası, sərhəd boyu və ona yaxın ərazidə sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması qərara alınıb.

Brüssel görüşünün nəticələrini şərh edən amerikalı analitik İrina Zukerman bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin diplomatiyası yekun sülh sazişinin bağlanması prosesini düzgün istiqamətə aparmağa kömək edir:

“Təəccüblüdür ki, son zamanlar aparılan bütün təbliğat və təxribatlara baxmayaraq, Yerevan əməkdaşlığa başlayıb və sülh müqaviləsi bağlamaq təklifinə razılıq verib. Qalanı isə təbii ki, Paşinyanın vicdanından asılıdır. Ermənistan əhalisi baha başa gələn toqquşmalardan, qanlı müharibələrdən bezib. Burada uğurun bir hissəsi Bakının öz prinsipləri münasibətdə ardıcıl qəti mövqeyindədir”.

Amerikalı analitik hesab edir ki, Aİ ATƏT-in Minsk qrupundan fərqli olaraq sülh prosesində çox fəal və konstruktiv rol oynayır:

“Xüsusilə, etimad möhkəmlənməsi tədbirlərinə diqqət yetirilməsi praqmatikdir və qarşılıqlı məqbuldur. Humanitar minatəmizləmə səyləri Ermənistanda rəsmi etiraz yaratmamalıdır; əslində, bu, onlara qonşusu qarşısında öz səhvini “yüngülləşdirmək” üçün taktiki diplomatik imkan verə bilər. Nəticə etibarı ilə Azərbaycanın təhlükəsizliyi və rifahı bütün regiona fayda gətirir, daha sürətli inteqrasiyaya kömək edir, iqtisadi və mədəni imkanları genişləndirir.
Bu, həmçinin Cənubi Qafqazı enerji kimi bir sıra kritik məsələlərdə Aİ üçün daha effektiv tərəfdaşa çevirəcək”.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza verdiyi açıqlamada bildirib ki, çox müsbət siqnal ondan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan öz xarici işlər nazirlərinə gələcək sülh sazişi üzərində işləmək və birgə sərhəd komissiyası çağırmaq barədə göstəriş verməyə razılaşıblar:

“Düşünürəm ki, bu, hər iki liderin çoxdan atmaq istədiyi addımlardır, lakin Ermənistanda baş nazir Paşinyanın siyasi müxalifəti onlara mane olub. Yerevanda Ermənistanın vaxtilə qeyri-qanuni yolla zəbt etdiyi əraziləri Azərbaycandan hansısa yolla geri qaytara biləcəyinə və orta əsr dövləti modelində Türkiyə ərazisini də əhatə edəcək “Böyük Ermənistan” qurmasına hələ də yalan ümid bəsləyən insanlar tərəfindən Ermənistanın bu müsbət addımlarına qarşı etiraz aksiyaları keçirilib. Ancaq bütün bunlar sona çatıb. Azərbaycan və Ermənistanın sülh sazişi bağlamasının vaxtı çatıb. Birgə sərhəd komissiyasının çağırılması və Azərbaycanla Ermənistan arasında beynəlxalq sərhədin demarkasiyası da insan həyatını xilas edəcək. Bu, sülhə doğru çox mühüm potensial addımdır. Ümid edək ki, iş başlayacaq”.

M.Brayza Cənubi Qafqazda sabitliyin təmin edilməsində Avropa İttifaqının mühüm rolunu qeyd edib:

“Mən uzun illər hələ ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri olarkən Aİ-nin Qarabağ münaqişəsində vasitəçi rolunu oynamasını vacib hesab edirdim. Mən başa düşmürdüm ki, niyə Minsk Qrupunun həmsədri bütün Aİ deyil, Fransa olub. Bəli, Fransa mühüm ölkədir, lakin bütövlükdə Aİ supergücdür, Fransa isə deyil. Hesab edirəm ki, Aİ indi sabitlik və davamlı sülhün əsaslarının qoyulmasında oynaya biləcəyi mühüm rolu nümayiş etdirir. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə kömək etməkdə böyük maraq göstərib. Aİ etimadın möhkəmləndirilməsi tədbirləri və humanitar minatəmizləmə işlərində kömək edə bilər və sərmayələrə zəmanət verməklə nəqliyyat əlaqələrini dəstəkləyə bilər. Lakin Aİ-nin gördüyü əsas şey Azərbaycan və Ermənistan liderlərinə sülh sazişinin bu mühüm məsələlərini və Azərbaycan və Ermənistanın beynəlxalq sərhədlərinin demarkasiyası məsələlərini müzakirə etmək üçün platformalar təqdim etməkdir”./trend.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password