Akademik Teymur Bünyadov II Fəxri xiyabanda dəfn olunub
Görkəmli tarixçi-etnoqraf alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenləri laureatı, akademik Teymur Bünyadov dəfn olunub.
Vida mərasimi mərhumun evində keçirilib.
Mərasimdə elm, təhsil, mədəniyyət xadimləri, akademikin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Daha sonra T.Bünyadov II Fəxri xiyabanda torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva akademik T.Bünyadovun dəfn mərasiminə əklil göndərib.
Xatırladaq ki, alim aprelin 8-də 94 yaşında vəfat edib.
Qeyd edək ki, T.Bünyadov 1928-ci il yanvarın 20-də Qazax rayonunun II Şıxlı kəndində anadan olmuş, orta məktəbi qızıl medalla bitirərək 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdu. Ali təhsilini başa vurduqdan sonra Moskvada SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına daxil olmuş, dünya şöhrətli Qafqazşünas alim Y.İ.Krupnovun rəhbərliyi altında “Tunc dövründə Azərbaycanda əkinçilik və maldarlıq” namizədlik dissertasiyası müdafiə etmiş, tarix elmləri namizədi alimlik dərəcəsini almışdı.
Teymur Bünyadov 1955-ci ilin may ayında Azərbaycan EA Tarix İnstitutunda elmi fəaliyyətə başlamışdı. Həmin ildən onun bütün həyatı və elmi fəaliyyəti Azərbaycan EA-nın Tarix, 1993-cü ildən isə Arxeologiya və Etnoqrafiya İnstitutu ilə bağlı olmuşdu.
Alim 1968-ci ildə “Azərbaycanın qədim və Orta əsrlər dövrü təsərrüfat həyatı” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək respublikada arxeologiya və etnoqrafiya elmləri sahəsində ilk tarix elmləri doktoru alimlik dərəcəsi almış, 1970-ci ildə professor elmi adına layiq görülmüşdü. O, 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdi.
Akademik Teymur Bünyadovun fəaliyyəti daha çox Azərbaycanın arxeologiya və etnoqrafiya elmi ilə bağlı idi. Yorulmaz tədqiqatçı 35 monoqrafiyanın və 800-dən çox məqalənin, o cümlədən, xarici ölkələrdə (Rusiya, İran, Türkiyə, Ukrayna, Norveç və s.) nəşr olunmuş əsərlərin müəllifi idi.
Alim elmi və bədii yaradıcılıqla yanaşı, pedaqoji sahədə də səmərəli fəaliyyət göstərmişdi. O, uzun illər Bakı Dövlət Universitetində, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Slavyan Universitetində “Azərbaycan tarixi”, “Qədim dünya tarixi” və “Arxeologiya” fənlərindən dərs demişdi.
Teymur Bünyadov respublikanın ictimai həyatında da fəal iştirak etmişdi. 1995-ci ildə I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdi. O, həmin müddətdə Milli Məclisin Elm və Təhsil Məsələləri Daimi Komissiyasının sədri olmuşdu.
Akademikin səmərəli elmi, elmi-pedaqoji və ictimai fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, o, 2008-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, 2005-ci ildə “Şöhrət” ordeni, 2018-ci ildə isə “Şərəf” ordeni ilə təltif edilib.