“Problem kənarda qalıb, hökumət tariflərlə məşğuldur”

 

Vahid Məhərrəmli: “Əsl mütəxəssislər rüşvətxorluq, korrupsiya olan yerdə işləmək istəmirlər”

Ölkənin şirin su ehtiyatlarının azlığı, qlobal iqlim dəyişikliyi, son illərdə yağıntıların və qonşu ölkələrdən daxil olan suların xeyli azalması, digər tərəfdən, iqtisadiyyatın müxtəlif sahələrinin sürətlə inkişafı, kənd təsərrüfatı sahələrinin genişlənməsi və nəticədə suya olan tələbatın gündən-günə artması, ölkənin davamlı sosial-iqtisadi inkişafında mühüm rolu olan su ehtiyatlarının qənaətlə istifadəsi və mühafizəsi əsas götürülərək yeni qaydalar qəbul olunub. 2022-ci ilin martın 17-də Nazirlər Kabineti tərəfindən qəbul olunmuş “Sudan ödənişli istifadə Qaydaları”nın Su Məcəlləsinə əsasən, su ehtiyatlarının istifadəsi və mühafizəsi tədbirlərinin iqtisadi tənzimlənməsinin prinsiplərindən biri kimi hazırlandığı bildirilib.

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə qərar barədə şərhində deyib ki, sudan ödənişli istifadənin tətbiq edilməsinin əsas məqsədi su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunması, suların mühafizəsinin yaxşılaşdırılması, suyun dəqiq uçotunun aparılması və su təsərrüfatı qurumlarının özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyətinin təmin edilməsidir. Onun sözlərinə görə, sudan istifadə haqqı onun keyfiyyətindən, təyinatından, su təsərrüfatı obyektlərinin texniki səviyyəsindən, suyun götürülmə, nəqledilmə üsullarından və digər amillərdən asılı olaraq differensiallaşdırılacaq.

Qarşıdan yay ayları gəlir və yenə də kənd təsərrüfatı ilə məşğul olanların su qıtlığı ilə üz-üzə qalıb-qalmayacaqları sual altındadır. Bəs, görəsən, yeni qaydaların kənd təsərrüfatına, sudan səmərəli istifadəyə təsirləri necə olacaq?

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli şərhində deyib ki, yeni qaydada əkin sahələrinin, fərdi təsərrüfatların suvarılması ilə bağlı qaydalara dəyişiklik edilməyib: “2005-ci ildə qəbul olunmuş qayda qüvvədə saxlanılıb. Əslində isə burada dəyişiklik edilməli idi. “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə müqavilə əsasında fəaliyyət göstərən qurumlar var ki, onların fəaliyyəti, eləcə də ASC-nin Bakıdakı və yerlərdəki qurumları öz işlərinin öhdəsindən gələ bilmir. Suyun paylanması, idarə edilməsi, satışı istiqamətlərində ciddi problemlər var. Görüşlərimizdə mənə də bildiriblər ki, suyun satışında problemlə üzləşirlər. Su istifadəçiləri suyu oğurlayır, ödəniş etmirlər və s. Bunlar qaydalarla tənzimlənməlidir. Bu istiqamətdə hökumət addım atmalıdır”.

“Suvarma suyuna ehtiyac, dəyərinin ödənilməsi istiqamətindəki problemlər təəssüf ki, öz həllini tapmır. Kimsə çaya motor qoyub sudan istifadə etmək istəyirsə, onlar üçün ödənişli olacaq. Sudan İstifadə Edənlər Assosiasiyası var. Onsuz da indiyə kimi bunu onlar idarə edirdilər. Çaydan götürülən suya görə də ödəniş edilməli olduğunu hesab edir və qeyri-rəsmi ödənişlər həyata keçirirdilər. Sözügedən qərarla bunu rəsmiləşdirirlər”, – deyə həmsöhbətimiz bildirib.

Onun fikrincə, tariflər müəyyən olunduqdan sonra istehlakçılar daha çox pul ödəməli olacaqlar və bunun da bəlli səbəbləri var: “Su onsuz da pullu idi. Kəndlilər, fermerlər istifadə etdikləri suyun müqabilində ödəniş edirdilər. Əslində bu, normal haldır. Su idarə olunmalı, ondan səmərəli istifadə edilməlidir. Ona görə ki, suyun mənbədən götürülməsi, nəqli məsələləri var. Bunlar da xərc tələb edir. Bunların primitiv qaydada aparılması isə başqa məsələdir. Tariflər müəyyən olunduqdan sonra istehlakçılarımız daha çox pul ödəməli olacaqlar, ona görə ki, su düzgün idarə olunmur, səmərəli istifadə edilmir. İtkiyə gedən su olduqca çoxdur. Hökumət əvvəlcə bütün bunları tənzimləməli idi. Suyun idarə edilməsi, paylanması, istifadəsinin səmərəliliyinin təşkili məsələlər öz həllini tapmalı idi, buna paralel də tariflər öz həllini tapa bilərdi. Amma əsas məsələni kənarda qoyublar”.

Ekspert hesab edir ki, ölkəmizdə suyun toplanması və düzgün idarə edilməsi ilə bağlı ciddi problem var, əks halda isti yay aylarında belə, su ilə bağlı qıtlıq yaşanılmaz: “Azərbaycanda hava həmişə isti olub. Əvvəllər – sevet dövründə təsərrüfatlar avqust ayında su çatışmazlığından əziyyət çəkib, indi isə bu problem iyun ayından başlayır. Bir neçə həftə idi Bakıya, regionlara davamlı yaz yağışları yağırdı. Bu sular toplanmalı, ondan səmərəli istifadə olunmalıdır. Hökumət bunu etmək əvəzinə suyun ödənişi ilə bağlı hansısa qayda hazırlayır. Azərbaycanda kifayət qədər su resursu var. Əgər su düzgün idarə edilsə, Azərbaycanda tələbatdan minimum 3 dəfə, normadan isə 10 dəfə artıq su ehtiyyatı yaranar. Resursumuz bu qədər çoxdur, lakin su düzgün istifadə edilmədiyindən mövsümdə suni olaraq qıtlıq yaradılır. İndi Kürdən su gəlir, amma iqlim dəyişməsi bir müddət də davam edərsə, elə bir hal baş verə bilər ki, Kürdə su yay aylarında tam tükənə bilər, ancaq qış aylarında su gələr”.

“Bəs kifayət qədər mütəxəssis varmı?” sualına gəldikdə Məhərrəmli söyləyib ki, mütəxəssislər olsa da, onlar hazırkı şəraitdə fəaliyyət göstərməkdə maraqlı deyillər: “Onlar hökumətin orbitindən uzaqdadırlar. Ona görə ki, yaxşı mütəxəssis rüşvətxorluq, korrupsiya olan yerdə gedib işləmək istəmir. Onlar öz imiclərini korlamaq istəmirlər. Gözləmə mövqeyindədirlər ki, hökumətdə dəyişiklik olsun, onlara tələbat yaransın, onlar da öz bilgilərini praktikada reallaşdıra bilsinlər, ölkəyə fayda versinlər”.

Problemin həlli üçün hansı addımların atılmalı olduğu istiqamətində suallarımızı cavablandıran müsahibimizin fikirləri belə olub: “Yağış sularını toplamalıyıq. Suyun idarə edilməsi ilə bağlı ciddi qərar qəbul etməliyik. Su bir mərkəzdən idarə olunmalıdır. Ərazimiz balaca, əhalimiz azdır. Ölkəmizin çox gözəl relyefi var. Bir tərəfdən Böyük Qafqaz, digər tərəfdən Kiçik Qafqaz sıra dağları ilə əhatələnib, sanki ovcunun içindədir. Burada suyu idarə etmək çox asan bir məsələdir. Yetər ki, o sahə üzrə mütəxəssislər olsun. Market rəhbərini gətirib “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə rəhbər təyin ediriksə, o, bu problemləri heç vaxt həll etməyib, edən də deyil. Bu sahə ilə mütəxəssislər məşğul olmalıdırlar”.

Bu istiqamətdə dünya təcrübəsinə toxunan mütəxəssis Azərbaycanda su ötürülən kanalların köhnə olduğunu da qeyd edib: “Kanallarda sızma var və itkilər çox böyükdür. Digər tərəfdən də təbii buxarlanma zamanı itkilər olur. Bu da nisbətən təsir edir. Dünya təcrübəsinə görə, su əsasən borular vasitəsilə ötürülməli və paylanmalıdır. Bu halda sayğaclar da qoyula bilər. Suyun mənbədən qəbul edilməsi, ötürülməsi ilə məşğul olacaq özəl şirkətlərə də imkan yaratmaq lazımdır. Yəni məmur, oliqarx şirkəti yox, öz sahəsində işini bilənlərə imkan yaradılmalıdır. Bu zaman mütəxəssislər də işə cəlb oluna bilərlər. Həm su ötürən şirkətlərin gəlirləri yaxşı olar, həm də onlar paylamanı normal həyata keçirib sayğaclar qoyacaqları halda sudan səmərəli istifadə edilər. Belə halda fermer çalışacaq ki, müasir – suya qənaətedici və torpaqqoruyucu texnologiyadan istifadə etsin. Belə halda məhsuldarlıq artacaq, məhsulun keyfiyyəti yaxşılacaq, sahə rentabelli olacaq”.

“Fermerlər işlərindən gəlir qazanacaq, eyni zamanda da su itkisi olmayacaq. İndi isə su itkisi çoxdur. Əvvəllər 4 milyard kub metr göstərirdilər, lakin tənqidlərdən sonra suni olaraq azaltdılar. Əslində isə itki həddindən artıq çoxdur. Halbuki 4 milyard kub metr bizim tələbatımızdan da çoxdur. Əgər ölkə ərzaq tələbatını yüz faiz ödəyərsə, bizim suya olan tələbatımız 3.5 milyard kub metrdir. İçməli suyu da nəzərə aldığımızda, 4 milyard kum metr su Azərbaycana bəs edir. Qeyd edim ki, bu, maksimum hesablamadır. Suya qənaəetdici, suvarmada torpaqqoruyucu texnologiya tətbiq edilərsə, bu rəqəmdən də az su bizə bəs edir. Yəni əsas işin qurulmasıdır”, – deyə həmsöhbətimiz vurğulayıb.

Məhərrəmlinin sözlərinə görə, suyun itkiyə getməsi kimlərəsə sərf edir, çünki bu hal korrupsiyaya şərait yaradır: “Bu vəziyyət də təbii ki, ölkə büdcəsinə fayda vermir, əksinə büdcədən daha çox vəsait xərclənir. Torpaqların şoranlaşmasına, deqredasiya prosesinin sürətlənməsinə imkan yaradır, amma kimlərsə – yüksək vəzifəli məmurlar bundan faydalanırlar. Hökumət bu sahənin normal inkişafında maraqlı deyil. Bu cür qaydalar qəbul etməklə görüntü yaradırlar ki, guya işlə məşğuldurlar. Lakin bu, su problemini həll edirmi?! Əlbəttə ki, xeyr! Su pullu olmalıdır. Əgər o su təmizlənirsə, sahələrə çatdırılırsa və s. bunun xərcləri var. Su ilə davamlı təminat məsələsində əvvəlcə keyfiyyətə fikir vermək, daha sonra ödənişi ilə bağlı qərar qəbul etmək lazımdır”./ayna.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password