Regionlarda daşınmaz əmlakın qiymətləri nə qədər fərqlidir?

 

Mövsümdən asılı olmayaraq bəzi rayonlarda evlərin qiyməti həmişə bahalığı ilə seçilir. Paytaxtın mənzil fondunun əsas hissəsini yaşayış binaları təşkil edirsə, regionlarda bu məsələ fərdi yaşayış evlərinin xeyrinə dəyişir. Regionlar üzrə daşınmaz əmlakın qiymətləri bir qədər fərqlidir.

Parlamentin sonuncu iclasında deputat Vahid Əhmədovun Bakı-Quba yolu ilə bağlı qaldırdığı məsələ regionlarda bahalı evlər, dəbdəbəli villaları gündəmə gətirib. Parlamentari ölkədəki məmurların böyük əksəriyyətinin bölgələrdə, xüsusilə Quba, Qusar, Xaçmazda villaları, bağ evləri olduğunu açıqlamışdı.

Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov  bildirib ki, ötən ay ərzində regionlardakı daşınmaz əmlak bazarında 3,4 % artım olub:

“Regionlar üzrə əmlakların qiymətləri müxtəlifdir. Evlərin 1 kvadratmetrinin qiyməti 300-1000 manat arasında dəyişir. Ucqar mərkəzlərdə 1 kvadratmetrin qiyməti 350 manatdan başlayır. Sumqayıtda 1 kvadratmetr 1000-1100 manat aralığındadır. Gəncədə evlərin 1 kvadratmetri 1000-1050 manat arasındadır, Naxçıvanda isə 1 kvadratmetrin qiyməti 950 manatdır. Quba-Qəbələ-Xaçmaz rayonlarında 1 kvadratmetrin qiyməti 600 manat civarındadır. Digər istirahət rayonlarında da evlərin 1 kvadratmetrinin qiymət 600 manatdan başlayır”.

Ekspert qeyd edib ki, region üzrə ən bahalı əmlakın hansı rayonda olması ilə bağlı araşdırma aparılmayıb:

“Bağ evlərinin qiyməti qışa nisbətən yay aylarına 8-10 % baha olur. Yay aylarında ən bahalı evlər Mərdəkan, Buzovna və Bilgəh istiqamətində olur. Aylıq kirayə haqqı 5000 manatadək yüksəlir. Rayonlarda isə kirayə haqqı 250 manatdan başlayır 1000 manatadək qalxır”.

Regionlarda satışa çıxarılmış evlərin qiymətilə bağlı araşdırmanı təqdim edir:

Qubada evlərin (villalar) qiyməti 33 000 manatdan başlayır 950 000 manata qədər;

Qəbələdə dəbdəbəli ev almaq istəsəniz 46 000 – 900 000 manata sahib olmalısınız;

Xaçmazda villaların qiyməti 85 000-dən başlayır 1 200 000-ə kimi artır. Həyətyanı kiçik evlərinin qiyməti isə 19 000 – 60 000 manat aralığındadır;

İsmayıllıda həyət evlərinin qiyməti 27 000 manatdan başlayır. Ən bahalı ev isə 500 000 manata təklif olunur;

Lənkəranda kiçik sahəli həyət evlərinin qiyməti 19 000 manatdan başlayır. Satışa qoyulmuş ən bahalı villa isə 1 000 000 manatdır;

Lerikdə evlərin qiyməti minimum 33 000 manatdır. Satışa qoyulmuş ən bahalı villa 245 000 manat təşkil edir;

Göygöldə həyət evlərinin qiyməti 33 000 – 350 000 manat aralığında dəyişir;

Şəkidə isə satışa çıxarılmış evlərin qiyməti 30 000 manatdan 350 000-ə kimi artır./modern.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password