Ərzaq böhranı gözlənilir – Azərbaycanda necə olacaq?

 

“Ukrayna və Rusiya müharibəsi qlobal və regional bazarda kənd təsərrüfatı məhsullarının qıtlığını yaradıb”.

Bunu millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, müharibədən sonrakı vəziyyət bütövlükdə region bazarında ərzaq məhsullarının təminatına birbaşa təsir göstərəcək:

“Ukraynanın təxminən 70 milyard dollarlıq ixracatı müharibə nəticəsində ciddi çəkildə minimumlaşıb. Həmçinin 335 milyard dollara yaxın ixracı olan Rusiyanın ixracatında da qadağalar və azalmalar var. MDB, şərqi Avropa və bəzi qərbi Avropa ölkələrinin istehlak bazarında Rusiyadan, eləcə də Ukraynadan idxal olunan ərzaq məhsullarının xüsusi payı var idi. Artıq məhsulların idxalı ilə bağlı çətinliklər olduğuna görə, həmin bazarlarda qıtlıq yaranıb”.

Millət vəkili qıtlıq böhranının qarşısını almaq üçün müəyyən addımların atıldığını qeyd edib:

“Azərbaycan istehlak bazarında stabilliyin qorunması və qıtlığın yaranmaması üçün preventiv addımlar atıb. Hətta müharibə başlamamışdan öncə Azərbaycan strateji ərzaq ehtiyatlarının artırılması ilə bağlı intensiv işlər görürdü. Bu ilin yanvar ayında Azərbaycan idxal etdiyi buğdanın həcmini 4 dəfə artırıb. Bu da strateji məhsulların ehtiyatının yaradılması və genişləndirilməsi məqsədi daşıyıb. Eyni zamanda Nazirlər Kabineti 28 adda məhsulun ixracatının tənzimlənməsi ilə bağlı qərar qəbul edib. Bu da təbii ki, potensial olaraq növbəti dövrlərdə qlobal bazarda və eləcə də region bazarında ərzaq qıtlığının təsirlərini minimumlaşdırmaq məqsədi daşıyır”.

V. Bayramov qeyd edib ki, istehlak bazarında tarazlığı qorumaq üçün yeni idxal mənbələri axtarılır:

“İndiki halda ərzaq bazarında stabillik var və qıtlıq yoxdur. Nazirlər Kabinetinin də son addımları, o cümlədən yeni mexanizmlərin məqsədi ondan ibarətdir ki, istehlak bazarındakı tarazlığı qoruyub saxlamaq mümkün olsun. Bunun üçün yeni idxal mənbələri axtarılır. O cümlədən buğdanın Hindistandan gətirilməsi ilə bağlı danışıqlar gedir. Yerli istehsalın genişləndirilməsi prosesi daha da intensiv şəkildə həyata keçirilir. O baxımdan indiki halda vətəndaşlarımız, istehlakçılar da marketlərə gedən zaman müşahidə edirlər ki, hər hansı bir qıtlıq yoxdur ”.

Millət vəkili əlavə edib ki, proseslərin növbəti dövrlərdə bazarlara necə təsir edəcəyini proqnozlaşdırmaq asan deyil:

“Çünki müharibə davam edir. Müharibədən sonrakı dövrdə regionda vəziyyətin necə olacağı açıq qalan suallardandır. Azərbaycan hökuməti çalışır ki, ölkəmizdə qıtlıq olmasın. Bu istiqamətdə zəruri bütün adımlar həyata keçirilir. Amma xüsusilə qeyd etmək lazımdır ki, potensial olaraq region bazarında qıtlığın davam etməsi riski yüksəkdir. Bütün hallarda müharibənin nə qədər davam etməsi, müharibədən sonra regionda vəziyyətin necə dəyişməsi region bazarında ərzaq məhsullarının təminatına birbaşa təsir göstərəcək”./bakupost.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password