Paşinyan özü Brüssel görüşü ərəfəsində bu mitinqə “yaşıl işıq” yandırdı

 

Brüssel görüşü ərəfəsində Ermənistanın əsas küçə və prospektlərində, xüsusilə də “Azadlıq” meydanında müxalifətin təşkil etdiyi mitinq birbaşa olaraq Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüşə təsir etmək məqsədi daşıyır. Eyni zamanda maraqlıdır ki, meydana müxalifəti təmsil edən əsas qüvvələr toplaşmışdı. Serj Sərkisyan, Naira Zöhrabyan, İşxan Saqatelyan kimi şəxslərin meydanda görünməsi məhz radikal erməni kəsimini təşkil edən qrupların Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və sülh müqaviləsinin imzalanmasına qarşı həmlədir.

Bunu açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

O deyib ki, digər tərəfdən Ermənistanın Baş naziri, hazırda siyasi iqtidarı təmsil edən Nikol Paşinyan ictimai rəydə Azərbaycana qarşı sanki neqativ əhval-ruhiyyənin olduğunu büruzə vermək üçün bu mitinqə “yaşıl işıq” yandırıb:

“İlk baxışdan müxalifətin nümayişinə oxşayan bu etiraz çıxışları daha çox siyasi iqtidarın dəstəyi ilə həyata keçirilib. Çünki mitinq iştirakçılarına qarşı polis gözə dəymədi və onlara qarşı hansısa müdaxilə həyata keçirilmədi. Digər tərəfdən hazırda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində rəsmi Bakının İrəvana təklif etdiyi beş maddəlik baza prinsipi əsasında sülh müqaviləsinin imzalanması istiqamətində fəaliyyət həyata keçirilir. Brüssel görüşünün digər önəmli cəhəti bundan ibarətdir ki, liderlərdən öncə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında Brüsseldə görüş keçirilmişdi. Bu görüşün əsas mahiyyəti liderlərin görüşündən öncə bir sıra maraq kəsb edən məsələlərin kənarlaşdırılması və yalnız predmet üzrə dövlət başçılarının danışıqlar aparması idi. Ola bilsin ki, görüş əsasında hansısa fəaliyyət planı, yol xəritəsi istiqamətində də hüquqi sənədlər imzalansın. İlk növbədə bu sənədlər Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı istiqamətində həyata keçirilə bilər. Bunu bilən Ermənistan müxalifəti və eləcə də iqtidarı xalqın əhval-ruhiyyəsini bu istiqamətdə neqativ fona kökləmək və bunu da danışıqlar masasına yatırmaq məqsədləri güdürdü”.

İlyas Hüseynov qeyd edib ki, eyni zamanda mitinqdə “Daşnaksütyun”un funksioneri İşan Saqatelyan tamamilə yolverilməz fikirlər və çağırışlara yadda qaldı. Belə ki, onun əsas istəyi Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasının əleyhinə olduğunu vurğulamaq idi:

“Eyni zamanda Ermənistanın keçmiş prezidenti və keçmiş baş naziri Serj Sərkisyan da bu mitinqdə Qarabağ klanını təmsil edirdi. Ermənistan cəmiyyətində heç bir sosial dayağı olmayan Qarabağ klanının bu prosesə daxil edilməsi də təəssüf ki, iqtidarın dəstəyi ilə baş verir. Həmçinin, biz həm Qarabağ erməniləri, həm Ermənistanda yaşayan ermənilər, eləcə də diaspor arasında müəyyən kordinasiyanın həyata keçirildiyini görürük. 10 noyabr bəyanatından sonra bu üç qüvvə arasında bir dağınıqlıq var idi. Lakin cərəyan edən proseslər, Azərbaycanın nümayiş etdirdiyi siyasi iradə, eyni zamanda ölkəmizin 10 noyabr bəyanatının implementasiyası istiqamətində qətiyyəti onları birləşdirir. Lakin Azərbaycan öz məqsədlərinə çatmayanadək, irəli sürdüyü təşəbbüslər yerinə yetirilməyənədək bu proses dayandırıla bilməz. Məhz beş prinsip əsasında məsələlər tənzimlənməlidir ki, sülh müqaviləsi imzalansın”.

İlyas Hüseynov, həmçinin bildirib ki, Avropa İttifaqının da regiona böyük marağı var:

“Avropa İttifaqı kontekstində həyata keçirilən danışıqlar da müsbət siyasi nəticələr verir. Gözlənilir ki, Brüssel görüşü də 14 dekabr tarixində keçirilmiş görüşə uyğun olaraq sülh gündəliyinin davam etməsi ilə yadda qalacaq və çox konstruktiv danışıqlar prosesi həyata keçiriləcək. Şarl Mişel bu istiqamətdə genişmiqyaslı fəaliyyət həyata keçirdi və onun moderatorluğu ilə görüşdə müsbət nəticələrin əldə olunacağına dair mühüm proqnozlar vardır”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password