I Qarabağ müharibəsi əlilləri: Birdəfəlik ödənişin verilməsi niyə gecikir? – RƏSMİ AÇIQLAMA

 

Azərbaycanda I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişin verilməsi prosesi ləngiyir.

Belə ki, ötən ilin 23 dekabrında ölkə başçısının imzaladığı fərmana əsasən 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular, daxili işlər orqanları əməkdaşlarına, onlardan vəfat etmiş şəxslərin isə vərəsələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik ödəmənin (I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat) verilməsi nəzərdə tutulur.

Bununla bağlı fərman imzalandığı gündən hazırlıqlara başlanılsa, müvafiq işlər görülsə də, 1991-1997-ci illərdə xəsarət almış Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişlərin iyul ayında veriləcəyinə başlanmasının nəzərdə tutulduğu məlum olub.

Bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Səfər Mehdiyev “Sosial saat”da bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Fazil Talıbov fevral ayında cebhe.info-ya açıqlamasında ödənişlərin verilməsinə bu ilin aprel-may aylarında başlanılmasının planlaşdırıldığını bildirmişdi.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev fevralın sonunda mətbuata açıqlamasında iyun ayına qədər elektronlaşmaların başa çatacağını qeyd edib.

Nazir bilirib ki, 90-cı illərin əvvəllərində müvafiq uçot, elektronlaşdırma və digər sənədlər olmadığına görə bu sahədə müəyyən çətinliklər var:

“Çünki həmin sənədlər elektronlaşdırılmayıb. Həmin müddətdə hərbi həkim komissiyaları tərəfindən verilən şəhadətnamələrin elektron sistemə yığılması aparılır. Həmin siyahıda olan şəxslərin sosial sığorta alan və almayanları müəyyən ediləcək. Almayan şəxslərlə bağlı da müvafiq qərarlar verilərək, həmin ödənişlər həyata keçiriləcək”.

Bu il ərzində təxminən 20 minə yaxın şəxsə 120 milyon manat məbləğində vəsaitin ödəniləcəyini deyən nazir, həmin şəxslərin sayının hələ yekun rəqəm olmadığını və siyahının dəqiqləşdiriləcəyini vurğulayıb.

İlkin mərhələdə fərmandan irəli gələn məsələlərin icrası, birdəfəlik ödənişin verilməsi qaydasının hazırlanması üçün komissiya yaradılıb. Qaydaların layihəsi hazırlanıb, Nazirlər Kabinetinə təqdim edilib. Lakin hələ də ödənişlərin verilməsinə başlanılmayıb. Sənədlərin toplanması, təqdim olunması, təsdiqi və elektronlaşması vaxt aparır. Bu səbəbdən də sənədləri hazır olmayan əlillər digərlərinə ödənişin verilməsini ləngidir. Lakin hazırda təqaüd alan I Qarabağ müharibəsi əlillərinin adlı siyahısının nazirlikdə olduğunu nəzərə alsaq, həmin əlillərə birdəfəlik ödənişin verilməsinin ertələnməsi məntiqsizdir.

Belə olduğu halda sənədləri hazır olan I Qarabağ müharibəsi əlillərinin ödənişinin verilməsi niyə ləngiyir? Məsələ ilə bağlı açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Fazil Talıbov bu sahədə gecikmənin olmadığını bildirib:

“1997-ci il avqustun 2-dək olan xidmət dövründə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşları, vəfat etmiş şəxslərin vərəsələrinə birdəfəlik ödəmənin verilməsi üçün aidiyyəti qurumlarla birgə müvafiq işlər davam edir və bu sahədə hər hansı gecikmə də yoxdur”.

Qurum rəsmisi sənədlərin elektron sistemə köçürülməsi işlərinin aparıldığını qeyd edib:

“Birdəfəlik ödəmənin verilməsi qaydası ilə bağlı təkliflər müvafiq komissiya tərəfindən artıq Nazirlər Kabinetinə təqdim edilib.

Qeyd edilən birdəfəlik ödəmə proqramının icrası e-infrastruktur üzərindən şəffaf şəraitdə aparılmaqla, həmin vəsaitlərin müvafiq kateqoriyalardan olan vətəndaşlara ödənilməsi prosesi proaktiv qaydada həyata keçiriləcək.

Yəni, artıq onların birdəfəlik ödəmə ilə bağlı hansısa quruma müraciət etməsinə və sənəd təqdim olunmasına ehtiyac qalmayacaq.

Bu ödənişlər elektron sistem üzərindən avtomatik təyin olunacaq və bu barədə şəxsə məlumat veriləcək.

Ona görə də 17-20 min insanı əhatə edən proqram üzrə ödənişlərin proaktiv təyinatı mexanizminin tətbiqi üçün də həmin insanların əlillik sənədləri ilə bağlı işlər, siyahılaşdırma, xüsusilə uzun illər əvvələ aid və çoxusu kağız üzərində olan əlillik sənədlərinin e-sistemə köçürülməsi işləri aparılır və bu işlər artıq yekun mərhələdədir.

Qeyd edək ki, birdəfəlik ödəmənin məbləği I dərəcə əlilliyə görə – 8 800 manat, II dərəcə əlilliyə görə – 6 600 manat, III dərəcə əlilliyə görə – 4 400 manat nəzərdə tutulub. Həmin ödənişlər nağdsız qaydada onların bank hesabına köçürüləcək və bu barədə onlara məlumat veriləcək”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password