“Erməni tərəfi başa düşməlidir ki, artıq onların başqa variantları yoxdur” – Deputat
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov sualları cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
– Səməd müəllim, Brüssel platforması ilə daimi sülhə nail olmaq mümkün görünürmü?
– Çox vacib və əhəmiyyətli bir mərhələyə yüksəlmişik. Azərbaycanın Brüssellə əlaqələri tamamilə yeni bir mərhələyə keçib. Bu nöqteyi nəzərdən çox maraqlı, vacib görüşlər olacaq. Prezident İlham Əliyevin hər bir görüşü əhəmiyyətlidir. Onun Avropa siyasətçiləri ilə ünsiyyəti Azərbaycanın milli maraqları üçün faydalıdır. İndi elə bir mərhələ formalaşıb ki, bu gün bizim Avropanın, beynəlxalq aləmin gözləntiləri üst-üstə düşür. Çünki biz də, Avropa da, dünya birliyi də sülh sabitlik istəyirik. Regionun sabitliyi, iqtisadi dirçəlişi, xalqların bir-biri ilə ünsiyətində maraqlıyıq. Avropa da bunu istəyir. Azərbaycan da məhz bu istiqamətdə konkret addımlar atır. Brüssel vacib və əhəmiyyətli platformadır. Erməni tərəfi də başa düşməlidir ki, artıq onların başqa variantları yoxdur. Avropa qurumları da Cənubi Qafqazda Rusiya-Ukrayna müharibəsi fonunda qeyri-sabit vəziyyətin olmasında maraqlı deyil. Ona görə də, qeyri-sabit bir məkan olmasın deyə Azərbaycanın təklif etdiyi prinsiplər qəbul olunmalıdır.
– Bu hansı formada olacaq?
– Danışıqlar prosesində bunu görmək olacaq. Çox maraqlı açıqlamaların şahidi olacağıq. Prezident İlham Əliyevin, Avropa İttifaqının rəhbərliyinin də eyni dərəcəli fikirləri bölüşməsi gözlənilir.
– Azərbaycanın təkliflərinə Avropa nə dərəcədə adekvatdır?
– Azərbaycanın bununla bağlı təklifləri çoxdan masa üzərindədir. Avropa da bu təkliflərin reallaşması üçün səylərini gündəmə gətirməyə və ortaya qoymağa hazırdır. İndi iki eyni istiqamətdə cərəyan edən qüvvələr var. Amma Ermənistan hansısa formada çalışır ki, məsələyə başqa bir tərzdə, bucaqda baxsın. Bununla da sülh prosesinə əngəllər yaratsın. Vaxt udmaq üçün də daha çox təxribatlara, ölkə daxilində aksiyalar təşkil etməyə çalışılır. Ermənistan bir gün üzünü Qərbə, səhərisi gün isə Rusiyaya tərəf çevirir. Hətta Ermənistan Qərbi və Rusiyanı şantaj etməklə və daha çox yaltaqlıq metodları ilə də özünə çəkmək istəyir.
– Ermənistanın məqsədi nədir?
– Məqsəd heç nə etməməkdir. Mümkün qədər isə Azərbaycanın sülh təklifindən imtina etməkdir. Bu isə mümkün olmayacaq. Brüssel görüşləri bu baxımdan vacib və əhəmiyyətlidir.
– Ötən gün Ermənistanda başlanan kütləvi aksiyaların prosesə təsiri mümkündürmü?
– Ermənistandakı ötəngünkü mitinq, srağagün Tovuzdakı təxribat o deməkdir ki, onlar vaxt istəyirlər. Amma faktiki olaraq iki ilə yaxındır ki, onlara zaman verildi, imkan yaradıldı. Bunlar sadəcə ənənəvi olaraq formaşalmış, beynəlxalq birliyin tanıdığı reallıqları dərk etmək istəmir. Ona görə də pozucu bir davranış sərgiləyir./teleqraf.com