Bakı əbədi gözləmək fikrində deyil: Ermənistan tarixi fürsətlərdən istifadə edəcəkmi?

 

Azərbaycan dövləti 44 günlük müharibə ilə Ermənistanın təcavüzkar siyasətinin təzahürü olan uzun illər davam edən işğala son qoydu. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini təkbaşına, özünün siyasi, iqtisadi və hərbi qüdrəti hesabına icra edən Azərbaycan artıq yeni bir dövrə – postmünaqişə dövründə sürətli inkişaf yoluna qədəm qoyub.

Üstəlik, Azərbaycan bu inkişaf dövründə öz qonşuları ilə birlikdə regionun hərtərəfli inkişafında maraqlı və təşəbbüskar dövlət olaraq çıxış edir.

Bu dövr isə xüsusən təcavüzkar siyasətinə görə regiondakı layihələrdən təcrid olunmuş və iqtisadiyyatı ağır durumda olan Ermənistan üçün böyük fürsətlər anlamına gəlir. Bütün bunların qarşısında dayanan əsas əngəl isə İrəvanın sülh sazişi imzalanması cəhdlərinə göstərdiyi münasibətdir.

Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı beş təklif irəli sürüb. Bu təkliflər müvafiq halların nizamlanmasında baza prinsipləri hesab olunur və beynəlxalq təcrübədə də geniş istifadə olunur.

İrəvan Azərbaycanın təkliflərini qəbul etdiyi və sülhə hazır olduğu görüntüsü yaratmağa çalışsa da, əslində hər zaman olduğu kimi ikili oynamağa davam edir. Azərbaycanın təkliflərini öz məkrli siyasi xəttinə uyğun “qəbul edir” və ya sülh sazişinin imzalanmasına əngəl yaradacaq təklif və şərtlərlə çıxış edir.

Bununla da, üzdə sülh istəyən Ermənistan arxa fonda mümkün qədər sülh prosesini uzatmağa cəhd göstərir.

Digər bir məsələ isə Ermənistanın prosesə ATƏT-in Minsk Qrupunu qaytarmaq cəhdi və bu qurumun vasitəçiliyi ilə həll formatı üzərində dayanmağa çalışmasıdır.

Yəqin ki, Azərbaycanın 44 günlük müharibə ilə son qoyduğu Qarabağ probleminin həllində ATƏT-in Minsk Qrupunun yarıtmaz və səmərəsiz fəaliyyəti ilə bağlı məqamlar hər birimizin xatirindədir. Müharibədən sonrakı dövrdə isə ümumiyyətlə Minsk Qrupu fəaliyyətsiz bir quruma çevrilib və artıq tərəflərin birbaşa danışıq kanalları və imkanları artdığından demək olar ki, bu formatda hər hansı bir təşəbbüs və cəhdlərə də yer qalmayıb.

Üstəlik, ATƏT-in Minsk Qrupunun 30 illik fəaliyyəti ilə yaratdığı mənzərə də birbaşa olaraq bu qrupun hansısa irəliləyişə töhfə verə biləcəyi ehtimallarını sıfıra endirir.

Obyektiv mövqe tuta bilməyən, prosesdə yalnız ləngidici rol oynayan və əlavə problemlərin ortaya çıxmasına şərait yaradan Minsk Qrupu uzun illər ərzində prosesin beynəlxalq hüquqa uyğun tənzimlənməsi ilə bağlı hər hansı bir təsir mexanizmi tətbiq edə bilməyib. Məhz bu səmərəsiz və təsirsiz mövqe, Azərbaycanın məsələni öz gücü hesabına həll etməsini zəruri edib və 2020-ci ilin sonlarına doğru rəsmi Bakı müvafiq addımı ataraq tarixi ədaləti bərpa edib.

Yəni, 44 günlük müharibə bir növ Minsk Qrupunun öz mandatına və qarşısında dayanan tapşırıqlara adekvat reaksiya verə bilməməsini də birmənalı olaraq artıq sübuta yetirib.

İndi isə Ermənistanın bu qrupu sülh prosesinə cəlb etmək cəhdlərinin arxasında da məhz prosesi ləngitmək, əlavə təklif və şərtlər irəli sürməklə yekun həllə əngəl törətmək niyyəti dayanır.

Lakin ATƏT-in Minsk Qrupunun yenidən prosesə cəlbi effektiv nəticə verə bilməz və yalnız turist diplomatiyasının bərpası anlamına gələcək. Bu zaman ortaya çıxacaq vəziyyət isə nə Azərbaycan və Ermənistan xalqlarının maraqlarına cavab, nə də regionda davamlı sülhün bərqərar olmasına töhfə verə bilməz.

Çünki uzun illər davam edən işğal və onun yaratdığı çətinliklər regiona ağır zərbə vurub və ümumən regionun hərtərəfli inkişaf potensialını ortaya qoymasına imkan verməyib. İndiki məqamda regionun sülh və sabitliyə ehtiyacı olduğu bir dövrdə bu prosesə əngəl yarada biləcək mexanizmlərin tətbiqi yenidən sözügedən potensialın qarşısına sədd çəkmək anlamına gələcəkdir.

Əgər bu gün Ermənistan dövləti yenidən müvafiq mexanizmi prosesə qaytarmaqla bağlı niyyətini açıq şəkildə ortaya qoyursa, o zaman İrəvanın sülhlə bağlı çıxışlarının sadəcə riyakarlıq və nümayiş xarakterli olduğunu dərk etmək heç də çətin deyil.

Görünür, Ermənistan dövləti dinc inkişafda və problemlərin həllində hələ də maraqlı deyil. Ancaq ilk növbədə İrəvanda dərk edilməlidir ki, Azərbaycanın ona verdiyi fürsət və şanslardan istifadə haqqı əbədi deyil, Bakı üçün Ermənistan olmadan da sürətli inkişaf və tərəqqi yolu onsuzda mövcuddur. Onsuzda Azərbaycan dövləti uzun illərdir uğurla öz yolunda addımlayır.

Belə olan halda isə iqtisadiyyatı tənəzzüldə olan və regional layihələrdən kənarda qalmış bir Ermənistanın qarşısında açılan fürsətlərə bu cür ikiüzlü yanaşması onun özü üçün faciəyə çevrilə bilər.

Ermənistan hökuməti anlamalıdır ki, onun sülh prosesinə əngəllər yaratması kommunikasiyaların açılmasına, Ermənistanın regionun iqtisadi həyatına inteqrasiyasına, Türkiyə ilə münasibətlərini normallaşdırmasına ciddi problemlər yaradır. Belə olan halda onsuzda xarici ianələrdən asılı olan bir ölkənin gələcəyi də sual altında qoyulur. Ermənistan dövlətinin təcavüzkar mahiyyəti və aqressiv siyasətinə baxmayaraq, ona şans vermiş Azərbaycanın təkliflərinə bu cür yanaşmanı davam etdirməklə tarixinin ən böyük səhvinə imza atmış olacaq.

Növbəti dəfə qeyd edək ki, müharibədən əvvəlki dövr bu gün Ermənistana təklif olan fürsətlərin onun üçün əhəmiyyətini açıq şəkildə göstərir. Çünki Azərbaycan həmin illərdə regionda sülh içində yaşadığı digər ölkələrlə birlikdə böyük iqtisadi layihələri icra edərək özünün hərbi, siyasi, iqtisadi qüdrətini artırmağa nail oldu. Ermənistan isə bu müddətdə ən yaxşı halda yerində saydı. Azərbaycanın iqtisadi layihələrinin öz ərazisindən keçməsi nəticəsində qazana biləcəyi iqtisadi dividendlərdən məhrum oldu.

Ermənistan indi də bu Zəngəzur dəhlizini əngəlləməklə yeni imkanları əldən verir. Artıq Azərbaycan İranla tarixi sazişə imza ataraq bu istiqamətdə də Ermənistandan heç bir asılılığının olmadığını, İrəvan olmadan da bütün layihələri uğurla reallaşdıra biləcəyini göstərdi.

Odur ki, Ermənistan üçün bu tarixi sazişin bir xəbərdarlıq xarakteri daşıdığını da söyləmək olar. Həmin saziş Ermənistana həm də öz yerini göstərmək baxımından önəm daşıyırdı. Çünki Çindən Avropaya alternativ marşrutların böyük əhəmiyyət daşıdığı bir vaxtda Zəngəzur dəhlizinin reallaşması Ermənistana bu marşrutun bir hissəsi olmağa imkan verə bilərdi. Ancaq Ermənistan rəhbərliyinin mövqeyi Azərbaycanın bu marşrutu İran vasitəsilə reallaşdırmağa başlamasına və İrəvanın bu prosesdən də kənar qalmasına gətirib çıxardı.

Hər halda regionumuzda gedən proseslər və uzun illər mövcud təcrübə onu sübut edir ki, Ermənistanın bu təcavüzkar və riyakar siyasəti ən ağır zərbəni onun özünə vurur. Ən önəmlisi isə odur ki, Ermənistan mahiyyət etibarı ilə heç də böyük layihə və proseslərin təşəbbüskarı və icraçısı kimi də ortaya çıxmır. Yəni, regionun gələcəyində böyük rol oynayan iqtisadi layihələr Azərbaycan kimi söz sahibi ölkələrin təşəbbüsü olaraq meydana gəlir. Bu zaman isə Ermənistanın olması və proseslərdə iştirakı yalnız şərti xarakter daşıyır, ona edilmiş təkliflər isə mahiyyətcə yalnız regionun birgə və hərtərəfli inkişafına töhfə vermək anlamına gəlir.

Uzun sözün qısası, Ermənistanın olub-olmaması, iştirakı heç bir prosesdə taleyüklü əhəmiyyətə malik deyil. Ona görə də Ermənistan ona verilmiş şansı geri çevirməyə yönəlmiş destruktiv addımları atarkən bir deyil, dəfələrlə düşünməlidir. Çünki  gələcəyi qurularkən keçmişdə ilişib qalaraq bu prosesə əngəl olmağa cəhd etmək sadəcə tənəzzülə və Ermənistanın hazırda da düçar olduğu səfalətin dözülməz həddə çatmasına gətirib çıxaracaq…/oxu.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password