Qarabağda təxribata hazırlıq: silahlanan separatçıları sülhməramlılar “görmür”
Deputat: “Sülhməramlıların Azərbaycan ərazisində qalma müddətləri məsələsinə yenidən baxılmalıdır”
Politoloq: “Əvvəl erməni separatçılarını gizlicə silahlandırırdılarsa, indi proses açıq şəkildə reallaşdırılır”
Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının erməni terrorçu-separatçılarının davranışlarına adekvat addım atmamasının daha bir görüntüləri yayılıb. “Telegram” kanallarında yayılan videodan görünür ki, Xocalı rayonunun Pirlər kəndinin yaxınlığında qanunsuz erməni silahlı dəstəsinin üzvlərinə hərbi geyim və silah paylanılır. Terrorçu ünsürlərdən cəmi 200 metr aralıda dayanan Rusiya sülhməramlıları bu prosesi sakitcə izləyirlər. Halbuki Rusiya hərbi kontingentinin missiyası və məramı həqiqətən sülhü təmin etmək olsaydı, terrorçulara açıq şəkildə silah paylanılmasına göz yummaz, bunun qarşısını alardı. Bundan əvvəl olduğu kimi, indi də sülhməramlıların mahiyyəti üzrə işlərini görmədikləri aydın olur.
Bəzi mənbələrin məlumatına görə isə erməni terrorçu qruplaşmalarına hərbi geyimi və silahı elə sülhməramlıların özləri verirlər. İkinci Qarabağ müharibəsindən sonra rus hərbçilərinin Qarabağdakı davranışları bu iddianın həqiqət olduğuna şübhə qoymamaqla yanaşı, təəccüblü də görünmür.
Separatçı tör-töküntünün silahlandırılması Qarabağda növbəti təxribat ola biləcəyi ehtimalını artırır. Ekspertlərin qənaətincə, Qarabağda separatçıların təxribat törətməsində Rusiyanın maraqlı olmasını istisna etmək olmaz. Ona görə də, Azərbaycan Ordusu ayıq-sayıqlığı daha da artırmalıdır.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Elman Məmmədov bildirib ki, Ermənistan və Qarabağdakı erməni separatçıları murdar əməllərindən və xam xəyallarından hələ də əl çəkmirlər: “Ona görə də, təxribatların baş verəcəyi gözləniləndir. Nə qədər bəyanatlar verilsə də, sənədlər imzalansa da, əvvəlki hərəkətlərini davam etdirir və bundan çəkinmirlər. Onlar xam xəyallarla yaşadıqları təqdirdə, təxribatlar davam edəcək”.
“Onlara bu şəraiti yaradan, onları silahlandıran kimdir?! Əlbəttə, rus hərbçiləri. Bu gün Rusiya sülhməramlıları Laçın dəhlizinə nəzarət etməklə yanaşı, Azərbaycan sərhədçisi rolunu da oynayırlar, Qarabağda özlərini ermənilərin hamisi kimi aparırlar. Bunlar ciddi məsələlərdir. 10 noyabr, 11 yanvar bəyanatları, rəsmilər, liderlər səviyyəsində görüşlər keçirilir, müxtəlif sənədlər imzalanır, ancaq ermənilər bildiklərini edirlər. Sülhməramlılar da öz istədikləri kimi davranırlar”, – millət vəkili vurğulayıb.
Deputat hesab edir ki, problemin həlli üçün Qarabağda Rusiya sülhməramlılarının himayəsi altında fəaliyyət göstərən separatçı rejimin və Ermənistanın silahlı birləşmələrinin tör-töküntüsü məhv edilməli, ərazidən çıxarılmalıdır: “Rusiya sülhməramlılarının da separatçı rejimdən heç bir fərqi yoxdur. Sülhməramlılar bizim əraziyə daxil olan gündən özlərinə aid olmayan işlərlə məşğul olurlar. Onlar ancaq orada erməni yerləşdirmək, havadar qüvvələrlə əlaqə yaratmaq niyyətindədirlər. Azərbaycan ərazisinə digər qüvvələri salmaqla məşğuldular. Prezidentimiz də bunu zaman-zaman çıxışlarında açıq şəkildə bildirib, etirazını edib. Mütəmadi olaraq Rusiya dövlətinin rəhbərliyinə etirazlar bildirilir”.
“Azərbaycan ərazisində özbaşına rus icmaları yaratmaq, rus heykəlləri qoymaq, kilsə tikmək və bu kimi digər işlər Azərbaycan qanununa ziddir. Amma bunu edirlər. İndi də görürlər ki, yanlarında terrorçulara silah paylanır, bunu görməzlikdən gəlirlər. Əlbəttə, sülhməramlı adlandırılan bu qüvvələrin hərəkətləri Azərbaycan ictimaiyyətində ciddi narahatlıq və narazılıqla qarşılanır. Bunların qarşısını almaq lazımdır. Məncə, sülhməramlıların Azərbaycan ərazisində qalma müddətləri məsələsinə yenidən baxılmalıdır. Onlar erməniməramlılıq edirlərsə, bizim ərazimizdə qala bilməzlər”, – deputat kəskin etirazını bildirib.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli isə deyib ki, erməni separatçıları növbəti təxribatçı əməllərə hazırlanır və sanki buna təhrik edilirlər: “Rusiya sülhməramlıları dəfələrlə erməni terrorçularının hərəkətlərinə göz yumublar, hətta erməni silahlılarının yeni qruplarının Laçın dəhlizi vasitəsilə Azərbaycanın suveren ərazisinə buraxılmasını təmin ediblər. Qarabağda qalan qanunsuz erməni silahlıları 10 noyabr 2020-ci ildə imzalanan Üçtərəfli Birgə Bəyanata əsasən ərazimizdən çıxarılmalı idi. Amma bunu Rusiya sülhməramlıları etmədilər. Görünən budur ki, Rusiya açıq kartlarla oynamağa başlayıb. Əvvəl erməni separatçılarını gizlicə silahlandırırdılarsa, indi proses açıq şəkildə reallaşdırılır. Bunun qarşısı alınmalıdır. Azərbaycan lazımi addımlar atmalıdır və inanıram ki, bu addımlar atılacaq”.
“Artıq yeni hərbi gərginliyin bünövrəsi qoyulmaqdadır. Faktiki olaraq Qarabağdakı erməni terrorçular silahlanırlar və buna sülhməramlı deyilən kontingent göz yumur, yaxud dəstək verir. Bu, təxribatların olacağının siqnalıdır. Ona görə də Azərbaycan bunların hamısını beşikdə boğmaq məcburiyyəti qarşısında qalıb. Əlbəttə, sülh sazişi imkanları tam tükənməyib. Hətta bu yöndə müsbət məqamlar da var. Ancaq biz görürük ki, separatçı ünsürlər silahlanırlar, özünə sülhməramlı deyən qüvvələr bu silahlanmada iştirak edirlər, demək ki, təhlükə var. Bunun qarşısı vaxtında alınmalıdır ki, ölkəmizin təhlükəsizliyinə xətər gəlməsin”, – politoloq fikrini yekunlaşdırıb. /ayna.az