Sanksiyaların 1 ayı: Rusiya nələr itirdi?
Rusiyaya tətbiq edilən sanksiyalar martın 1-nə qədər Rusiyanın 419 milyard dollarlıq aktivlərinə həbs qoyulması ilə nəticələnib. Ötən ilin sonlarında imzalanan ticarət müqavilələrinə əsasən Rusiyaya ödəniləcək 6 aylıq emissiya üzrə 400 milyard dollara yaxın vəsaitin ödənilməsi prosesi dayandırılıb.
Bu sözləri açıqlamasında iqtisadçı Razi Abasbəyli Rusiyaya son 1 ayda tətbiq edilən sanksiyaların nəticələrindən danışarkən deyib.
O bildirib ki, Rusiyada fəaliyyətini dayandırmış iri korporasiyaların öz aktivlərini çıxarması Rusiyanın daxili istehsalında təxminən 30-32% həcmdə dayanmaya səbəb olub, nəticədə Rusiya iqtisadiyyatı kiçilib:
“İlkin proqnozlara görə, Rusiya iqtisadiyyatı 2022-ci ilin 1-ci rübündə, təxminən 3%-ə qədər kiçiləcək. Rusiyada faktiki istehsalla məşğul olan və Avropa ilə bağlantısı olan ağartı və elektron sənaye müəssisələrində 32%-ə qədər geriləmə baş verib. AB-nin Rusiyaya qarşı elektronika məhsullarına tətbiq etdiyi sanksiya səbəbindən isə Rusiyanın böyük sənaye müəssisələrində istehsal dayanıb. Nəticədə, 3%-ə qədər geriləmə baş verib. İstehsalın dayanması təxminən 130 min Rusiya vətəndaşının işsiz qalmasına səbəb olub”.
Onun sözlərinə görə, Rusiya ağac məhsullarını Avropaya, xüsusilə Almaniya, Macarıstan və Fransadan ixrac edirdi:
“Həmin ölkələrin Rusiyaya xammal ehtiyatını dayandırması ağac sənayesində 40%-ə qədər geriləməyə gətirib çıxarıb. Hesablamalara görə, Rusiya ağac sənayesi üzrə 218 milyon dollar gəlirdən məhrum olub. Beynəlxalq Valyuta Fondunun Avropa Yenidənqurma və İnkişaf Bankının verdiyi proqnozlara görə, müharibə iyula qədər davam etsə, Rusiyanın itkiləri 1 trilyon dollara yaxınlaşacaq”.
Professor Qubad İbadoğlu isə saytımıza bildirib ki, Böyük Britaniyanın İqtisadiyyat və Biznes Araşdırmaları Mərkəzinin (CEBR) “Sanksiyaların və zəif rublun Rusiyanın həyat səviyyəsinə təsiri” adlı hesabatına görə, hazırkı müharibə və sanksiyalar 2022-ci ildə Rusiyanın ümumdaxili məhsulunun 14% azalmasına gətirib çıxaracaq:
“Proqnozlardan bəlli olur ki, Rusiyada infilyasiya 2023-cü ilin əvvəlində 30%-ə çatacaq. Növbəti 12 ay ərzində real əmək haqqı 18%-ə qədər azalacaq. Rusiyanın Mərkəzi Bankının son açıqlamalarına görə, ölkədə istehlak səbətinin 44%-i idxal hesabına təmin edildiyindən rublun dəyər itirməsi qiymətlərə birbaşa təsir edir. Odur ki, Rusiyada yaxın dövr üçün işsizlik kütləviləşəcək, qiymətlər kəskin bahalaşacaq, gəlirlər dəyərsizləşəcək və nəticədə yoxsulluq durmadan artacaq”./axar.az