“Qarabağın hər qarışı vətəndaşlarımızın qanı ilə suvarılıb”
“Xocalı faciəsi zamanı sadəcə dəfn edə bildiyimiz vətəndaşlarımızın sayı 613 nəfərdir. Girovların sayı isə 1200-dən çox olub. İndi azad olunan ərazilərdə toplu məzarlıqlar tapılır. Fərrux kəndində tapılan insan meyitlərinin qalıqları birinci Qarabağ müharibəsində ermənilərin törətdiyi cinayətlərin bariz nümunəsidir”.
Bunu açıqlamasında Təhsil Mərkəzinin Qarabağ regional ofisinin rəhbəri Radə Qafarova deyib.
O bildirib ki, bu, erməni vandallığının nümunəsidir:
“Faciə ilə bağlı bir görüntüdə ermənilər şəhidlərimizi topa şəkildə məzarlığa basdırdıqlarını və yanına da it ölüsü atdıqlarını görmüşdüm. Həmin kadrları can yanğısı, ağrı ilə izləmişdim. Ermənilərin yazıq sifətinin arxasında dəhşətlər, vəhşiliklər dayanır. Bu gün Ukrayna, Bosniyada da qadınlara təcavüz olunur. 1992-ci ildə də bizim qadınların başına oyunlar gətirdilər. İşğal zamanı 450 qadınımız girov düşüb. Onlardan bu gün də xəbər yoxdur. Bu eyni ssenaridir ki, fərqli yerlərdə ayrı-ayrı vəhşilər edir. Bizim də taleyimizə erməni kimi vəhşilər düşüb. Torpaqlar azad olunandan bu günə kimi 2-3 məzarlıq aşkarlanıb. Qarabağın hər qarışı erməni vandallığının ucbatından vətəndaşlarımızın qanı ilə suvarılıb. Buna görə o torpaqlar müqəddəsdir”.
Radə Qafarova vurğulayıb ki, Azərbaycan əlindəki faktlarla bütün dünyaya səs salmalıdır:
“Qoy, tanınsın kim kimdir. Azərbaycan həmişə haqlı olub. Biz heç kimin torpağına göz dikməmişik. Biz dəfələrlə ermənilərlə birgəyaşayışa razı olmuşuq, amma nəticələri hamı bilir. Nəticə toplu məzarlardır”.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbçiləri Xocalı rayonunun Fərrux kəndi ərazisində mövqelərdə qazıntı işləri apararkən insan meyitlərinin qalıqları aşkarlanıb. Qalıqlar Azərbaycanın birinci Qarabağ müharibəsində Fərrux kəndi və yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə şəhid olmuş vətəndaşlarına aiddir.
Xatırladaq ki, ötən il Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə İlham Əliyev erməni işğalı zamanı əsir və girov götürülənlərdən hələ də xəbər olmadığını xatırlatmışdı./report.az